“14 ildir universiteti bitirmişəm. Lakin diplomum verilməyib. Aidiyyəti quruma müraciət etsəm də, bir nəticə yoxdur”.
Bu şikayətlə “Qafqazinfo”ya adının açıqlanmasını istəməyən Gəncə şəhər sakini M.M (şərti) müraciət edib.
İllər əvvəl Azərbaycan Beynəlxalq Universitetində təhsil aldığını deyən vətəndaş diplomu olmadığından işləyə bilməməsindən gileylənir: “2004-cü ildə Mahaçqala universitetinə qəbul oldum. 2005-ci ildə isə köçürmə yolu ilə Azərbaycan Beynəlxalq Universitetinə qəbul edildim. Pedaqoji ixtisası üzrə qiyabi təhsil almışam. Təhsil aldığım müddət ərzində bütün dərslərdə və imtahanlarda iştirak etmişəm. İllik ödəniş təxminən 235 manat idi, onu da vaxtında ödəmişəm. 2009-cu ildə universitet bağlandı və mən diplomumu ala bilmədim. Sonuncu il bir müəllim var idi, mənə dedi ki, “sən ödəniş et, diplomunu birinci verək”. Çünki arada söz-söhbət gəzirdi ki, universitet bağlanacaq. Mən də 1000 manat pul verdim. Amma pul da getdi, müəllim də yoxa çıxdı. Bundan başqa, universitetin tələbələrinin başqa universitetlərə köçürüləcəyi ilə bağlı da xəbərlər eşidirdik. Amma test imtahanı verərək qəbul olunanlara aid olduğunu deyirdilər. Onda da bir müəllim bizim üçün bu işi düzəldəcəyini dedi və pul aldı. Amma 5-6 il sonra həmin pulu qaytardı və alınmadığını dedi”.
Həmçinin oxuyun: Неопубликованные кадры нападения на наше посольство в Иране - Видео
Əslən Ağdərə rayonundan olan və məcburi köçkün olaraq Gəncədə məskunlaşan vətəndaş bildirir ki, əziyyətlə aldığı təhsilin bəhrəsini görə bilmir: “Yurdumuzdan-yuvamızdan heç nə götürmədən çıxmışdıq. Min bir əziyyətlə böyüyüb, min bir əziyyətlə təhsil almışam. Həm pulum gedib, həm zamanım... Orada “salam”ı da pulla alırdılar. Ödənişlərin çeklərini hələ də saxlayıram. Bəlkə bir faydası olar... İndi isə 36 yaşım var və işləyə bilmirəm. Diplomsuz harada işləyə bilərəm axı?!”
Onun sözlərinə görə, məsələ ilə bağlı vaxtilə Elm və Təhsil Nazirliyinə də müraciət edib: “Təxminən 8 il əvvəl özüm nazirliyə də müraciət etmişdim. Həmin vaxt müraciət üçün ora gedəndə də gördüm ki, mənim kimi təhsilini alıb diplomsuz qalan nə qədər insan var. Həmin vaxt da elə mənə dedilər ki, sənin kimi diplomsuz qalan çoxdur. Lakin ala biləcəyəm, ya yox... Bu, dəqiq deyilmədi”.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Məlumat üçün bildiririk ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) nazirliyə təqdim etdiyi tələbə kontingentinə aid məlumat bazasında 2006-cı ildə ABU-ya qəbul olunan (köçürülən) və ya 2009-cu ildə universiteti bitirənlərin siyahısında M.M adı aşkar edilməyib.
Əlavə olaraq bildiririk ki, elm və təhsil nazirinin müvafiq əmri ilə Azərbaycan Beynəlxalq Universitetinə köçürülmüş və təhsili yarımçıq qalmış tələbələr təhsillərini başa vurmaq üçün müvafiq özəl ali təhsil müəssisələrinə yerləşdirilib və bu proses artıq başa çatıb.
Hüquq və maraqlarını qorumaq və təmin etmək məqsədilə M.M məhkəmə orqanlarına müraciət edə bilər”.
Lamiyə Məmmədova