8 illik səyahətdən sonra Merkuriyə çatdı

8-illik-seyahetden-sonra-merkuriye-catdi
Oxunma sayı: 1070

Avropa Kosmik Agentliyi (ESA) və Yaponiya Aerokosmik Tədqiqat Agentliyinin (JAXA) birgə “BepiColombo” missiyası səkkiz ildən çox davam edən və təxminən 10 milyard kilometrlik səyahətdən sonra Merkuriyə çatıb.

“Qafqazinfo” xəbər verir ki, kosmik aparat kritik orbital manevri tamamlayaraq Merkuri ətrafında fırlanan tarixdə ikinci missiya kimi qeydə alınıb.

Missiya çərçivəsində ESA-nın “Mercury Orbiter” (MPO) və JAXA-nın “Mio” kosmik aparatlarının dekabrın 9-10-da ayrılaraq fərqli orbitlərə çıxması nəzərdə tutulur. Elmi müşahidələrə isə 2027-ci ilin aprelində başlanılması planlaşdırılır.

Günəşə ən yaxın və Günəş sisteminin ən kiçik planeti olan Merkuri kəskin temperatur fərqləri ilə seçilir - gündüz səthində temperatur 450 °C-yə çatır, gecə isə -180 °C-yə enir. Alimlər planetin kiçik ölçüsünə baxmayaraq, sıx və iri metal nüvəyə malik olmasının səbəblərinə də aydınlıq gətirməyə çalışacaqlar.

Aparatların Merkuri ətrafında təxminən üç il fəaliyyət göstərəcəyi, yanacaqları tükəndikdən sonra isə planetin səthinə düşəcəyi gözlənilir.