“Biz bütün qarabağlılar üçün çalışırıq” - Qurban Qurbanov

biz-butun-qarabaglilar-ucun-calisiriq-
Oxunma sayı: 1021

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun “Qafqazinfo”ya müsahibəsi

- Kubokunuz mübarəkdir...

- Hər bir idmançının arzusu çempion olub kubok almaqdır. Bu elədir ki, bir dəfə kuboka sahib olduqdan sonra onu hər dəfə istəyirsən. Sevinirəm ki, 3 ildir bu mükafata sahib çıxırıq. Bunun məsuliyyətini də dərk edirik. Daha da çox çalışmaq lazımdır. İdman prinsiplərini üstün tutmalıyıq.

- Mayın 25-də Azərbaycan kubokunun finalında “Neftçi” ilə qarşılaşacaqsınız. Son turlar rəqibiniz daha yaxşı oynayır. Bu barədə düşünmüsüz?

- Son turlarda onlar çox yaxşı çıxış edirlər. Hətta oyun sxemində də dəyişikliklər ediblər. Bu, bizi daha çox düşünməyə vadar edir. Final 1 oyundan ibarətdir və fərqlidir. “Neftçi”nun istəkli, sürətli futbolçuları var. Bəzən görürsən ki, bir klubda rəhbərliyin daha çox istəyi olur, futbolçunun olmur. Bəzən də əksinə olur. Amma “Neftçi”də hər kəsdə istək var. Bu məsuliyyəti hamı dərk edir. Final oyunu bəlli deyil ki, kimin olacaq. Hər iki komandaya uğurlar arzu edirəm.

- Bir illik əməyin bəhrəsini bu kuboka sığışdırmaq olar?

- Görünüş olaraq kubok kiçik olsa da, mahiyyəti böyükdür. Biz daha çox iş görməliyik.

- Komandadan gedəcək futbolçular bəllidir, yoxsa finalı gözləyirsiz?

- Hələ vaxtımız var. Sabahdan kubok hazırlıqlarına başlayırıq.

- Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü yenilənib. Ot örtüyü sizi razı salır?

- Belə pis deyil. Yeni ot örtüyü olduğu üçün müəyyən problemlər olacaq. Amma mütəxəssislər bildirdi ki, bir oyunla heç nə olmaz.

- AZAL-la oyuna tam heyətlə çıxmışdınız. Bu kuboka hazırlıq idi, yoxsa çempionluq münasibəti ilə idi?

- Biz uzun müddət eyni heyətlə oynamışıq. Yorğunluq var idi. Bəzi futbolçulara görə dəyişiklik edilmişdi.

- Ötən tur “Rəvan”a qarşı buraxdığınız heyət və məğlub olmağınız “Xəzər Lənkəran” cəbhəsində xoş qarşılanmadı. Yəqin ki, deyilənlər sizin də qulağınıza çatıb?

- Belə şeylərə o insan narahat olar ki, bu fikirdə olsun. Mən bunun şahidi oluram ki, bəziləri inanmasalar da, bu barədə söhbət edirlər. Hətta bəzi rəsmi şəxslərə də suallar ünvanlanır. Açığı, bunu qəbul etmirəm. Mən niyə narahat olmalıyam?! Bu, futbolun tərkib hissəsidir.

- Azarkeşlər qışqırır ki, kuboku Ağdama aparın...

- Bir dəfə bu kuboku Ağdama aparmışıq. Cəbhədə gərginlik olmuşdu və bizim igid oğlanlarımız şəhid oldu. Biz bütün qarabağlılar üçün çalışırıq. Kuboku lazım olan yerə lazım olan anda apara bilərik.

Elsevər