Manat bahalaşsa nə baş verər?

manat-bahalassa-ne-bas-verer
Oxunma sayı: 6810


“Qafqazinfo” xəbər verir ki, bu fikirlər “Xalq qəzeti”nin bu günkü sayında “Manatın məzənnəsinin dəyişdirilməsində əsas məqsəd qeyri-neft sektorunda ixrac potensialını artırmaqdır” başlığı ilə dərc olunan məqalədəndir. Yazıda bildirilir ki, ekspertlərin fikrincə, milli valyutamızın dollar və avroya nisbətdə çox bahalaşması ölkəmizin ixrac potensialı üçün müsbət hal deyil və mənfi nəticələrə gətirib çıxara bilər: “Ölkədə makroiqtisadi sabitliyin qorunması, həmçinin əhalinin sosial müdafiəsi baxımından indiki halda milli valyutamızın avroya ekvivalentliyinin təmin edilməsi, yəni 1 manatın 1 avro səviyyəsində saxlanılması daha məqbul və daha praqmatik yanaşma olardı. Bu məsələyə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın birinci ilinin yekunlarına həsr olunmuş konfransda da toxunulmuşdur. Bildirilmişdir ki, bir manat bir avro səviyyəsində qalarsa, makroiqtisadi vəziyyət təmin ediləcək. Eyni zamanda, bu, insanların gündəlik həyatına ancaq müsbət təsir göstərəcək. Eyni zamanda, bizim ixracımız üçün heç bir problem yaranmamalıdır. Çünki Azərbaycan iqtisadiyyatı bundan sonra ixracyönümlü iqtisadiyyat kimi inkişaf etməlidir... Ona görə ixracın inkişafı, təşviqi indi gündəlikdə duran məsələlərdir. Manatın məzənnəsi isə burada önəmli rol oynayır. Ona görə müvafiq qurumlar, hökumət, Mərkəzi Bank bu məsələlərə diqqətlə yanaşmalıdırlar ki, manat həddindən artıq bahalaşmasın”.

Qəzet yazır ki, ekspertlər Mərkəzi Bankın idarə heyətinin qərarını düzgün və zamanında qəbul olunmuş qərar kimi qiymətləndirirlər: “Bildirirlər ki, bunun müsbət tərəfləri ondan ibarətdir ki, əvvəla, manatın kursu yalnız dolların kursundan asılı olmayacaq və bu, manatın kursunun müəyyənləşdirilməsinə və şaxələndirilməsinə imkan verəcək. İkincisi, məzənnə siyasəti diversifikasiya olunacaq. Nəzərə alınsa ki, Azərbaycan iqtisadiyyatının 60 faizi avrozonaya aid ölkələrin payına düşür, onda bu, Azərbaycanın avrozonaya daxil olan ölkələrə ixrac etdiyi məhsulların rəqabətliliyinə  imkan yaradacaq. Nəticədə ölkəmizin Avrozonaya ixracının yüksəlməsi və qeyri-neft sektorunda ixrac potensialının artması sürətlənəcək”.

Bu qərarın məhsulların qiymətinin artıracağı ehtimalına toxunan məqalədə bildirilir ki, İqtisadiyyat və Sənaye Nazirliyi Mərkəzi Bankın İdarə Heyətinin valyuta məzənnələrində dəyişikliklər edilməsi ilə bağlı qərarı ilə əlaqədar məlumatında  bildirilir ki, adıçəkilən nazirlik  yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirləri daha da gücləndirilib və nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək: “Hazırda ticarət obyektlərində elə bir ciddi qiymət artımı müşahidə olunmur, dövlət orqanları bu vəziyyətə nəzarət edir. Əslində, qiymət artımına elə bir obyektiv əsas da yoxdur, çünki əksər ərzaq məhsulları respublikamızda istehsal olunur, buna görə də bahalaşma mümkün deyil. Belə vəziyyət bazarlarda da  müşahidə olunur.

Əhalinin bank əmanətləri əsasən xarici valyutada olduğuna görə, bu sahədə də elə bir ciddi problem nəzərə çarpmır. Mərkəzi Bankın İdarə Heyətinin sədri manatın dollara nisbətdə kursunun dəyişəcəyini bəyan etdikdən sonrakı bir həftə ərzində əhalinin əksər hissəsi banklardakı əmanətlərin xarici valyutaya konvertasiyasını həyata keçirdi. Hökumət əhalinin əziyyət çəkməməsi üçün hamıya əlverişli şərait yaradıb. Kreditlərin əksəriyyəti manatla verildiyinə görə, kredit alan şəxslər də hər hansı problemlə üzləşməyiblər. Bu vəziyyət həmçinin istehlak mallarını kreditlə alan şəxslərə də aiddir. Bu fikir ekspertlər tərəfindən də təsdiqlənir. Onlar bildirirlər ki, kredit götürülən zaman müqavilədə başqa hallar nəzərdə tutulmayıbsa, bankın müştəriləri elə o valyuta ilə də ödəyəcəklər. Qeyd edək ki, manatın ucuzlaşdırılmasından sonra vətəndaşlar arasında yaranan narahatlıqlardan biri də banklardan dollarla alınan kreditlərlə bağlı olub. Vətəndaşlar bu dəyişikliyi dövlətin büdcəni qorumaq, öz öhdəliklərini tam şəkildə yerinə yetirmək üçün zəruri addım kimi qiymətləndirir və mövcud qərara anlaşıqla yanaşırlar. Onlar bilirlər ki, digər neft istehsalçısı olan ölkələrdə daha mürəkkəb və problemli vəziyyət mövcuddur. Bir çox dövlətlərdə hökumət ciddi qiymət artımı və inflyasiyanın kəskin yüksəlməsinin qarşısını almaqda acizdir. Azərbaycanda isə hökumətin düşünülmüş  siyasəti nəticəsində sözügedən problem yoxdur.

Milli valyutamızın dollara nisbətdə dəyərinin ucuzlaşması  milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etməyə xidmət göstərir”.