Çinin Hangzhou şəhərində yerləşən zooparkda saxlanılan Malay ayılarının gerçək olub-olmaması insanlarda sual yaradıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, buna səbəb ayıların ayaq üstə dayanan insanlara bənzəməsidir. Sosial media istifadəçiləri ayının ayaqlarının və qamətinin düz formada olmasından şübhələniblər.
Sosial şəbəkələrdə yayılan videodan Malayziyadan gətirilən ayının (Malay ayısı) ayaqları üstə dayanaraq onu ziyarət edən insanlara baxdığını görmək mümkündür. Bundan başqa, ayının aşağı bel nahiyəsində dərisinin qırışmış olması digər heyvanlarda müşahidə edilmədiyinə görə bunun ayı kostyumu olması barədə şübhələr yaradıb.
Zoopark nümayəndələri isə insanların şübhəsini onların bu növ ayılar barədə məlumatsız olmaları ilə əlaqələndiriblər. Belə ki, boyları 1,5 metrədək olan və kənardan böyük itləri xatırladan Malay ayıları ayı fəsiləsinin ən kiçik növüdür.
Qeyd edək ki, Çindəki bəzi zooparklar daha əvvəl də ev heyvanlarını vəhşi heyvan kimi təqdim etdiklərinə görə ictimai qınağa məruz qalmışdılar. Belə ki, 2013-cü ildə Henan əyalətinin mərkəzindəki şəhər zooparkının Tibet mastiff cinsindən olan iti ziyarətçilərə şir kimi təqdim etməsi ziyarətçiləri qəzəbləndirmişdi. Qəfəsə yaxınlaşan qonaqlar “şir”in hürməsini eşidəndə təəccüblərini gizlədə bilməyiblər. Siçuan əyalətindəki başqa bir Çin zooparkına gələnlər isə, Afrika aslanının yuvası kimi etiketlənmiş qəfəsdə oturan “Qızıl retriever” cinsinə aid itlə qarşılaşıblar.
Son xəbərlər
Son Xəbərlər