Minlərlə xalqın yaşadığı dünyada təxminən iki yüzə qədəri müstəqil dövlətə sahibdir. Çox qürurverici bir hissdir ki, dünya xalqalrından biri olan azərbaycanlıların da müstəqil dövləti var.
Ancaq dövləti olmaq heç də, o demək deyil ki, həmin dövlətin mövcudluğuna hər hansı bir təhlükə yoxdur və ya olmayacaq. Təkcə ayrı-ayrı dövlətlərin deyil, həm də, dünyaya qan udduran imperiyaların mövcudluğuna son qoyulması halları dünya tarixində kifayət qədərdir. Müasir dövrdə də, dövlətlərin özlərini və müstəqilliklərini qorumaq üçün hansı çətinliklərdən keçdiklərinin şahidi olmaq çox asandır. Xüsusilə də, daim hadisələrin qaynar nöqtəsi olan, böyük güclərin maraqlarının kəskin olaraq toqquşduğu cənubi Qafqaz regionunda. Dahilərin təbirincə desək, müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir. Azərbaycan xalqı müstəqillik əldə etmək üçün hansı keşməkeşli və çətin yollardan keçibsə, o müstəqilliyi qoruyub saxlamaq üçün daha böyük qurbanlar verib. Çox təəssüflər olsun ki, həmişə xalq olaraq bizə qarşı böyük və məkrli planlar qurulub, doğma torpaqlarımıza hiyləgər gözlər dikilib və hər tərəfdən zərbələr vurulmağa çalışılıb. Bu cür planlar və zərbələr nəticəsində çox böyük itkilərə və zərərə məruz qalmış Azərbaycan yüzilliklər boyu ancaq kiçilib. Ən son və bəlkə də ən böyük itkini də Azərbaycana fitnəkar və hiyləgər ermənilər vasitəsilə yaşatmaq istədilər. Hətta otuz ilə yaxın buna nail ola bildilər. Ancaq Azərbaycan xalqı gördü ki, bununla kifayətlənməyənlər bu prosesi hələ davam etdirmək niyyətindədirlər. Və onu da anladıq ki, bu cür mənfi və məkrli prosesin dayandırılmasının yeganə yolu həm döyüş, həm siyasət və həm də diplomatiya meydanında ancaq hücum taktikasını seçmək lazımdır. Bunu kəşf edən və onu bacaran yeganə dövlət başçımız İlham Əliyev oldu ki, ölkəyə rəhbərlik etdiyi hər gün bizə qarşı qurulan məkrli planı pozmaq və o planın aləti olan erməniləri cəzalandırmaq üçün böyük əzmlə çalışdı. Apardığımız bu qanlı və canlı mübarizənin şanlı kulminasiyası məhz 44 günlük ikinci Qarabağ müharibəsi oldu ki, nəticələrinə görə 44 ilə bərabərdir. Bu müqəddəs 44 gündə biz düşmənə tarixboyu unuda bilməyəcəyi zərbəni vurmaqdan və itirdiyimiz əraziləri qaytarmaqdan daha böyük şeylər qazandıq. Müstəqil Azərbaycan ilk dəfə bütövləşdi və tamlaşdı. Regionumuzu da, ciddi və təhlükəli maraqların toqquşduğu bir platformadan, həmin maraqların ilk dəfə uzlaşdığı bir platformaya çevirməyi bacardıq. Azərbaycan xalqı dünyadakı minlərlə xalqdan müstəqil dövləti olan iki yüzünə qədərindən biri olmaqla yanaşı həm də, barmaqla sayıla biləcək qalib xalq statusuna sahibləndi. Artıq bizim həm də, halal və yalnız bizə aid olan qələbəmizi və zəfərimizi təmtəraqlı parad şəklində keçirmək haqqımız var idi. Bu şanlı tarixi canlı olaraq yaşamaq hər xalqa və hər dövlətə qismət olmadığı kimi, hər nəslə və hər vətəndaşa heç qismət olmur!
10 dekabr 2020-ci il dövlətimizin və xalqımızın tarixinə qızıl hərflərlə yazılacaq ən şanlı tarixlərdən biridir! Həmin tarixdə səsi dünyanın hər yerində eşidiləcək, özü isə dünyanın hər nöqtəsində görünəcək ilk və hələ ki, yeganə Zəfər paradımız baş tutdu. Elə bir parad ki, gurultusu erməni vandallarının və onların dəstəkçilərinin qulaqlarını kar, əzəməti isə gözlərini kor edirdi. Bütün dünyanı deyə bilməsək də, dünyadakı bütün ermənilərin və onlarpərəstlərin gözlərinin Bakıdakı Azadlıq meydanında parlaqlığı ilə göz oxşayan silah və texnikamızın fonunda miskin görünən sınmış və sönmüş hərbi qənimətlərin üzərində olduğunu əminliklə deyə bilərik.
Artıq həm rəsmi, həm də qeyri-rəsmi Azərbaycan dövlətinə və xalqına qarşı bütün dünyada münasibət dəyişdi. Qaliblər mühakimə edilmədiyi kimi, qalib xalqlar da ittiham edilmir, onlara yalnız möhtərəmlik münasibəti göstərilir! Hətta qardaşın da sənə qalib olanda daha böyük hörmət və ehtiram bəsləyir. Birinci Qarabağ müharibəsində iki vertalyotu bizə vermədiyinə görə ittiham etdiyimiz qardaş Türkiyə, ikinci Qarabağ müharibəsindəki qələbəli günlərimizdə dünyanı vahiməyə salan F-16-ları ilə hər an yanımızda döyüşə hazır idi. Dünya siyasətində məntiqli, praqmatik və kəskin mövqeyi ilə dərin iz buraxan Türkiyə lideri Ərdoğan da ailəsi ilə birlikdə Zəfər paradımızda müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə çiyin-çiyinə dayanırdı. Bu Zəfər paradı və oradakı əzəmətli görüntülər ondan sonra keçən bir ildə baş verən hadisələrdən də göründüyü kimi, hələ çox böyük tarixi və möhtəşəm hadisələrə səbəb olacaq.
Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov