“Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə”

azerbaycan-boyuk-britaniya-elaqeleri-coxsaxeli-siyasi-strateji-mustevide
Oxunma sayı: 720

“Milli maraqlara, ədalətə və beynəlxalq hüquqa əsaslanan xarici siyasət kursu müstəqil Azərbaycanın beynəlxalq münasibətlər sistemində  mövqelərini möhkəmləndirir,  regional proseslərdə rolunu artırır və qlobal miqyasda etibarlı tərəfdaş kimi nüfuz qazanmasını şərtləndirir. Azərbaycan bütün dövlətlərlə münasibətlərini beynəlxalq hüququn norma və prinsipləri, bərabərhüquqluluq, qarşılıqlı hörmət və maraqlar əsasında qurur”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.

“Tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının yaratdığı yeni reallıqlar fonunda Azərbaycanın ayrı-ayrı dövlətlərlə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri yüksələn xətlə inkişaf edir, etibarlı tərəfdaş kimi mövqeyi daha da möhkəmlənir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, iqtisadi müstəqilliyimiz beynəlxalq arenada siyasi mövqeyimizin möhkəmlənməsini şərtləndirən əsas amillərdəndir. Azərbaycanın enerji diplomatiyasının uğurları fonunda bu tərəfdaşlığın inkişafı daha aydın görünür. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ölkələri, xalqları birləşdirir. Hazırkı dövrün əsas çağırışı olan yaşıl enerjiyə keçid prosesinin sürətlənməsi, Azərbaycanla bu sahədə əməkdaşlıqda maraqlı olan ölkələrin, transmilli şirkətlərin sayının artması günümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Prezident İlham Əliyevin istər xarici ölkələrə, istərsə də bu və ya digər ölkələrin dövlət başçılarının Azərbaycana səfərlərinə diqqət yetirsək bu səfərlər zamanı müxtəlif sahələri, o cümlədən enerji sektorunu əhatə edən sənədlərin imzalandığını aydın görərik. Münasibətlərdə  hüquqi baza rolunu oynayan bu sənədlər gələcək əlaqələrin  ümumi mənzərəsini təqdim edir”, - deyə əlavə edib.

Milli Məclisin deputatı bu məqamı da xüsusi vurğulayıb ki, müxtəlif geosiyasi mərkəzlərlə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin əsas prioritet istiqamətlərindəndir. Son dövrlərdə ABŞ, Çin və digər nüfuzlu dövlətlərlə strateji tərəfdaşlıq münasibətlərinin rəsmiləşdirilməsi bu siyasətin konkret nəticələridir. Bu baxımdan noyabrın 13-də Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və  Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının  Baş naziri Endi Börnhemin imzaladıqları Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycanın xarici siyasət uğurlarının növbəti mühüm göstəricisidir. Bu sənəd Azərbaycan  ilə Böyük Britaniya  arasında ikitərəfli münasibətlərin rəsmən yeni mərhələyə yüksəldiyini təsdiqləyir. Sənəd tərəflər arasında otuz ildən artıq davam edən enerji və iqtisadi əməkdaşlığı təhlükəsizlik, rəqəmsal transformasiya və regional bağlantıları əhatə edən çoxşaxəli siyasi-strateji müstəviyə keçirir. Böyük Britaniya Azərbaycan iqtisadiyyatına iri həcmdə sərmayə yatıran əsas tərəfdaşlardan biridir. Böyük Britaniya ilə imzalanan sənəd yalnız ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, Azərbaycanın beynəlxalq tərəfdaşlıq sistemində mövqeyinin güclənməsi nöqteyi-nəzərindən də xüsusi əhəmiyyət daşıyır. Belə ki, Azərbaycan son illərdə dünyanın aparıcı siyasi və iqtisadi güc mərkəzləri ilə münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməklə beynəlxalq əməkdaşlıq coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirib. 2025-ci il aprelin 23-də Çin ilə Hərtərəfli Strateji Tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyanatın imzalanması, 2026-cı il fevralın 10-da isə ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyasının qəbul edilməsi bu baxımdan xüsusi qeyd olunmalıdır. Növbəti addım olaraq Böyük Britaniya ilə də strateji tərəfdaşlığın rəsmiləşdirilməsi Azərbaycanın həm Qərb, həm də Şərq istiqamətində etibarlı və qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurduğunu təsdiqləyir. Prezident İlham Əliyevin Böyük Britaniyanın Baş naziri ilə görüşündə də qeyd olunduğu kimi, Birgə Bəyannamənin qəbulundan əvvəl də iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyıb.

Bu məqam sənədin mahiyyətini daha aydın ifadə edir. Belə ki, burada söhbət yalnız diplomatik münasibətlərin yeni status almasından deyil, uzun illər ərzində formalaşmış əməkdaşlığın yeni dövrün çağırışlarına uyğun şəkildə genişləndirilməsindən gedir. Birgə Bəyannamə qarşılıqlı hörmət, ortaq maraqlar və praktiki əməkdaşlıq prinsiplərini əsas götürərək, tərəflərin gələcək fəaliyyət istiqamətlərini konkretləşdirir. Ötən dövr ərzində siyasi dialoq, enerji, iqtisadiyyat və investisiya sahələrində formalaşan əməkdaşlıq qarşılıqlı etimadın möhkəmlənməsinə şərait yaradıb. Dublin görüşündə qəbul edilən yeni sənəd isə bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsini rəsmiləşdirərək, əməkdaşlığın gələcək inkişafı üçün daha geniş çərçivə müəyyənləşdirir.

Vüqar Rəhimzadə qeyd edib ki, sənədin diqqətçəkən məqamlarından biri onun üç əsas istiqaməti əhatə etməsidir: müdafiə və təhlükəsizlik, ticarət, investisiya və iqtisadi artım, eləcə də təhsil və innovasiya. Bu yanaşma göstərir ki, Azərbaycan-Böyük Britaniya tərəfdaşlığı artıq ənənəvi əməkdaşlıq sahələri ilə məhdudlaşmır, təhlükəsizlikdən texnologiyaya, iqtisadi inkişafdan insan kapitalına qədər geniş spektri əhatə edir. Eyni zamanda, bu istiqamətlərin vahid sənəddə birləşdirilməsi tərəfdaşlığın kompleks və uzunmüddətli xarakterini nümayiş etdirir.  Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi müasir beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər və yeni təhlükəsizlik çağırışları fonunda xüsusi aktuallıq kəsb edir. Bəyannamənin digər mühüm istiqaməti ticarət, investisiya və iqtisadi artımla bağlıdır. Bu sahədə əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin iqtisadi potensialından daha səmərəli istifadə olunmasına, yeni investisiya imkanlarının yaradılmasına və biznes əlaqələrinin inkişafına şərait yaradacaq. Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşündə  ölkələrimiz arasında enerji sahəsində 30 ildən artıq davam edən uğurlu əməkdaşlığa toxunaraq, Böyük Britaniyanın Azərbaycanda Avropanın ən böyük investoru olduğunu vurğuladı. Hazırda bərpaolunan enerji, yüksək texnologiyalar, süni intellekt sahələrində də əməkdaşlıq üçün geniş imkanların olduğu bildirildi.

Sözügedən sənəddə bərpaolunan enerji, infrastruktur, xidmətlər, yaşıl maliyyələşdirmə, aşağıkarbonlu texnologiyalar və maliyyə bazarları üzrə əməkdaşlığın inkişafı nəzərdə tutulur. Bu, Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və yaşıl enerji potensialının reallaşdırılması strategiyası ilə uzlaşır. Xüsusilə bərpaolunan enerji sahəsində Britaniya şirkətlərinin təcrübəsi və investisiya imkanları ölkəmiz üçün yeni layihələrin həyata keçirilməsi baxımından əhəmiyyətli perspektivlər yaradır. Sənəddə Orta Dəhlizin inkişafına xüsusi yer ayrılması da diqqətəlayiqdir. Qlobal ticarət və nəqliyyat marşrutlarının dəyişdiyi, beynəlxalq təchizat zəncirlərinin dayanıqlılığının mühüm əhəmiyyət qazandığı bir dövrdə Azərbaycanın tranzit və logistika imkanları Avropa üçün əlavə strateji dəyər yaradır. Bu baxımdan Birgə Bəyannamədə həmin marşrutun ayrıca qeyd olunması iqtisadi əməkdaşlığın regional və beynəlxalq bağlantılarla birbaşa əlaqələndirildiyini göstərir. Tərəfdaşlığın üçüncü istiqaməti olan təhsil və innovasiya sahəsi isə gələcəyə hesablanmış əməkdaşlıq modelinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Vüqar Rəhimzadə qeyd edib ki, Birgə Bəyannamənin mühüm siyasi məqamlarından biri də beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətin bir daha təsdiqlənməsidir. Sənəddə 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmaların əhəmiyyətinin vurğulanması və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımların alqışlanması Cənubi Qafqazda davamlı sülhün təmin edilməsinə verilən diqqəti göstərir. Böyük Britaniyanın regionda davamlı sülhə ikitərəfli dialoq yolu ilə nail olunmasına dəstəyini ifadə etməsi də bu kontekstdə əhəmiyyətlidir. Çünki Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi təkcə region ölkələri üçün deyil, Avropa ilə Asiya arasında iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı baxımından da vacibdir.

Millət vəkili ümumiləşdirilmiş şəkildə bildirib ki, Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ölkəmizin çoxşaxəli xarici siyasətinin növbəti mühüm nəticəsidir. ABŞ, Çin və Böyük Britaniya kimi beynəlxalq siyasi və iqtisadi sistemdə mühüm mövqeyə malik dövlətlərlə strateji tərəfdaşlıq sənədlərinin imzalanması Azərbaycanın müxtəlif güc mərkəzləri ilə qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurmaq imkanlarını nümayiş etdirir. Birgə Bəyannamə Bakı və London arasındakı ənənəvi neft-qaz əməkdaşlığını yeni dövrünün çağırışlarına uyğunlaşdırır. Müdafiə sənayesi, yaşıl enerji, süni intellekt və Orta Dəhliz üzrə nəzərdə tutulan addımlar Azərbaycanın Qərb tərəfdaşları ilə siyasi-iqtisadi inteqrasiyasını dərinləşdirir və regionun təhlükəsizlik arxitekturasında yeni əməkdaşlıq formatı yaradır. Yeni sənəd 1994-cü ildə imzalanmış Dostluq və əməkdaşlıq haqqında Birgə Bəyannamənin və 1998-ci ildə Dostluq münasibətləri və tərəfdaşlıq haqqında Birgə Bəyannamənin məntiqi davamıdır.