Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 2016-cı ilin birinci yarımilliyi ərzindəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirəsi keçirilib.
“Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Ceyhun Həsənov tədbiri açaraq prezident İlham Əliyevin sədrliyi ilə 10.07.2016-cı il tarixdə keçirilmiş 2016-cı ilin birinci yarımilliyinin yekunlarına və sosial-iqtisadi inkişafa dair müşavirədə qaldırılan məsələlərlə bağlı ədliyyə orqanlarının üzərinə düşən vəzifələrin icrası istiqamətində bir sıra kompleks tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib.
Xidmətin rəis müavini, ədliyyə polkovniki Oqtay Məmmədov çıxışında qeyd edib ki, hesabat dövrü ərzində dövlət başçısı tərəfindən 17 mart 2016-cı il tarixdə imzalanmış 148 məhkumun əfv edilməsi ilə bağlı sərəncam vaxtında və dürüst icra edilib. Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı 6 may 2016-cı il tarixli qanunun icrası davam etdirilir. Qanunun təsiri altına düşən şəxslərin dairəsi müəyyən edilib, penitensiar müəssisələrdə cəza çəkən 277 məhkum barədə sənədlər məhkəmələrə təqdim olunub.
Həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində hesabat dövründə 265 mobil telefon, 159 qram müxtəlif narkotik və psixotrop maddələr, 23 litr spirtli içki hazırlanması məqsədilə istifadə olunan qıcqırdılmış maye aşkar edilərək götürülüb və həmin faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına təqdim olunub.
Digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət nəticəsində 265 müxtəlif cinayətin üstünün açılmasına köməklik göstərilib.
Eyni zamanda, vəzifədən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və digər korrupsiya elementlərinin yaranmasına zəmin olan səbəb və şəraitin aradan qaldırılmasına yönələn konkret tədbirlər görülüb. Pozuntulara yol verən 102 əməkdaş intizam məsuliyyətinə cəlb olunub, 3 əməkdaş tutduğu vəzifədən azad olunub, 7 əməkdaş isə ədliyyə orqanlarından xaric edilib.
Son xəbərlər
Son Xəbərlər
.jpg)