İki gündür mətbuatın gündəmində SOCAR-ın əsaslı kapital qoyuluşları idarəsinin rəis müavini Qiymət Mehdiyevin həyat yoldaşının Türkiyənin Bodrum şəhərində 20 milyon dollara 16 villa alması məsələsi sosial şəbəkələrdə ciddi müzakirə olunur. Məsələ ilə bağlı ölkə ictimaiyyəti, ziyalıları müxtəlif reaksiyalar səsləndirirlər.
“Qafqazinfo” xəbər verir ki, məsələyə özünəməxsus şəkildə reaksiya verənlərdən biri də Azərbaycanın istedadlı şairi Salam Sarvandır. Şairin reaksiyasını təqdim edirik: “Səmimi deyirəm: mən hətta arzulayanda belə bir milyon dollardan o yana keçmirəm. Halbuki arzular qarşısında heç kəs mənim əlimi-qolumu bağlamır, trilyona qədər gedib çıxa bilərəm. Amma niyə bu imkandan yararlanmıram? Lap ona görə yox ki, gözüm toxdur, ona görə ki, ağılım başımdadır və yaşam məntiqi arzularımın hüdudlarını da avtomatik müəyyən edir. Yəni, mən bir milyon dollara 10 yaxşı mənzil alıb icarəyə verməklə özümü də, nəslimin 5 gələcək qatının yaşayışını da təmin edə bilərəm. Bundan artığı normal insanın ağlına, arzularına niyə gəlməlidir ki?! 20 milyonluq 16 villa, hansı ruhun demirəm, hansı ağılın məhsuludur? Doğrudanmı, bunlar anlamırlar ki, hətta təbii sosial rəqabət baxımından da bu, başqalarından yaxşı yaşamaq deyil, başqalarından düşük yaşamaqdır”.
Qeyd edək ki, məsələ ilə bağlı SOCAR hələ də rəsmi mövqe bildirməyib.
Son xəbərlər
Son Xəbərlər