Alı Alıyev səyyar qəbul keçirdi - Fotolar

ali-aliyev-seyyar-qebul-kecirdi
Oxunma sayı: 1910

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev vətəndaşların problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Mollaməhərrəmli kəndində səyyar qəbul keçirib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Alı Alıyev Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək, onların problemlərinin yerində həll olunması barədə tapşırıqlarının Füzuli rayonunda daim diqqət mərkəzində saxlanıldığını qeyd edib. Bildirib ki, 850 nəfərdən artıq əhalinin yaşadığı Mollaməhərrəmli kəndində vətəndaşların işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün növ imtiyazlardan istifadə edirlər. Kənd sakinlərinə məcburi köçkün kimi hər ay vahid aylıq müavinət ödənilir.

Mollaməhərrəmli kəndində məktəb, uşaq bağçası, tibb məntəqəsi, kitabxana, klub, bələdiyyə və s.infrastruktur obyektləri fəaliyyət göstərir. Kənddə torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.
Səyyar qəbulda Rayon Suvarma Sistemləri İdarəsi, Qaz İstismar sahəsi, Su-Kanal idarəsi və digər xidmət təşkilatlarının rəhbərləri kənd sakinləri qarşısında hesabat veriblər.

Səyyar qəbulda ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, kəndarası yolların asfaltlanması, məktəbin təmiri və su xəttinin çəkilməsi barədə müraciətləri nəzarətə götürülüb.