Qeyd edək ki, qalmaqallı nəvəsi də məşhur şairin adını daşıyır.
“Xərclədim gəncliyi...”
Xərclədim gəncliyi qara pul kimi
Yerini bilmədən, əsirgəmədən.
Vardan-yoxdan çıxan bir yoxsul kimi
Oxu axtarıram, axtarıram mən.
Kefdəmi, nəşələr qucağındamı
Getdi o illərim, getdi gəncliyim?
Gözəl xanımların dodağındamı
Soyuq öpüş kimi itdi gəncliyim?!
***
Yadıma sən düşürsən
Hər çiçəyin öz ətri,
hər gülün öz rəngi var,
Hər qəlbin öz istəyi,
öz sözü, ahəngi var.
Hər insan öz ömrünə
dost seçir, həmdəm seçir.
Mənimsə ürəyimdən
qəmli bir nisgil keçir,
Yadıma sən düşürsən.
Göydə bulud dolaşır
axşam düşür, yel əsir,
Heç bilmirəm nədəndir
könlüm belə tələsir.
Yollarına baxıram,
nə gələn var, nə gedən.
Qəlbimdəki intizar
nədir, düşünürəm mən.
Yadıma sən düşürsən.
Təklik üz verir mənə,
çıxıram otağımdan,
Sevgililər küçədə
deyib-gülür mehriban...
Onları belə xöşbəxt
belə məsud görəndə
Duyğular dalğa kimi
çırpınır bu sinəmdə,
Yadıma sən düşürsən.
***
Qu quşunun nəğməsi
Deyirsən: “Məhəbbət şeirlərinin
Hamısı qısadır - bir bənd, iki bənd”.
Deyirsən: “Deməli, şikəstdir sənin
Məhəbbət yolunda mindiyin səmənd”.
Əzizim, doğrudur, məhəbbətimdən
Uzun söz açdığım olmayıb hələ;
Sevgi söhbətində çox xəsisəm mən.
Neynim, təbiətim belədir, belə...
Dostum, bu məzəmmət, bu giley nədir?
Qoy mən söz açmayım sevgimdən daha.
Qu quşu nəğməni bir ağız deyir,
Ömründə bir ağız...
Amma nəğmə ha!..