Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “İŞİD”in tərkibində döyüşməkdə təqsirləndirilənlər - Elbrus Əzizov, Namiq Quliyev, Rasim Bədəlov, İlahi Əzizov, Babək Şirinov, Elman Mirzəbəyov və Əfqan Şamxalovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə E.Əzizov 14 il, İ.Əzizov 14 il, B.Şirinov 13 il 6 ay, R.Bədəlov 12 il, N.Quliyev 11 il 6 ay, E.Mirzəbəyov 7 il, Ə.Şamxalov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, təqsirləndirilən şəxslər ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş antiterror tədbirləri nəticəsində həbs ediliblər. Müəyyən edilib ki, Elbrus Əzizov, Namiq Quliyev, Rasim Bədəlov, İlahi Əzizov, Babək Şirinov, Elman Mirzəbəyov və Əfqan Şamxalov 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən İŞİD, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.