Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub - Foto

azerbaycan-filmi-haaqa-beynelxalq-film-festivalinin-qalibi-olub
Oxunma sayı: 1630

Azərbaycan filmi 2026-cı il Haaqa Beynəlxalq Film Festivalının qalibi elan olunub.

“Qafqazinfo” xəbər verir ki, “Ədibin Evi” və ASAN TV-nin birgə istehsalı olan “Zəfər rəqsi” qısametrajlı bədii filmi festivalın əsas nominasiyası – “Qlobal sülh, harmoniya, insan hüquqları” üzrə qalib seçilib.

Festivalın 13 nəfərdən ibarət münsiflər heyəti ilin əvvəlindən etibarən müsabiqəyə təqdim olunan 503 filmi nəzərdən keçirib. Nəticədə noyabrın 13-15-də Haaqada keçirilən beynəlxalq kino platformasının proqramına 23 ölkədən 63 film daxil edilib.

Bu filmlər arasından dörd ekran əsəri – Azərbaycanın “Zəfər rəqsi”, Monteneqronun “Obraz/The Tower of Strength”, Fələstin və Portuqaliyanın birgə istehsalı olan “Free Fish” və Böyük Britaniyanın “Bystander” filmləri baş nominasiyada qalib olmaq uğrunda mübarizə aparıb.

Mükafatlandırma mərasimində açıqlanan münsiflər heyətinin rəyinə əsasən, “Zəfər rəqsi” filmi yüksək estetikası, aktyorların peşəkar oyunu və təsirli hekayəsi ilə fərqlənərək yekdilliklə qalib seçilib.

Mükafatı qəbul edən “Ədibin Evi”nin icraçı direktoru, filmin yaradıcılarından biri Şəfəq Mehrəliyeva Beynəlxalq Ədalət Məhkəməsinin baş qərargahına ev sahibliyi edən, “Sülh və Ədalət Şəhəri” kimi tanınan Haaqada filmin nümayişinin yaradıcı heyət üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

“Qısa bədii film vasitəsilə də olsa, bəşəriyyəti münaqişələrin həllində beynəlxalq hüququ və humanizmi hər şeydən üstün tutmağa bir daha çağırırıq”, – deyə Şəfəq Mehrəliyeva bildirib.

O, çıxışında Azərbaycan kinosunun, demək olar ki, dünya kinosu ilə həmyaşıd olduğunu da qeyd edib, münsiflər heyətinə və tamaşaçılara Azərbaycan kinosuna göstərdikləri yüksək diqqət və dəyərə görə təşəkkürünü çatdırıb.

Mükafatlandırma mərasimində festivalda iştirak edən ölkələrin diplomatik korpusunu Azərbaycanın Niderland Krallığındakı səfiri Anar Əcəmov təmsil edib.

Qeyd edək ki, “Zəfər rəqsi” (“The Dance of Triumph”) qısametrajlı bədii filmi Mir Cəlal adına Hekayə Müsabiqəsinin qalibi olmuş Yaşar Bünyadın “Heyvagülü” hekayəsinin motivləri əsasında çəkilib. “Balakhani Operating Company LTD” hasilat şirkətinin dəstəyi ilə ərsəyə gələn filmin rejissoru Gəray Həsəndir. Baş rolları Azər Aydəmir, Günay Əhməd, Nurlan Mürsəlzadə və Niyaz İlyasoğlu ifa ediblər. Filmin bəzi səhnələrində hasilat şirkətində çalışan qazilər də rol alıblar.

Haaqada qazandığı mükafatla “Zəfər rəqsi” filmi builki festival mövsümündə yeddinci beynəlxalq uğuruna imza atıb. 2026-cı ildə ekran əsəri Hindistan, İsveç, Rusiya, Türkiyə, Almaniya, Kanada və Bolqarıstanda keçirilən beynəlxalq film festivallarında münsiflər heyətinin rəğbətini qazanıb.