Avropa Parlamentinin (AP) Xarici Əlaqələr Komitəsində (AFET) Azərbaycan–Avropa İttifaqı (Aİ) və Ermənistan–Avropa İttifaqı münasibətlərinə dair təqdim olunmuş tövsiyə layihələri Brüsselin Cənubi Qafqaz siyasətindəki köhnəlmiş və qərəzli yanaşmaları yenidən üzə çıxarıb. Dan Barnanın Azərbaycan, Miriam Lexmannın isə Ermənistan üzrə hazırladığı layihələr regionun postmünaqişə reallıqlarından tamamilə uzaq, birtərəfli siyasi konyunkturaya xidmət edən sənədlərdir.
“Avropa Parlamenti rüşvətxorlar yuvasıdır”
Azərbaycan Avropa Parlamentinin bu ardıcıl təzyiq cəhdlərini və mənəvi devalvasiyasını dəfələrlə ən yüksək səviyyədə bəyan edib. Prezident İlham Əliyev bu ilin sentyabr ayında Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edərkən qurumun iç üzünü və riyakar mahiyyətini sərt şəkildə ifşa edib:
“Avropa Parlamenti rüşvətxorlar yuvasıdır. Bunu mən tam məsuliyyətlə deyirəm - rüşvətxorlar yuvasıdır Avropa Parlamenti. Onun vitse-prezidentinin evindən çamadanlarla dolu milyonlarla dollar çıxdı, hamısını ört-basdır etdilər. Elə bil olmayıb bu. Onun adı bəllidir, o, Yunanıstandan olan bir xanım deputatdır. Neçə il keçib onun üstündən? Bir ölçü götürülüb ona qarşı? Yox! Məsuliyyətə cəlb edilib? Yox! Sərbəst buraxılıb. Avropa Parlamenti bax, bu islamofoblardan ibarətdir və bu da daim diqqət mərkəzində olmalıdır”.
Dövlət başçısının bu sözləri Avropa Parlamentinin “əxlaq dərsi” keçmək iddialarının əslində korrupsiya qalmaqalları, sistemli islamofobiya və siyasi alqı-satqı bataqlığına qərq olduğunu açıq şəkildə nümayiş etdirir. Öz daxilindəki transmilli korrupsiya faktlarını ört-basdır edən bir təşkilatın Azərbaycana qarşı iddialar irəli sürməsi ən adi mənəvi-hüquqi prinsiplərlə bir araya sığmır.

Məruzəçinin təmasları: araşdırma deyil, siyasi sifariş
Dan Barnanın hazırladığı layihənin əlavəsində (Annex) yer alan rəsmi məlumatlar sənədin hansı mənbələrdən qaynaqlandığını aşkara çıxarır. Məruzəçinin sənədi tərtib edərkən Ermənistanın Aİ yanındakı diplomatik nümayəndəliyi və xaricdə fəaliyyət göstərən anti-Azərbaycan mühacir qruplaşması (ASİMKOM) ilə rəsmi məsləhətləşmələr apardığı sənədləşdirilib.
Birbaşa maraqlı tərəf olan Ermənistan diplomatiyasının və ölkəmizə qarşı radikal təbliğat aparan şəbəkələrin rəylərinin əsas götürülməsi bu tövsiyələrin müstəqil monitorinq deyil, koordinasiyalı siyasi sifariş olduğunu sübut edir. Bundan başqa, sənəddə Azərbaycan dövlətinə qarşı əsassız tənqid və hətta söyüşlə çıxış edən bu şəxslərə maliyyə və siyasi dəstəyin artırılması, onların Aİ ərazisində xüsusi qorunmaya götürülməsi çağırışları göstərir ki, Avropa Parlamentindəki dairələr xarici təsirlər altındakı marginal qruplardan bundan sonra da Azərbaycana qarşı təzyiq aləti kimi istifadə etmək istəyirlər.
Sülhə mane olan köhnə ritorika və revanşizmə dəstək
İkinci Qarabağ müharibəsindən bu günədək Avropa Parlamenti Azərbaycana qarşı 15-dən çox təhqiramiz və qərəzli sənəd qəbul edib.
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə əsas bəndlərin razılaşdırıldığı, delimitasiya prosesinin irəlilədiyi bir vaxtda AP-nin yenidən arxaik münaqişə ritorikasına - “Dağlıq Qarabağ” ifadəsinə və keçmiş separatçı rejimə dair iddialara qayıtması Cənubi Qafqazda davamlı sülhü sabotaj etmək cəhdidir.
Bundan əlavə, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların çıxarılması tələbini avropalı deputatların “sülhə maneə” kimi təqdim etməsi İrəvandakı revanşist qüvvələrə açıq siyasi dəstəkdir. Hüquqi bazası qonşu dövlətin ərazisinə iddia edən heç bir sənəd dayanıqlı sülh gətirə bilməz; rəsmi Bakının beynəlxalq hüquqa söykənən bu haqlı tələbini təhrif etmək bölgədə yeni münaqişə ocaqları saxlamaq niyyətindən başqa bir şey deyil.

Sanksiya şantajı və Avropanın reallıqları
30 il ərzində Azərbaycan torpaqlarının işğalı zamanı işğalçı Ermənistanın cəzalandırılmasını tələb etməyən, bir milyona yaxın azərbaycanlının hüquqlarının tapdanmasına göz yuman AP-nin Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra mütəmadi olaraq “hədəfli sanksiyalar” çağırışı etməsi riyakarlığın bariz nümunəsidir.
Bu sanksiya təhdidləri tamamilə reallıqdan uzaq siyasi şantajdır. Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycan qazının rolu və Şərq-Qərb nəqliyyat əlaqələri (Orta Dəhliz) fonunda bu hədələr mənasız görünür və Avropanın öz maraqlarına zərbə vurur. 2025-ci ildə Aİ məkanına 12,5 milyard kubmetrdən çox Azərbaycan qazının ixrac edilməsi və strateji tərəfdaşlığın davam etməsi Brüsseldəki icraedici qurumların bu reallığı yaxşı dərk etdiyini göstərir.
Lexmann hesabatı və Ermənistandakı susqunluq
Avropa Parlamentinin ikili standartları paralel hazırlanan sənədlərdə açıq şəkildə özünü büruzə verir. Miriam Lexmannın Ermənistanla bağlı hesabatında İrəvandakı siyasi motivli həbslər, müxalifət liderlərinə, ictimai fəallara və din xadimlərinə qarşı repressiyalar tamamilə görünmür. Halbuki beynəlxalq insan haqlarının müdafiəsi təşkilatları bu həbslər barədə dəfələrlə həyəcan təbili çalıblar.

Əvəzində, Azərbaycanda konkret cinayət əməllərinə, maliyyə pozuntularına və ya adi hüquqpozmalara görə məsuliyyətə cəlb olunanlar “siyasi məhbus” kimi qələmə verilir. Həmçinin hərbi cinayətlərə və terrorçuluğa görə məhkum edilmiş keçmiş qondarma rejimin rəhbərlərinin “azad edilməsi” tələbi beynəlxalq humanitar hüquqa və ədalət mühakiməsinə açıq hörmətsizlikdir. Hərbi cinayətkarları beynəlxalq təşkilat tribunalarından müdafiə etmək hüquq normasının siyasi maraqlara qurban verilməsidir.
Avropa Parlamentinin heç bir hüquqi qüvvəsi olmayan bu sənədləri Azərbaycanın müstəqil siyasətinə və suveren qərarlarına əsla təsir edə bilməz. Əksinə, rüşvət qalmaqalları və islamofobiya ilə zədələnmiş bu cür qurumların qərəzli hesabatları Avropa Parlamentinin özünü Cənubi Qafqazdakı tarixi sülh prosesindən kənarda qoymasına və onu regionda etibarsız siyasi alətə çevirməsinə xidmət edir.
Prezident İlham Əliyevin dediyi kimi, qəbul edilən bu cür qətnamələr Azərbaycan üçün heç bir əhəmiyyəti olmayan “adi kağız parçası”dır.