“Azərbaycana idxal olunan “Kinder Surprise” yumurtalarında salmonella bakteriyası aşkarlanmayıb”.
“Qafqazinfo” xəbər verir ki, bunu AQTA sədri Qoşqar Təhməzli Milli Məclisdəki çıxışında bildirib.
O vurğulayıb ki, dünyada “Kinder” məhsullarının yığışdırılması ilə əlaqədar belə bir həyəcan təbili yoxdur: “Bununla bağlı həyəcan təbili yalnız “Kinder”in Belçikada istehsal olunan növləri ilə əlaqədardır. Çünki İtaliyanın “Ferrero” şirkətinin dünyanın bir sıra aparıcı ölkələrində onlarla istehsal müəssisələri var. Eyni zamanda bizim qonşu Rusiyada və Türkiyədə də onların istehsal müəssisələri var. Söhbət Belçikada müəyyən aralıqlarla istehsal olunan “Kinder”in 6 növündən gedir.
Həmin məhsulların da Böyük Britaniya, İrlandiya, Fransa, Almaniya və İsveçdə partiyaları gedib. İlk dəfə olaraq Böyük Britaniyada Belçikada o aralıqla istehsal olunmuş və saxlanma müddəti həmin aralıqları əhatə edən məhsulların tərkibində salmonella olması şübhəsi yaranıb. Amma təsdiqlər hələ ki, yoxdur. “Ferrero” şirkəti də bu riski dəyərləndirərək baş verə biləcək təhlükənin qarşısını almaq üçün özü təşəbbüs göstərib və adıçəkilən ölkələrdən, həmçinin də o ölkələrdən partiyaların göndərildiyi digər ölkələrdən geri çağırılmasını həyata keçirib”.
Qoşqar Təhməzli əlavə edib ki, bu məhsullardan Azərbaycana da bəzi partiyalar gəlib: "Həmin məhsullar idxal zamanı ekspertiza olunub və heç birinin tərkibində salmonella aşkarlanmayıb. İstər Səhiyyə Nazirliyi, istərsə də bizim quruma salmonella ilə bağlı heç bir təcili bildiriş vərəqəsi daxil olmayıb. Hazırda mağazalarda satılan məhsullar o partiyaya aid deyil. Bu o demək deyil ki, “Kinder” bütün partiyalarını geri çağırmalıdır. Yəni digər istehsal müəssisələrində və digər tarixlərdə istehsal olunan məhsullar satılmağa davam edə bilər. Eyni zamanda geri çağırılmış məhsullar da o demək deyil ki, təhlükəli məhsullardır. Bu məhsullar şirkətin ambarında yığıldıqdan sonra bizim tərəfimizdən təkrar ekspertizalar həyata keçiriləcək".
Eldar Tanrıverdi