“Azərbaycanlı azarkeşlər üçün üzüldüm” - Dambrauskas Yamaldan danışdı

azerbaycanli-azarkesler-ucun-uzuldum
Oxunma sayı: 677

“Azərbaycanlı azarkeşlər üçün üzüldüm, çünki onlar Lamin Yamalı görmək istəyərdilər”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Barselona” ilə Bakıda keçiriləcək qarşılaşmadan əvvəl təşkil olunan mətbuat konfransında deyib:

“O, dünya futbolunun ikonalarından biridir. Onu burada görmək yaxşı olardı. Gəncdir. Başa düşürəm ki, hər futbolçunun bütün oyunlarda meydana çıxması mümkün deyil. “Barselona”nın baş məşqçisi üçün bu, problem deyil. Çünki onun komandası superulduzlardan ibarətdir. Həm Çempionlar Liqasında, həm də İspaniya çempionatında eyni keyfiyyətdə çıxış edə biləcək çoxlu futbolçusu var. Biz əlimizdən gələni etmək istəyirik. Qarşımızda dünyanın ən yaxşı futbolçularını görəcəyik. Onların hər biri ayrı-ayrılıqda superulduzdur”.

Qeyd edək ki, “Sabah” – “Barselona” matçı sabah saat 21:45-də Bakı Olimpiya Stadionunda keçiriləcək.