Avropa Komissiyası vəba ilə bağlı Rusiyadan hesabat tələb edib

avropa-komissiyasi-veba-ile-bagli-rusiyadan-hesabat-teleb-edib
Oxunma sayı: 313

Avropa Komissiyası Sibirdə qeydə alınan vəba infeksiyası ilə bağlı Rusiyaya təzyiqləri artıraraq rəsmi Moskvadan tam və şəffaf məlumat tələb edib.

“Qafqazinfo” “Euronews” telekanalına istinadən xəbər verir ki, Brüssel bu məsələdə ABŞ və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) şəffaflıq çağırışlarına dəstək verib.

Avropa Komissiyasının səhiyyə məsələləri üzrə mətbuat katibi Eva Hrnçirova keçirdiyi brifinqdə vəziyyətin ciddiliyini vurğulayıb:

“Artıq bir həftə ərzində üçüncü dəfədir ki, Rusiyaya vəba hadisəsi ilə bağlı mümkün qədər tez məlumat verməsi üçün çağırış edirik. Epidemioloji vəziyyəti və digər ölkələr üçün mövcud riskləri qiymətləndirmək, lazımi qabaqlayıcı tədbirlər görmək üçün əlimizdə kifayət qədər etibarlı data yoxdur”.

Bəyanat Avropa Komissiyasının Avropa İttifaqı Səhiyyə Təhlükəsizliyi Komitəsinin növbədənkənar iclasını çağırdığı gün səslənib. İclasda Aİ-yə üzv 27 dövlətin, Xəstəliklərin Profilaktikası və Nəzarəti üzrə Avropa Mərkəzinin (ECDC) və ÜST-ün nümayəndələri iştirak ediblər.

Lakin Rusiyadan daxil olan məlumatların qeyri-müəyyən və etibarsız olması səbəbindən iclas konkret qərar qəbul edilmədən yekunlaşıb. Avropa Komissiyası yeni faktlar ortaya çıxacağı və ya vəziyyət pisləşəcəyi təqdirdə komitəni qısa müddətdə yenidən toplamağa hazır olduğunu bəyan edib.