10 illik fəaliyyətin nəticələri və Azərbaycan narçılığının gələcəyi - Fərhad Qaraşovla müsahibə

10-illik-fealiyyetin-neticeleri-ve-azerbaycan-narciliginin-geleceyi
Oxunma sayı: 165

Azərbaycan narı kənd təsərrüfatımız, ixracımız və milli-mədəni irsimiz üçün əhəmiyyətlidir. 2026-cı ildə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının 10 ili tamam olub.

“Qafqazinfo” Assosiasiyanın ötən onillikdəki fəaliyyəti, narçılığın mövcud vəziyyəti, problemləri, ixrac imkanları və gələcək hədəfləri barədə İdarə Heyətinin sədri Fərhad Qaraşovla müsahibəni təqdim edir:

- Fərhad müəllim, xoş gördük. İlk növbədə, müsahibəyə vaxt ayırdığınız üçün təşəkkür edirik.

- Xoş gördük. Mən təşəkkür edirəm.

- Assosiasiyanın 10 illik fəaliyyətini necə qiymətləndirirsiniz? Bu müddətdə istehsalçılara dəstək və Azərbaycan narının tanıdılması üçün hansı işlər görülüb?

- 2026-cı ildə yaradılan Assosiasiyamızın bu il 10 ili tamam oldu. Assosiasiyamız bu müddətdə istehsalçıların maraqlarını təmsil edib, problemlərini gündəmə gətirib və narçılığın inkişafını dəstəkləyib.

Fermer və sahibkarlarla görüşlər keçirmiş, müraciətlərini dövlət qurumlarına çatdırmış, yerli və beynəlxalq sərgilərdə iştirak etmişik. Aqronomların təsərrüfatlara səfərlərini, bağlara baxışları və beynəlxalq təcrübə mübadiləsini təşkil etmişik. İsrail səfirliyinin Göyçayda keçirdiyi müasir aqrotexniki qulluq və innovativ yanaşmalar üzrə təlim də bu təşəbbüslərdəndir.

Özbəkistan, Qazaxıstan, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Latviya, Polşa, Fransa və Almaniyadan olan tərəfdaşlarla danışıqlar aparmışıq. Özbəkistan parlamentinin sədr müavini və Qazaxıstandakı ticarət evi şəbəkəsi ilə də görüş və məsləhətləşmələrimiz olub.

Assosiasiyamızın fəaliyyətində mühüm hadisələrdən biri 2018 və 2026-cı illərdə Caspian Agro və InterFood beynəlxalq sərgilərində Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevlə görüşlərimiz olub. Qeyd edim ki, 2026-cı ildə baş tutan görüşdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyeva da iştirak edib.

Hər iki görüşdə dövlətimizin başçısına fəaliyyətimiz, narçılığın vəziyyəti, istehsal və ixrac potensialı, inkişaf perspektivləri barədə məlumat vermiş, ixrac bazarlarının şaxələndirilməsi ilə bağlı tövsiyə və tapşırıqlarını dinləmişik. Bu tövsiyə və tapşırıqlar ötən illərdə fəaliyyətimizə istiqamət verib və bundan sonra da rəhbər tutulacaq.

- Assosiasiyanın dövlət və sahibkarlıq qurumlarında təmsilçiliyi barədə nə deyə bilərsiniz? Bu istiqamətdə hansı mühüm hadisələri qeyd edərdiniz?

- Mütəmadi olaraq, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər qurumlarla fermerlərin problemlərini müzakirə edir, təkliflərimizi çatdırırıq.

Assosiasiyanın sədri kimi Azərbaycan Sahibkarlar Konfederasiyasının İdarə Heyətində təmsil olunur, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şuraya altı il sədrlik etmiş, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuranın üzvü olmuşuq. Hazırda Dövlət Statistika Komitəsinin Statistika Şurasında və Türk Dövlətləri Təşkilatının ticarət və sənaye palatalarının Audit Komitəsində də təmsil olunuruq.

2019-cu il-də möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən sahibkarlığın inkişafına verdiyim töhfələrə görə “Tərəqqi” medalı ilə təltif olunmuşam. Bu təltifi dövlətimizin başçısının narçılığa diqqətinin və sahədə çalışanların əməyinə verilən qiymətin nümunəsi sayıram.

2026-cı il sentyabrın 9-da Göyçayda Kənd Təsərrüfatı Nazirliyi və rayon icra hakimiyyəti ilə birgə təxminən 170 fermer, istehsalçı, emalçı və digər sahə nümayəndəsinin iştirakı ilə görüş keçirmişik. Narçılığın vəziyyətini, dövlət dəstəyini və problemləri müzakirə edərək təklifləri aidiyyəti qurumlara çatdırmışıq.

- Bəs yeni İdarə Heyətinin fəaliyyətində əsas prioritetlər nələr olacaq?

Ötən ay ümumi yığıncaqda idarə heyətinin tərkibini yeniləmişik, nizamnaməyə dəyişiklik edərək idarə heyəti üzvlərinin sayını beşdən yeddiyə artırmışıq. Dörd il müddətinə seçilmiş yeni İdarə Heyətinin sədri vəzifəsinə yenidən seçilmişəm.

Yeni İdarə Heyətinin əsas prioriteti istehsalçıların ehtiyaclarını müəyyənləşdirmək, müəssisələrarası əməkdaşlığı genişləndirmək və dövlət qurumları ilə müzakirələri konkret nəticələrə yönəltməkdir.

- Fərhad müəllim, Azərbaycan narçılığının istehsal potensialını, əsas istehsal bölgələrini və yerli sortların üstünlüklərini necə qiymətləndirirsiniz?

- Azərbaycanın əlverişli iqlimi, narçılıq ənənələri və zəngin sort müxtəlifliyi bu sahənin əsas üstünlükləridir. Gülöyşə, Bala Mürsəl, Vələs və Talıb kimi yerli sortlarımız dadı, rəngi və keyfiyyəti ilə seçilir.

Hazırda ölkədə təxminən 23 min hektar nar bağı var. Bunun 18 272 hektarı ənənəvi, 4 750 hektarı intensiv bağlardır. İstehsal əsasən Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan və Tovuz-Qazax iqtisadi rayonlarında, xüsusilə Göyçay, Kürdəmir, Hacıqabul, Sabirabad və Saatlıda cəmləşib. Qarabağda da narçılıq inkişaf edir və 2025-ci ildə burada 9200 ton nar istehsal olunub.

Əsas məqsədimiz məhsuldarlığı, keyfiyyəti və fermerlərin gəlirliliyini artırmaq, itkiləri azaltmaqdır.

- Bəs, 2026-cı il mövsümü narçılıq üçün necə keçib? Hava şəraiti məhsuldarlığa nə dərəcədə təsir göstərib?

- Bu il hava şəraiti nar istehsalı üçün müəyyən çətinliklər yaradıb. Xüsusilə may ayında, narın meyvə bağlama dövründə aramsız yağıntılar və yüksək rütubət göbələk və çürümə xəstəliklərinin yaranması üçün əlverişli şərait formalaşdırıb. Bu amillər bəzi təsərrüfatlarda məhsulun inkişafına və keyfiyyətinə mənfi təsir göstərib.

Hazırda bağlarda məhsul yığımı davam edir. Ona görə də mövsümün yekun nəticələrini qiymətləndirmək üçün rəsmi statistik məlumatları gözləmək daha doğru olar. İxrac göstəriciləri isə 2027-ci ilin birinci rübündə məlum olacaq.

- Bəs, bu problemlərin həlli istiqamətində Assosiasiya ilə dövlət qurumları arasında əməkdaşlıq necə qurulub?

- Fermerlərin problemlərini birbaşa onlardan öyrənərək müvafiq dövlət qurumları ilə birgə müzakirələr aparır. Pandemiya dövrü istisna olmaqla, hər il fermer və istehsalçılarla geniştərkibli görüşlər keçirmişik, bu görüşlərin bir qismi Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və rəhbərliyinin birbaşa iştirakı ilə baş tutub.

Sonuncu belə görüş 9 sentyabr 2026-cı ildə Göyçayda keçirilmişdir. Kənd Təsərrüfatı Nazirliyinin iştirakı ilə fermerlərin, istehsalçıların, emalçıların və ixracatçıların problemlərini dinləmiş, dövlət dəstəyi mexanizmləri barədə məlumat vermişik. Qaldırılan məsələləri qeydə alıb aidiyyəti qurumlara çatdırmış, müzakirələrin davamını vacib saymışıq.

Dövlət dəstəyi baxımından 2026-cı ildə meyvə şirəsi və konsentrat istehsalı üçün emal müəssisələrinə təhvil verilən nara məhsul subsidiyası və logistika dəstəyi mexanizmlərini qeyd edərdim. Bu tədbirlər fermerlərin satış imkanlarını, emalçıların isə yerli xammala marağını artıra bilər.

Həmçinin yeni qəbul edilmiş Dövlət Proqramı da bu istiqamətdə yeni imkanlar açır. Burada müasir texnologiyalar, resurslardan səmərəli istifadə, emalın və ixracyönümlü istehsalın inkişafı nəzərdə tutulur.

- Fərhad müəllim, 2025-ci ilin ixrac göstəriciləri necədir? Rusiya bazarından asılılığın azaldılması üçün hansı istiqamətlərə üstünlük verirsiniz?

- 2025-ci ildə Azərbaycandan ixrac edilən təzə narın 83,32 faizi Rusiyanın payına düşüb. Bu ölkəyə 29924 tondan çox, təxminən 30,5 milyon ABŞ dolları dəyərində nar göndərilib. Ümumilikdə Azərbaycan narı 13, nardan hazırlanan məhsullar isə 27 ölkəyə ixrac edilib. Nar və nar məhsullarının ixracından ümumi gəlir təxminən 54,8 milyon dollar olub.

Rusiya əsas bazarımızdır. Lakin ixracın böyük hissəsinin bir ölkədə cəmləşməsi müəyyən risklər yaradır. Ona görə ixrac coğrafiyasını genişləndirməyə çalışırıq. Bunun üçün bu bazarların istehlakçı tələblərini öyrənmək, məhsulu beynəlxalq standartlara uyğunlaşdırmaq və etibarlı tərəfdaşlar tapmaq lazımdır.

Bu məqsədlə Özbəkistan, Qazaxıstan, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdən olan işgüzar dairələrlə, Avropa ölkələrinin nümayəndələri, xarici ticarət şəbəkələri və potensial alıcılarla danışıqlar aparmışıq. Beynəlxalq sərgilərdə əməkdaşlıq sənədləri və niyyət protokolları imzalamışıq.

- Geosiyasi gərginliklər və beynəlxalq bazarların tələbləri Azərbaycan narının ixracına necə təsir edir?

- Rusiya-Ukrayna müharibəsi Ukraynaya ixracı və ənənəvi nəqliyyat marşrutlarını çətinləşdirib. Yaxın Şərqdəki gərginlik və hava daşımalarının yüksək xərcləri isə Körfəz ölkələrinə ixracı məhdudlaşdırır.

Avropa İttifaqı və Çin perspektivli bazarlardır. Lakin bu bazarlara çıxışda keyfiyyət, qida təhlükəsizliyi, sertifikatlaşdırma və logistika tələbləri, eləcə də beynəlxalq rəqabət ciddi əhəmiyyət daşıyır.

- Azərbaycan narının rəqabət qabiliyyətini artırmaq və emal sənayesini inkişaf etdirmək üçün nələrə ehtiyac var?

- Azərbaycan narının dadı, keyfiyyəti və sort müxtəlifliyi üstünlüyümüzdür. Bu üstünlüklərdən yararlanmaq üçün məhsulun çeşidlənməsi, qablaşdırılması, saxlanılması və vaxtında çatdırılması beynəlxalq tələblərə uyğun olmalıdır.

Emalda isə nar şirəsi, konsentrat, narşərab və nar çaxırı ilə yanaşı, qabıq, tum və digər qalıqlardan qida, kosmetika və başqa sənaye sahələrində istifadə imkanları var. Dərin emal üçün texnologiya, xammal, investisiya xərcləri və satış bazarları düzgün qiymətləndirilməlidir.

Fermerlərlə emal müəssisələri arasında uzunmüddətli müqavilələr və planlı tədarük satış risklərini azaldar, xammal təminatını yaxşılaşdırar. Əsas hədəfimiz məhsul itkilərini azaltmaq, daha gəlirli bazarlara çıxmaq və emal hesabına əlavə dəyəri artırmaqdır.

- Nar həm də milli-mədəni irsimizin bir hissəsidir. Assosiasiya onun tanıdılması üçün hansı işləri görüb?

- Assosiasiyamız da bu irsin təbliği üçün tanınmış şəxsləri birləşdirən fəxri üzvlük institutu yaradıb. Hazırda təxminən 35 fəxri üzvümüz var. Sifarişimizlə hazırlanmış xüsusi döş nişanı ilə narçılığın inkişafına və tanıdılmasına töhfə verən 30-a yaxın fermeri, mədəniyyət və incəsənət xadimini, eləcə də tərəfdaşlarımızı təltif etmişik.

2020-ci ildə “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın dəstəyi və təşəbbüsü ilə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.

- Sonuncu sualım, qarşıdakı dövrdə hədəflərinizlə bağlıdır. Assosiasiyanın əsas hədəfləri nələrdir?

- Məqsədimiz məhsuldarlığı, keyfiyyəti və ixraca yararlı məhsulun payını artırmaqdır.

Yeni İdarə Heyəti üzvlərlə əlaqələri gücləndirəcək, yenə də fermerlərin problemlərini öyrənəcək, onların təkliflərini dövlət qurumları ilə müzakirə edib nəticələri izləyəcək. Aqronom xidmətləri, təlimlər, beynəlxalq təcrübə və müasir becərmə üsullarına xüsusi diqqət ayıracağıq. Assosiasiyanın dövlət-özəl sektor dialoqundakı rolunu gücləndirəcəyik.

Ənənəvi ixrac bazarlarında mövqeyimizi qoruyub, yeni bazarlara çıxışı genişləndirməyi hədəfləyirik.

Emal müəssisələrinin xammal təminatını, fermerlərlə davamlı əməkdaşlığı və dərin emala investisiyaları gücləndirmək istəyirik. Narın müxtəlif hissələrinin və tullantılarının sənayedə istifadəsi də vacibdir. Onillik təcrübəmizə əsaslanaraq istehsalçıların maraqlarını daha fəal təmsil etməyə, emalda əlavə dəyəri və narın qeyri-neft ixracına töhfəsini artırmağa çalışacağıq.

- Ətraflı müsahibəyə və fikirlərinizi bölüşdüyünüzə görə təşəkkür edirik. Assosiasiyanın 10 illiyi münasibətilə sizi təbrik edir, qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayırıq.

- Mən də sizə təşəkkür edirəm. Ümid edirəm ki, qarşıdakı illər Azərbaycan narçılığı üçün daha uğurlu olacaq.