Bizim elə sənətkar, incəsənət-mədəniyyət xadimlərimiz var ki, onlar sakitcə öz işini, xidmətini layiqincə yerinə yetirir. Bəziləri kimi yersiz danışmaq, şou göstərməkdənsə, susmağı üstün tuturlar. Amma belə şəxsiyyətlərin də ara-sıra dindirilməsinə ehtiyacı var.
“Qafqazinfo” sizə maraqlı söhbəti təqdim edir.
Dosye: Öz sahəsinin hörmətli, sayılıb-seçilən ifaçısı 59 yaşlı Nadir Babayev Bakıda anadan olub. Vaxtiylə Asəf Zeynallı adına Musiqi Texnikomunun( indiki Musiqi Kolleci) və daha sonra Ü.Hacıbəyov adına Musiqi Konservatoriyasının xalq çalğı alətləri(tar üzrə)fakultəsinin tələbəsi adını daşıyıb. Nadir müəllim görkəmli bəstəkarımız Səid Rüstəmovun tələbəsi olub. Əlinə tar alandan bəri ifaçılıq sənəti ilə yanaşı, pedagoji fəaliyyətini də davam etdirib. On səkkiz ildir ki, Rauf Hacıyev adına 15 saylı musiqi məktəbinə(on bir illik) rəhbərlik edir.
Uşaqlar daha çox televizorda gördüyü alətlərdə çalmağı istəyirlər
“Rəhbərlik etdiyim məktəb bu gün yerli, beynəlxalq müsabiqələrdə də təmsil olunur. Milli musiqiyə, xalq çalğı alətlərimizə maraq azdır demək olmaz. Bəzən uşaqlar valideynin təkidi, bəzən də elə öz istəyinə uyğun olaraq müraciət edir. Uşaq və valideynin istəyi ümumiləşdirilir, qabiliyyət yoxlanıldıqdan sonra qərar veririk. Uşaqlar daha çox televizorda gördükləri alətləri öyrənməyə can atırlar. Bu da əlbəttə ki musiqinin nə dərəcədə təbliğatından asılıdır. Elə valideynlər də uşaqlarına ( qarmon, zərb alətləri, simli alətlər) həmin alətdə çalmağa həvəs yaratmağa çalışırlar ki, gələcəkdə də övladı ailəsini dolandıra bilsin. Əlbəttə ki, söhbət el şənliklərində ifadan gedir. Başqa sözlə, uşaqlar alətləri həvəskar səviyyəsində öyrənməyə çan atırlar. Amma bizim məqsədimiz peşəkar musiqiçi, ifaçı hazırlamaqdır. Gələcəkdə milli musiqimizi layiqincə təmsil, təbliğ üçün nəzəriyyəni öyrənmək mütləqdir.”
“Uşaqlarımızda qaboy, kamança, balabana həvəs yaratmaq lazımdır”
“Gənclərimiz, uşaqlarımız arasında qaboy, kamança, balaban kimi aləti seçənlərə nadir rast gəlinər. Heç bu alətlər haqqında məlumatları da olmur. Nəfəsli və simli alətlərə laqeyd yanaşılır. Halbuki bizim təbliğ olunmayan qədim, maraqlı musiqi alətlərimiz var ki, onların da ifaçıları yetişməlidir. Baxın, qaboyun mahir ifaçısı Kamil Cəlilovu dinləyəndə insan nə qədər mənəvi cəhətdən dincəlir. Amma gözümüz onun davamçılarını axtarır. Yaxud erməninin həmişə öz adına çıxardığı balabanın səsi adamı valeh edir. Kamançanın özü. Valideynlər skripka alətini uşaqlarına uyğun gördükdə biz ona kamançanı təklif edirik. Bu iki alət çox yaxındır. Amma təəssüf ki, bəzən biz valideynlərin seçimi qarşısında açız qalırıq. Bir müddət keçdikdən sonra onlar bizim seçimimizi qəbul etməyə məcbur olurlar. ”
Gələcəkdə də “oxu tar” deyə biləcəyikmi...
“Sevindirici haldır ki, uşaqlarımız arasında tara qarşı istək var. Əslində uşaqlarda istənilən alətə qarşı sevgini müəllim yaratmalıdır. Mənim ilk müəllimim, tarı əlimdə tutmaqda yol göstərənim mərhum Akif Novruzov olub. O məndə tara elə sevgi yaratdı ki, bu günə qədər də sevgim yaşayır. Saysız tələbələrim olub, bu gündə onlar arasında sayılıb-seçiləni az deyil. Bu gün də yeni istedadları ortaya çıxarmağa çalışıram. Hətta yeni tədris metodları işləyirəm. Uşaqların 5 il əvəzinə 3 il müddətində yüksək səviyyədə hazırlanması yollarını axtarıb tapmışam. Məktəbimizin elə şağirdi var ki, bu gün solo konsert vermək qabiliyyətinə malikdir. Tara gəlincə, bir çox ölkədə müxtəlif adla çalınılır. Amma bizim milli tarımızın öz xüsusiyyətləri var. Həm siminin sayı, həm də quruluşunda fərqlənir. Tarı dindirmək üçün sadəcə aləti sevmək lazımdır. İstedad da rol oynayır.”
“İnsanın varlılığı onun təhsilindədir ”
“Çox adam müəllimlik sənətinə verilən qiymətdən narazıdır. Amma baxaq görək, korifey sənətkarlarımızın həyatına. Böyük sənətkarımız Hacıbaba Hüseynov vaxtiylə zirzəmi şəraəti olan yerdə dərs verirmiş, amma o bundan şikayətçi olmurdu. Bu gün elə müəllimlər var ki, rəqabətə girmək, öz üzərində işləmək, fəal, qabaqcıl şagirdlər yetişdirməyə həvəsli deyillər. Müsabiqələrdə də bu məqamı sezmək olur. Uğur qazanan iştirakçılar həmişə eyni ünvanın “məhsullar”ı olur. Bir də musiqinin aşılanmasında, musiqi alətinin tərbiyyəsində müəllimlə şagird arasında vacib körpü yaranmalııdr. Müəllim ilk anda uşaqda talant axtarmamalı, səbirli davranıb onu kəşf etməlidir. Başqa sahədən fərqli olaraq musiqi müəllimlərinin psixoloji biliyə, hazırlığa malik olması daha vacibdir. Ən yaxşı ifaçı belə müəllimlik etməyə qadir ola bilməz. Dəfələrlə təklif formasında mən qeyd etmişəm ki, ali musiqi məktəblərində ifaçılıqla yanaşı, müəllimlik şöbəsi açılmalııdr. Yəni, istənilən alət üzrə ifaçı pedaqoji fəaliyyətində çətinlik çəkməsin. Kadr problemləri, yoxluğunu da bu səbəb yaradır.”
“Yaxşı tar ustası erməni, onun da şagirdi yalnız öz millətindən olardı”
“Erməni bizim musiqimizi oğurlamaq, öz adına çıxarmaqda adətkardır. Misal üçün, tarın da onlara məxsus olduğunu deyirlər. Amma ifaçı ortaya qoya bilmirlər, heç bu mümkün də deyil. Sovet vaxtında erməni ustaları bütün sahələrdə olduğu kimi musiqi alətlərinin təmiri ilə də məşğul idilər. İnanırsız, mən dəfələrlə gedib tarımı təmir etdirəndə usta yanında oturardım. Sual verərdim. Cavabını deməzdi. Heç görməmişdim ki, erməni özünə azərbaycanlı şağird götürsün. Biliyini, sirrini öz millətindən olana verərdi. Ermənilərin o vaxtdan Azərbaycan musiqisinə, istedadlarına paxıllığının şahidi olmuşam. Vaxtiylə 18 saylı musiqi məktəbində işləyirdim. Orada müəllimlərin yarıdan çoxu erməni idi. Təsadüfən dinləmələrdə iştirak edəndə görürdüm ki, erməni müəllimlər qabiliyyətli uşaqlarımızı bəyənmirdilər, onların yolunu qəsdən bağlamaq istəyirdilər. Burada da onlarla mübarizə etmişəm, onların əsil üzünü görmüşəm.”
“Cılız musiqiçilərə baş qoşmaq lazım deyil”
“Bu gün milli musiqinin təbliğatı ağrılı yerimizdir. Deyirlər ki, hamı oxuyur. Bizim zamanlarda da çox müğənnilər vardı. Amma nə olsun, çoxu ələndi və qaldı indi korifey dediyimiz kəslər. Bir də o zamanlar musiqiçi, müğənnilər bir birinə rəğbət bəsləyir, hörmətlə yanaşırdılar. Rəşid Behbudov və Bülbül kimi sənətkarlar belə ancaq öz repertuarını qoruyurdu. Rəşid, Bülbül ifa etdiyi mahnıya öz möhürünü vururdu, vəssalam. Bəs bu gün necədir? Kim nə istəyir oxuyur. Musuqinin özünə, yaşına uyğun olub-olmamasını heç fikirləşmir. Bu qədər musiqi ifaçıları üzrə yarışlar keçirilir. Münsiflər heyyətində müəllimlər əvəzinə hansısa bir-iki mahnı ilə tanınan müğənnilər oturur. Ya da hansısa gənc mərhum sənətkarımız Şövkət Ələkbərova ilə müqayisə olunur. Bu çox yalnış və yersiz yanaşmadır.”
“Mədəniyyət Evləri fəallıq göstərməlidir”
“Bu gün mədəniyyət evləri yaradılır və ya yenilənir. Bu çox yaxşı haldır. Amma burada fəallıq çox aşağı səviyyədədir. Sovet Azərbaycanında istedadlı şəxslər, yaradıcı insanların 50%-i bu evlərin yetirməsi idi. Bəlkə də bu sonradan musiqi məktəblərinin sayının artması ilə əlaqədardır. Yenə də tez-tez musiqi proqramlarının təşkili ünsiyyəti də gücləndirər. O vaxtlar təşşəbbüsüm ilə “Xəyal” instrumental ansambl yaratmışdım. Peşəkar musiqiçilərlə birğə çıxışlarımız olardı. Hörmətli Akif İslamzadə də bizimlə çıxışa hazır idi. Mərhum bəstəkar Hikmət Mirməmmədli də öz fəaliyyətinə “Xəyal” dan başlamışdı. Daha sonra onun həyat yoldaşı Nailə Mirməmmədli də bizə qoşuldu. Bir sözlə, özfəaliyyət kollektivlərinin ümumi inkişafda rolu böyükdür. İndi isə gənclərimiz daha çox solo çıxış və ifalara üstünlük verirlər.”
Bir daha tarımız haqqında...
Azərbaycan milli musiqi aləti olan tarın atası Mirzə Sadıq(Sadıqcan)olub. XIX əsrin ikinci yarısında milli tarımızın tutma qaydasından tutmuş quruluşuna yeniliklər gətirib.
Tarın çanaq qisminnin üzərinə mal ürəyinin pərdəsi çəkilir.
Buna görə də tarın köklənməsi otaq temperaturuna uyğun edilir. Pərdənin sıxılıb, genişlənmək xüsusiyyəti nəzərə alınır.
Milli musiqi alətimiz tar UNESCO-nun milli alətlər siyahısına daxil olunub.
Ən yaxşı tar tut və qoz ağaclarından hazırlanır.
Tar milli pulumuz olan bir manatın üzərində təsvir olunub.
Sovet vaxtında, elə indi də poçt markalarında milli musuqi alətlərimiz, eləcə də tar təsvir olunub.
Hətta Belarusiyanın poçt markasında tarın şəklinə yer verilib.
Raminə Eyvazqızı