Bu gün Topaz Premyer Liqasında 8-ci tura yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, “Sumqayıt” evdə “İnter”lə 1:1 bərabərə qalıb.
Matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Samir Abasov heç-heçəni belə şərh edib:
“Oyunun çətin keçəcəyini bilirdik. Sözün açığı, “İnter” barədə düşünməmişdik, sadəcə, öz durumumuzu müzakirə edirdik. 10 gündür ki, komanda ilə birgəyəm. Düşünürəm ki, bu komanda ilə istəyimizə çatacağıq. Əsas məqsədimiz yaxşı oyun, yaxşı nəticədir. Çalışacağam ki, sürətli futbol sərgiləyək. Bu gün bir komanda kimi mübarizə apardıq. Həm oynayan, həm də ehtiyatda oturan futbolçulara təşəkkür edirəm”.
***
“İnter”in baş məşqçisi Zaur Svanadzenin şərhi:
“Bizim heyətlə bağlı problemlərimiz var. Zədəli, cəzalı oyunçularımız az deyil. “Sumqayıt”dan xal almağımız bizim üçün uğurlu sayıla bilər. Problemlərin fonunda xal götürmək sevindiricidir. Meydançada olan Elnur Abdullayev və Denis Silvanın da zədə ilə bağlı problemləri olsa da, meydançada idilər. Qapıçı Elşən Poladov bir neçə epizodda bizi xilas elədi. Oyun alınmayanda alınmır. Əgər qələbə yoxdursa, heç-heçə də normaldır”.
***
Digər oyunda “Xәzәr Lәnkәran” doğma meydanda AZAL-ı 3:1 hesabı ilə məğlub edib.
Matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Tərlan Əhmədov məğlubiyyəti belə şərh edib:
“Rəvan”la matçdan sonra düşərgədə vəziyyət yaxşı idi. Biz Lənkərana qələbə üçün gəlmişdik. Sadəcə, bəxtimiz gətirmədi. Rəqib layiq olduğu qələbəni qazandı. Məğlub olsaq da, sərgilənən futbola iradım yoxdur. Hazırkı heyətlə biz bu mübarizəyə girişmişik, mübarizə aparırıq və aparacağıq da. Məlumunuz olsun ki, mən istədiyim komandanı hələ qura bilməmişəm. Məğlub olmuşuqsa, burada ən böyük günahkar mənəm”.
***
“Xәzәr Lәnkәran”ın baş məşqçisi Yunis Hüseynovun şərhi:
“Biz qələbə üçün çalışırdıq, bunu da bacardıq. Qələbə qazansaq da, oyunun çətin keçdiyini deməliyəm. Bildiyiniz kimi, biz “Qəbələ”yə uduzmuşduq. Həmin ağır məğlubiyyətdən sonra gərginlik vardı. Gərginliyi fərdi söhbətlərdən sonra aradan qaldırıb, AZAL-ı düzgün şəkildə təhlil etdik. Qarşıda bizim ağır oyunlarımız var və həmin görüşlərə hazırlaşmalıyıq”.
Son xəbərlər
Son Xəbərlər