Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov milli komandamızın dünya çempionatının qrup mərhələsindəki rəqiblərini dəyərləndirib.
“Qafqazinfo”ya açıqlama verən federasiya rəhbəri çətin qrupda mübarizə aparacağımızı bildirib. Axundov qeyd edib ki, nə qədər güclü qrup olsa da, növbəti mərhələyə adlamaq üçün əllərindən gələni edəcəklər: “Dünya reytinq cədvəlinin ilk “3-lüy”ündə qərarlaşan 2 komanda ilə düşdük. Bildiyiniz kimi İspaniya 1-ci, İran 3-cü pillənin sahibidir. Çox çətin qrupdur. Mundialın ən çətin qrupunda yer alırıq. Amma ümidimizi üzmürük. Komandamıza güvənib Kolumbiyaya yollanacağıq. Biz son ana qədər mübarizə aparıb 1/8 final mərhələsinə adlamağa çalışacağıq. Əvvəl planımızda İran millisi ilə yoldaşlıq görüşü nəzərdə tutulsa da, artıq bu görüş olmayacaq. Başqa rəqiblər seçəcəyik”.
Federasiya rəhbəri komandamızın hazırlıq planından və baş məşqçinin müəyyənləşəcəyi tarixdən danışıb: “İyunun 20-dən komanda hazırlıqlara başlayacaq. Çox ciddi şəkildə dünya çempionatına hazırlıqlar görürük. Fikrimcə, biz orda nəticə də qazana bilərik. Baş məşqçi məsələsinə gəlincə, üzümüzə gələn həftə bu həllini tapacaq. Hazırda 3 namizəd var. Onlardan biri ilə anlaşacağıq. Əvvəl namizədlər çox idi. Hər kəs burda çalışmaq istəyirdi. Amma biz 3 nəfərin üzərində qaldıq. Onlardan birini də seçəcəyik”.
Qeyd edək ki, millimiz İran, İspaniya və Mərakeşlə eyni qrupda yer alacaq.
Son xəbərlər
Son Xəbərlər