Azərbaycan Universitetində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əfzələddin Xaqani Şirvaninin həyat və yaradılığına həsr olunan “Xaqani Şirvani – 900: 9 əsrin Xaqanı” adlı tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirin məqsədi böyük şairin zəngin ədəbi-fəlsəfi irsinin təbliği, onun Azərbaycan klassik ədəbiyyatının inkişafındakı rolunun işıqlandırılması, həmçinin gənc nəsildə klassik ədəbi irsə marağın artırılması olub.
Tədbirin açılışında Xaqani Şirvaninin Azərbaycan və ümumilikdə Şərq ədəbiyyatındakı mövqeyi, onun zəngin poetik və fəlsəfi irsi, yaradıcılığının ideya-bədii xüsusiyyətləri haqqında məlumat verilib. Qeyd olunub ki, Xaqani Şirvaninin əsərləri əsrlər boyu öz bədii-estetik dəyərini qoruyaraq Azərbaycan mədəniyyətinin və ədəbi fikir tarixinin zənginləşməsində mühüm rol oynayıb.
Tədbirin bədii hissəsində isə tələbələr tərəfindən Xaqani Şirvaninin yaradıcılığına həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş olunub.
Qeyd edək ki, tədbir Azərbaycan Prezidentinin Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına əsasən təşkil edilib.





Son xəbərlər
Son Xəbərlər