Bu gün Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində (BVD) KİV nümayəndələri üçün “Açıq Qapı" günü keçirilib.
“Qafqazinfo” xəbər verir ki, BVD-nin Vergi Ödəyicilərinə Xidmət Mərkəzi ilə tanışlıqdan başlayan tədbirdə bu Xidmət Mərkəzinin əsas fəaliyyət istiqamətləri, iş prinsipləri barədə məlumat verilib.
Sonra şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyicilərinə "Yaşıl dəhliz" prinsipi ilə göstəriləcək xidmətlərlə bağlı təqdimat keçirilib. Vergilər nazirinin müşaviri, Vergi Ödəyicilərinə Xidmət Baş İdarəsinin rəisi Ələkbər Məmmədov bildirib ki, vergi ödəyiciləri “Partnyor vergi ödəyicisi statusu”na malik olmaq üçün bir sıra meyarlara cavab verməlidir: “Belə ödəyicilər, ilk növbədə, vergi hesabatlarını vaxtlı-vaxtında təqdim etməli, vergiləri tam həcmdə və vaxtında ödəməli, işçilərinin sayını və onların əmək haqlarını düzgün bəyan etməli, gücləndirilmiş elektron imzaya sahib olmalı, mühasibat uçotunu beynəlxalq və ya milli uçot standartlarına uyğun, yazışmaları isə əsasən elektron şəkildə aparmalıdırlar. Partnyor ödəyicilərə, ərazi məhdudiyyəti nəzərə alınmadan, "Yaşıl dəhliz" prinsipi əsasında xidmət göstəriləcək. Burada, bir sıra ənənəvi xidmətlərlə yanaşı, İKT-nin son nailiyyətlərinə əsaslanan innovativ xidmətlərin də təqdim edilməsi nəzərdə tutulur. Belə xidmətlərə videobağlantılar, Çağrı və Xidmət mərkəzlərində partnyor ödəyicilərə növbəsiz və sürətli xidmətlərin göstərilməsi, partnyor ödəyicilərin müraciəti əsasında onlar üçün dəyirmi masa, seminar və konfransların təşkili, xüsusi təlim proqramlarının hazırlanması aiddir”.
Ə.Məmmədov onu da bildirib ki, əlaqələndirmə işlərinin təşkili məqsədilə hər bir partnyor ödəyici üçün aidiyyəti vergi strukturundan kuratorlar ayrılacaq. Kuratorlar partnyor ödəyicilərin müraciəti əsasında onlara ünvanlı xidmətlər göstərəcəklər.
İlkin mərhələdə Bakı şəhərində belə tələblərə cavab verən ödəyicilərin sayının 400-dən çox olduğunu bildirən vergilər nazirinin müşaviri, hazırda yerli vergi orqanlarında analoji qurumların yaradılması ilə bağlı təkliflər hazırlandığını və yaxın vaxtlarda həmin təkliflərin müzakirəyə çıxarılacağını diqqətə çatdırıb.
Tədbirdə o da bildirilib ki, vergi orqanları şəffaf partnyorluq prinsipi əsasında fəaliyyət göstərən ödəyicilərə münasibətdə yaranan ziddiyyətli məqamları qarşılıqlı razılaşma yolu ilə həll etməyə çalışacaq, onların müraciətlərinə mövcud qanunvericilikdə müəyyən edilmiş müddətlərdən 3 dəfə tez baxılacaq.
Nigar Məmmədli