Ana vəfat edib, amma öldüyünü sübut edə bilmirlər. Bu qəribə hadisə Şəki rayonunda baş verib.
“Qafqazinfo” “Real TV”yə istinadən xəbər verir ki, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan görüntülərdəki Taleh Rəsulov vəfat edən şəxsin oğludur.
Onun sözlərinə görə, anası, Şəki rayon Suçma kənd sakini Gülzar Rəsulova bu il yanvarın 17-də Bakıya toya gedərkən yolda ölüb.
Belə ki, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılana qədər qadının ölüm faktı qeydə alınıb. Ailəsi onu dəfn etmək üçün Şəkiyə gətirib. Ancaq aradan xeyli vaxt keçməsinə baxmayaraq, hələ də ölüm haqqında tibbi sənəd verilmir.
Taleh Rəsulov deyir ki, o vaxtdan faktla bağlı bir neçə quruma müraciət edib, amma heç bir nəticəsi olmayıb:
“Bugünkü gündə bank da mənə zəng vurur. Deyirəm rəhmətə gedib. Deyir ki, rəhmətə gedib, kağız gətir, ölüm kağızını gətir. Ölüm kağızı da yoxdur, verilmir. Hara gedirəm mümkün deyil. Deyir ölüm faktı təsdiqlənməyib. İndi təsdiqlənmədiyi üçün bu adama ölüm kağızı verilməyəcək?”
Maraqlıdır, cənazə xəstəxanada ailəyə təhvil verilirsə, nəyə görə tibbi sənəd təqdim olunmayıb? Ölümün rəsmiləşdirilməsi üçün hansı prosedur maneə yaradıb?
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən bildirilib ki, 1959-cu il təvəllüdlü qadın Sabunçu Tibb Mərkəzinə gətirilənə qədər ölüm faktı qeydə alınıb. Sonra həkimlər tərəfindən mərhumun Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılması təklif olunsa da, ailə üzvləri bundan imtina edib. Mərhumun ölüm səbəbi bilinmədiyindən müvafiq sənədin də verilməsi mümkün olmur.
Belə halla qarşılaşmamaq üçün vətəndaşlar xüsusi məqamlara diqqət etməlidir. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə xəbərdarlıq vərəqəsi və ya tibbi sənədlər əsasında vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir:
- Hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı;
- İnfeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda;
- Tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında;
- Zorakı ölümə şübhə olduğu hallarda;
- Ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda;
- Ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda.
Şəhadətnamənin verilməsi üçün patoloji-anatomik yarmanın aparılması məcburi hesab olunur. Lakin vəfat edən şəxsin ailə üzvlərinin buna etiraz etmələri, habelə patoloji-anatomik yarma aparılmadan vəfat edən şəxsin dəfn olunması ölümün nədən baş verməsinin müəyyən olunmasını çətinləşdirir və əksər hallarda şəhadətnamənin verilməsini qeyri-mümkün edir.
Gülzar Rəsulovanın ailəsinin onun ölümü ilə bağlı sənəd ala bilməməsi məsələsinə gəlincə, mərhumun yaxınlarının məhkəməyə müraciət etməkdən başqa çarəsi yoxdur. Yalnız məhkəmə prosedurları ilə ölüm kağızını əldə etmək mümkün ola bilər.
Son xəbərlər
Son Xəbərlər