Argentina ordusunu “terror təşkilatı” elan etdilər

argentina-ordusunu-terror-teskilati-elan-etdiler
Oxunma sayı: 1627

İran və Argentina arasında diplomatik gərginlik pik həddə çatıb. Tehran administrasiyası Argentina Prezidenti Xavyer Mileyin hökumətinə cavab olaraq bu ölkənin hərbi hava qüvvələri və donanmasını “terror təşkilatı” siyahısına saldığını açıqlayıb.

“Qafqazinfo”nun məlumatına görə, İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, bu addım qarşılıqlılıq prinsipi çərçivəsində və 2019-cu ildə qəbul edilmiş müvafiq qanuna əsasən atılıb.

Qərara Argentina Ordusu daxil edilməyib, yalnız dəniz və hava qüvvələri hədəf alınıb.

Tehran administrasiyası vurğulayıb ki, Buenos-Ayresin ABŞ-nin mövqeyini dəstəkləyərək İran İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terrorçu elan etməsi beynəlxalq hüququn fundamental prinsiplərinə ziddir. İran tərəfi qərardan irəli gələcək bütün cavabdehliyin və nəticələrin birbaşa Argentina hökumətinin üzərinə düşəcəyi ilə bağlı sərt xəbərdarlıq edib.

Qeyd edək ki, Argentina 31 mart 2026-cı ildə İran İnqilab Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına əlavə edərək ona qarşı maliyyə sanksiyaları və fəaliyyət məhdudiyyətləri tətbiq etmişdi. Buenos-Ayres bu addımı İranın “Hizbullah”a dəstəyi, həmçinin 1992-ci ildə İsrail səfirliyinə və 1994-cü ildə 85 nəfərin ölümü ilə nəticələnən AMIA Yəhudi İcma Mərkəzinə edilən terror hücumlarında Tehranın əli olması iddiaları ilə əsaslandırmışdı.

Xatırladaq ki, Tehran hökuməti noyabr ayının əvvəlində analoji addımı Böyük Britaniyaya qarşı da atmış, Britaniya Kral Dəniz və Hərbi Hava Qüvvələrini terror təşkilatı, MI6 kəşfiyyat xidmətini isə düşmən qurum elan etmişdi.