AzTU-nun bu fakültəsinin ISO standartlarına uyğun qurulduğu açıqlandı

aztu-nun-bu-fakultesinin-iso-standartlarina-uygun-quruldugu-aciqlandi
Oxunma sayı: 285

Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsində tətbiq olunan ISO 21001:2018 “Təhsil təşkilatları – Təhsil təşkilatları üçün idarəetmə sistemləri – Tələblər və istifadəyə dair təlimat” və ISO 9001:2015 “Keyfiyyət menecmenti sistemləri – Tələblər” standartları üzrə xarici audit keçirib.

“Qafqazinfo” xəbər verir ki, auditi “STAREGISTER International Inc.” şirkətinin sertifikatlaşdırma müdiri Yeşim Dinçer və həmin şirkətin, eləcə də onun Azərbaycandakı təmsilçisi olan “INCERT” MMC-nin baş auditoru Rafiq Salayev aparıblar.

Auditdə müşahidəçi qismində Keyfiyyət Assosiasiyasının nümayəndələri də iştirak ediblər.

Auditin açılış iclasında iştirak edən AzTU-nun tədris məsələləri üzrə prorektoru Sübhan Namazov universitetdə ISO standartlarına keçidin əhəmiyyətindən danışıb. O, bu prosesin təhsil xidmətlərinin keyfiyyətini yüksəltmək baxımından mühüm addım olduğunu bildirib. Prorektor növbəti mərhələlərdə süni intellektin tədris prosesinə inteqrasiyası sahəsində də müvafiq standartların tətbiqinin vacib olduğunu vurğulayıb.

Gün ərzində auditorlar fakültənin idarəetmə sistemini, tədris prosesini, sənədləşmə standartlarını və daxili fəaliyyət mexanizmlərini qiymətləndiriblər. Universitetin müvafiq struktur bölmələri də auditdə iştirak edib.

Günün sonunda keçirilən bağlanış iclasında auditorlar görülən işləri yüksək qiymətləndiriblər. Yeşim Dinçer fakültədə tətbiq olunan idarəetmə proseslərinin ISO 21001:2018 və ISO 9001:2015 standartlarının tələblərinə uyğun olduğunu qeyd edib. O, auditin ilkin nəticələrinin müsbət olduğunu bildirib və xüsusilə fakültə üçün yaradılmış yeni saytın funksionallığını vurğulayıb.

Bağlanış iclasında iştirak edən AzTU-nun rektoru Vilayət Vəliyev bu prosesdə pilot struktur kimi Xüsusi texnika və texnologiya fakültəsinin seçilməsinin əhəmiyyətini qeyd edib. Rektor bildirib ki, standartların uğurlu tətbiqi fakültənin idarəetmə mədəniyyətinə və tədris keyfiyyətinə ciddi töhfə verir. O, növbəti mərhələdə ISO standartlarının universitetin digər strukturlarında da mərhələli şəkildə tətbiq oluna biləcəyini diqqətə çatdırıb.