İspaniyada 2017-ci ildə müstəqillik cəhdinə rəhbərlik edən Kataloniyanın keçmiş rəhbəri Karles Puçdemon dekabrın 12-də Barselonaya qayıdacağını açıqlayıb. Bu qərar İspaniya Ali Məhkəməsinin ona qarşı amnistiya qanununu tətbiq etməsindən sonra verilib.
“Qafqazinfo”nun “Reuters”ə istinadən məlumatına görə, 62 yaşlı siyasətçi Brüsseldə keçirdiyi mətbuat konfransında həmin gün ailəsi ilə birlikdə evində olacağını bildirib.
İspaniya Ali Məhkəməsi bu həftə 2017-ci ildəki uğursuz müstəqillik cəhdindəki roluna görə Puçdemona qarşı cinayət işlərinin amnistiya qanunu çərçivəsində bağlandığını açıqlayıb.
Puçdemon Kataloniyanın müstəqilliyi uğrunda mübarizənin yeni strategiyaya ehtiyacı olduğunu bildirib. O, dekabrın 17-də keçiriləcək ictimai konfransda yeni yol xəritəsini təqdim edəcəyini vəd edib.
Qeyd edək ki, İspaniya parlamenti amnistiya qanununu 2024-cü ildə qəbul edib. Qanun Baş nazir Pedro Sançesin hökumətini formalaşdırmaq üçün Puçdemonun rəhbərlik etdiyi “Kataloniya üçün Birlikdə” partiyasının dəstəyini qazanması ilə bağlı siyasi razılaşmanın əsas hissəsi olub.
Xatırladaq ki, Puçdemon 2016-cı ildə Kataloniya hökumətinin rəhbəri olub. 2017-ci ilin oktyabrında İspaniya mərkəzi hökumətinin qanunsuz elan etdiyi müstəqillik referendumuna və birtərəfli müstəqillik bəyannaməsinə rəhbərlik edib. Bundan sonra barəsində həbs qərarı çıxarılıb və o, Belçikaya gedərək ölkəni tərk edib.
Son xəbərlər
Son Xəbərlər