Almaniyada 87 min insan küçələrə axışdı - Polislə toqquşmalar yaşandı - Fotolar

almaniyada-87-min-insan-kucelere-axisdi
Oxunma sayı: 1114

Almaniyanın bir sıra şəhərlərində hökumətin məcburi hərbi xidmət planlarına, sosial xərclərin azaldılmasına, eləcə də, miqrasiya və iqlim siyasətinə qarşı kütləvi etiraz aksiyaları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Gen Z regelt” gənclər təşəbbüsünün çağırışı ilə baş tutan nümayişlər zamanı polislə etirazçılar arasında qarşıdurma yaranıb.

Təşkilatçıların açıqlamasına əsasən, ölkə üzrə aksiyalara ümumilikdə 87 minə yaxın insan qatılıb.

Almaniya mətbuatının yazdığına görə, təxminən 2500 nəfərin iştirak etdiyi Leypsiq aksiyasından sonra bir qrup etirazçı zibil qutularını yola aşıraraq polisə pirotexniki vasitələr atıb. Asayiş keşikçiləri izdihamı dağıtmaq üçün təzyiqli sudan istifadə edib, bir çox şəxs saxlanılıb.

4 min nəfərin qatıldığı Hamburq nümayişində də gərginlik yaşanıb. Etirazçıların polisə məşəl, butulka və pirotexniki vasitələr atmasından sonra təhlükəsizlik qüvvələri aksiyaya müdaxilə edərək çox sayda iştirakçını saxlayıb.

Paytaxt Berlində təxminən 300 nəfər Kansler Fridrix Mertsin istefası tələbi ilə yürüş keçirib. Kottbusser Tor metrostansiyasından başlayan aksiyada hökumətin hərbi çağırış planları tənqid olunub.

Ölkənin şimalındakı Rostok şəhərində keçirilən 250 nəfərlik aksiyada isə Kansler Mertsin ünvanına təhqiramiz pankart açıldığı üçün 5 nəfər barəsində cinayət işi başlanılıb.