Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən jurnalist Abuzər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ilkin baxış iclası keçirilib.
İclasda dövlət ittihamçısı ittiham akını elan edib. Təqsirləndirilən Abuzər Cəfərli özünü təqsirli bilmədiyini, ittiham saxta olduğunu deyib.
Bundan sonra zərərçəkmiş şəxslər ifadə verib.
İslam İslamov bildirib ki, Abuzər Cəfərovun onun oğlunu Daxili İşlər Nazirliyində işə düzəldəcəyi adı ilə 3600 manat alıb: “Mən Abuzər müəlimi Tapdıq vasitəsilə tanımışam. Tapdığa dedim ki, oğlumu evləndirirəm, işsizdir filan. O da dedi ki, tanışı var, harda istəsən işə adam düzəldir. Tapdıq Abuzərlə danışıb mənə dedi ki, sənədləri və şirinliyi götürün Bakıya gedim. Belə də etdim, Qarayev metrosunun yaxınlığında üçümüz görüşdük. Kafedə yemək yedik, 3 min manat pulu orada stolun üstünə qoyub dedim ki, götürün xərcləyin. Bir neçə saat sonra Abuzər müəllim zəng edib dedi ki, puldan 100 manat çatmır. Dedim eybi yox, sonra verərəm. Bundan sonra Abuzər oğlumu Bakıya çağırdı, o da gedib-gəlirdi, amma iş düzəlmirdi. Bir dəfə yenə oğlumu çağıranda dedi ki, 500 manat da göndər, polis rəisləri ilə oturub yeyib-içəcəyik. Mən də göndərdim, gələn dəfə gedəndə dedi əskik olan 100 manatı da göndər, onu da verdim. Bir il vaxt keçdi, hələ də iş düzəlmədi. Mən də Abuzərə zəng edim dedim ki, iş lazım deyil, pulu qaytar. Ondan sonra Abuzər yoxa çıxdı, bir müddət sonra Tapdıq. Tapılandan sonra dedi ki, pulu Tapdıq götürüb, onda da qalıb”.
İclasda digər zərərçəkən Zahid Xəlilov ifadə verərək deyib ki, onun oğlunu Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək üçün ondan 2500 manat pul alıb: “Məni Abuzərlə İslam İslamov tanış edib. Oğlum əsgərlikdən gəlmişdi, onun üçün iş axtarırdım. İslam dedi Abuzər kömək edər. Onunla telefonla danışıb dedi ki, Abuzər müəllim Gəncədədir, deyir ki, sənədləri və şirinliyi hazır eləsin, qayıdanda Şamaxıda götürəcək. Rayon avtovağzalında 2500 manat pulu Abuzər müəllimə verdim. Yeddi-səkkiz ay keçsə də, ondan xəbər çıxmadı. 2014-cü ilin dekabr ayında Abuzər bizə dedi ki, alınmasa yanvarda pulumuzu qaytaracaq. Amma nə iş düzəldi, nə də pul qaytarıldı. İstəmirəm ki, mənə görə bu cənab həbs olunsun, sadəcə pulumuzu qaytarsın, bəsdir”.
Şahid qismində dindirilən İntizam İslamov deyib ki, atası İslam vasitəsilə Abuzər Cəfərovu tanıyıb: “Atam pul verdi, dedi apar bu müəllimə ver, mən də verdim. Abuzər müəllim məni polisə işə düzəldəcəkdi”.
Təqsirləndirilən Abuzər Cəfərov zərərçəkmişlərin çıxışına münasibət bildiridb. O deyib ki, Zahid Xəlilovun dedikləri qismən razıdır, İslam İslamov isə ona şər atır: “Zahidin oğlunu Fövqəladə Hallar Nazirliyində qeydiyyata alıblar, adı orada gedir. O işə götürülmüşdü. İslamın oğlunu da polisə aparıb adını yazdırmışam. İslamdan pulu tapdıq alıb, bunu sübut edəcək şahidlər də var. KXCP sədri Mirmahmud Mirəlioğlunun köməkçisi Xəzər Bayramov şahiddir. Biz İslamla Xəzər müəllim birlikdə kafedə oturduq. Xəzər müəllim Tapdığa zəng edib dedi ki, pul səndədir, gətir kişinin pulunu ver”.
Dövlət ittihamçısının suallarına cavab verən A.Cəfərov deyib ki, müstəqil jurnalist kimi vətəndaşlara humanitar yardım məqsədi ilə bu işləri görüb”.
Məhkəmə prosesi mayın 17-də davam etdiriləcək.
Qeyd edək ki, müstəqil jurnalist Abuzər Cəfərov ötən il Şamaxıda tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Həbs olunarkən onda 20 ədəd saxta vəsiqə də aşkar edilib. A.Cəfərov "Siyasi məhbuslarsız Azərbaycan" İctimai Alyansı ilə əməkdaşlıq edib. A.Cəfərov əvvəllər məhkum olunub.