İstedadlı telejurnalist, yazıçı-publisist Zakir Sadatlı 12 il axtarışdan sonra Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tanınmış simalarından olan Əziz Alpoudun “Həyatımın hekayətləri” adlı əsərinin əlyazmasını gizli arxivlərdən üzə çıxardıb və onu dilimizə uyğunlaşdıraraq çap etdirib.
Məlumat üçün bildirək ki, XX əsr Azərbaycan tarixinin ensiklopediyası adlandırılan bu əsər çox ciddi və maraqlı faktlarla zəngindir. Əsərdə XX əsin əvvəllərində Cənubi Qafqazda, İranda və Türkiyədə baş verən proseslər əks olunub. Kitabda Əziz Alpoudun Məhəmmədəmin Rəsulzadənin, o cümlədən digər demokratik respublika qurucularının ünvanına şok ittihamları, onları satqınlıqda ittiham edən fikirləri yer alıb. Olduqca maraqlı və qalmaqallı məqamların yer aldığı kitabın elektron versiyası müəllif tərəfindən “Qafqazinfo”ya təqdim olunub. Biz kitabı bu gündən hissə-hissə çap etmək fikrindəyik. Kitabda yer alan fikirlərlə bağlı müzakirələrə qoşulmaq istəyənlər öz rəylərini göndərə bilərlər.
Rusiyada siyasi hava
Bakının da siyasi ab-havası gərgindi. Rusların yerli idarəçiləri gərgin və əsəbi görünürdü. Artıq əvvəlki kimi ,türklərlə qaba davranmır, gördüklərini görməməzliyə vururdular. Demək, cəbhədə işləri heç də yaxşı getmirdi.Onsuz da rəsmən verilən xəbərlərə də yaxşı demək olmazdı. Məsələn, Moskva və ya Peterburq qəzetlərində qəribə cümlələrlə rastlaşırdın: Filan cəbhədə ordumuz müzəffəranə geri çəkilir...
Rusların göstərdikləri acizlikdən faydalanan Türklər və ermənilər fəaliyyətə keçmişdilər. Burada nəşr olunan iki rusdilli qəzeti-“Kaspiy”i Türklər; “Baku”nu ermənilər ələ keçirmişdilər .Öz milli davaları ilə bağlı yazmağa başlamışdılar. Ermənilər bizə qarşı cəbhə açır, biz də cavab verib, özümüzü müdafiə etməyə çalışırdıq. Bəstəkar Üzeyir Hacıbəylinin qardaşı Ceyhun bəyin təkidilə mən də oraya vaxtaşırı yazılar verməyə başladım. Bizdə olduğu kimi başqa Türk yurdlarında da milli hərəkat başlamışdı. Bəzən onlarla əlbir olurduq.
Yazın əvvəlində yenidən Dorpata getdim. Bu dəfə universitetə yaxın, təpədə bir ev tutdum. İkimərtəbəli evin üst qatında ev yiyələri öz dairələrində mənə bir otaq verdilər. İşləmək üçün çox yaxşıydı, lakin bir eybi vardı- əl-üz yuyan yer yemək otağından taxta arakəsmə ilə ayrılmışdı.
İlk bahara rəğmən qarlı və fırtınalı bir gündü.O gün bir az rahatsız olduğumdan, evdə qalmışdım. Mədəm pozulmuşdu, üşüdürdüm. Nahar zamanıydı. Ev sahibləri masa ətrafında oturub iştahla yemək yeyirdilər.Özümü saxlaya bilmədim, üzr istəyib girdim tualetə; lakin çıxdığım zaman masanın ətrafında kimsəni görmədim.”Gurultu” hamısını pərən-pərən salmışdı. Utandığımdan ev sahiblərinin üzünə baxa bilmirdim. Ancaq çox yaxşı insan olan ev sahibləri, səhhətimi soruşmağa gəlmişdilər.
Alt mərtəbədə bir rus ailəsi yaşayırdı. Gənc qadın və 11-12 yaşlı oğlan uşağı. Onlar cəbhədən yaxşı xəbər gələndə qabaq qənşər durub, tullana-tullana oynayırdılar, belə ki, gurultudan, səs-küydən güclə çalışa bilirdim. Lakin bəd xəbər gələndə susurdular. Mən isə “Şeyx Şamil” oynayırdım. Son vaxtlar onların səsi çıxmırdı.
Var gücümlə imtahanlara hazırlaşırdım ki, üç ilə universiteti bitirim. Apreldə imtahanları verib, təkrar Bakıya qayıtdım.Moskva və Peterburq xətlərindən bütün yaralı daşıyan qatarlar keçirdi. Rusların üzləri heç gülmürdü.Qəzetlərdə, əvvəlki hapa-gopa basmalar da azalmışdı.Hər tərəfdə ərzaq qıtlığı hiss olunurdu.
Güneyə-elə Qafqaza çatan kimi vəziyyət dəyişdi; ərzaq o qədər bol olmasa da, hər şey vardı. O yay yenə də Dilicana getdik. Əyriqara çıxdıq. Bir müddət qohumlarımızın çadırlarında qonaq qaldım.Yenə də Dilicana endim.Göyçə gölündən gələn alabalıqlardan yedik.Qazaxa qonaq getdik. Nəhayət, geri dönməyin vaxtı gəldi.
Avqustun sonlarında Dorpata yola düşdüm.Bu gedişim əvvəlki kimi xoş deyildi. Vaqonlar basabas idi. Hələ Moskvadan Peterburqa və oradan da Dorpata qatarla getmək dözülməzdi. Cəbhə yaxın olduğu üçün almanlar artıq Baltik sahillərinə yaxınlaşırdılar.Vaqonlarda yer və yataq bileti soruşan yox idi- hamı minirdi. Rusiyadakı köhnə nizam-intizam pozulmağa başlamışdı. Dorpata çatıb, özümə otaq axtarmağa başladım.Yusiflə İsmayıl hələ gəlməmişdilər. Rutli Uulisdə bir mağaza vardı, orada ev elanları olurdu. Doğrudan da işimə yarıyacaq bir ünvan götürdüm. Körpüyə yaxın, küçənin başındakı saatçının eviydi.Otaq həm yaxşı, həm də işləmək üçün əlverişliydi. Razılaşdıq. Stansiyadakı “Əmanət”dən əşyalarımı gətirib, yerləşməyə başladım. Birdən qapı döyüldü, buyurun deyəndə, içəriyə on beş yaşlarında bir qız girdi. Estonca “Tere-tere” deyə, salam verdi, məcməyidə gətirdiyi samovarı masanın üstünə qoyub getdi.
Payızda daha bir neçə imtahan verməkdə qərarlıydım.Ona görə də gecəyarısına qədər oxuyurdum. Qız otağıma yaxşı baxırdı, hər tərəfdə səliqə-səhman vardı. Mən işləyən vaxt samovarı əksik etməzdi. Bir axşam mənə çox yaxın gəldi. Dərslərə, imtahanlara aid suallar verdi. Qayğıkeşliyinə görə ona təşəkkür edərək, yanağından öpdüm.O da mənə qarşılıq verdi, amma dodaqlarımdan öpdü. Bu soyuq məmləkətin istiqanlı qızına heyrətləndim... Üstündən bir neçə gün keçmişdi.Yenə də axşam dərslərə baş vurmşdum.Qonşu mətbəxdən səs gəlmirdi. Samovarı gətirməkçün mətbəxə girərkən, baxdım ki, qız sıxıla-sıxıla üzümə baxıb, gülümsəyir. Ağlıma gəldi ki, ona eyni cür cavab verim. Bir söz demədən, boynuna sarılaraq dodaqlarından öpməyə başladım. Qız utandığından qızarıb pörtmüşdü: ”Mən deyiləm, o mənim əkiz bacımdır!..”-deyə, kəkələdi. Səhv iş tutduğumu anladım, amma iş-işdən keçmişdi. Artıq samovar üçün hər ikisinə eyni şəkildə təşəkkür etməliydim. Nə etməli: Başa gələn çəkilər.
Bu arada otağıma çalışmaq bəhanəsiylə qız dostlarım da gəlməyə başladılar.Xüsusən, yəhudi qızları çox sərbəstdilər.Oğlan dostlarımdan öyrəndiyimə görə, bu qızlar təhlükəli və kişi ovçularıymış. Adamın başına hiyləgərcəsinə oyun açıb, buraxırmışlar. Bunları bildiyim üçün toplantılara Yusifi də özümlə aparırdım. Beləliklə, hər hansı təhlükədən özümüzü sığortalayırdıq.
1917 - ci ilin fevral inqilabı
1917-ci ilin qışı həm tez gəlmişdi, həm də çox şiddətli soyuqlar düşmüşdü.Rus orduları pərt olmuşdu, durmadan geri çəkilirdi. Artıq qəzetlər də uydurmlardan əl çəkmişdi. Hətta, Çarın özünün cəbhəyə getməyi belə, ordunu ruhlandıra bilməmişdi.Əslində, ordunun içərisinə inqilab bəyənnamələri yayılır, müharibənin nahaq qan tökməkdən savayı bir şey olmadığı təbliğatı aparılırdı. Çarlığa qarşı açıq bir nifrət duyulurdu. Hər cür məğlubiyyət, aclıq, səfalət çar üsul-idarəsinin üzərinə qoyuludu.Hamı çarizmin yıxılmasını arzu edirdi. Ruslar inqilab edib, rejimi dəyişdirməyi; digər millətlər isə çarlığın çökməsi ilə rus boyunduruğundan qurtulacaqlarını zənn edirdilər. Bu baxımdan çarizmə qarşı hamı birləşmişdi. İnqilabçı rus partiyaları da, əlbir olub çarlığı yıxmaq üçün əlləşirdilər.
Bizim universitetdə də inqilab havası duyulurdu.Orda-burda inqilabi bəyənnamələr yayılırdı, bəzi tələbələr yaxalanıb, həbsə atılırdı.Vəziyyət get-gedə qızışırdı. Nəhayət, soyuq bir Fevral günü ,otuz altı dərəcə şaxtalı bir havada çarı yıxdılar. Dorpat şəhərinə tələbələr sahibləndilər. Jandarma və polis idarələrinə basqın oldu, cəbbəxanalar dağıdıldı, silahlar ələ keçirildi. Jandarma komandanı və yüksək rütbəli asayiş məmurları həbsə atıldılar, tələbələr ordudan çıxarıldılar. Xülasə,”şaxsey-vaxsey” günüydü. Mənə bir köhnə mauzer verdilər. Hər an cəbhədən əsgər gözlənilirdi- təbii ki, çarın sadiq qüvvələri tərəfindən... Poçt, teleqraf əlimiizə keçmişdi. Məni teleqraf komissarı təyin etmişdilər. Cəbhədən gələn bütün telelqramlara nəzarət edirdim. Bir çoxunu qəsdən alıb gizlədirdim. Milliyyətcə rus olan teleqraf məmurları mənə çox əsəbiləşirdi, əlimdən zəncir çeynəyirdilər. Hər halda, məqsədimi başa düşmüşdülər, amma qorxudan səslərini çıxar bilmirdilər: İnqilab olmuşdu!..
Bir həftə sonra şəhəri estonların öhdəsinə buraxıb, tələbələr üçün hazırlanmış və Qafqaza qədər gedəcək qatarla yola düşdük. İnqilabın qırmızı bayraqları ilə bəzənmiş uzun qatarımız Peterburqa girdiyi vaxt, inqilabçılar bizi salamlayırdı- sanki böyük bir iş görmüşdük... Qısa bir müddətə şəhərə çıxdıq.Küçələrdə, qəzetlərin əksəriyyətində çarın qoca şəkili vurulmuşdu. Şəklin üstündə qoca çarın üzünə yıxılmağını sübut edən möhür basılmışdı. Beləliklə,Çar II Nİkolay taxtdan salınmışdı. Dövlətin idarəçiliyini Kerenskiy ələ almışdı və ”hər nə olur olsun, sona qədər müharibə!” parolunu elan etmişdi. Təmsilçilər Məclisi çağırılmış, köhnə rus imperiyasının bu başından o başınadək bir hərəkət, qaynaşma və canlanma müşahidə etmək olardı. Şimali Qafqaz da, biz də... Bütün Qafqaz Türkləri qaynaşırdı.Bakıda qurduğumuz “Qafqaz Türk-Müsəlman Tələbə Birliyi” məni başqan seçdi. Milyoner Musa Nağıyevin oğlu İsmayılın xatirəsinə tikdiriyi və millətə hədiyyə etdiyi “İsmailiyə” binasında bizə də iki otaq ayrıldı. Qısa bir vaxt ərzində olduqca çoxalıb genişləndik və qüvvətli bir təşkilat halına gəldik.
Bir daha Dorpata dönmədim. Sənədlərimi Xarkov Universitetinə dəyişdirdim. Çünki üç-dörd gün ekspreslərlə yol getmək bu şəraitdə ancaq beş-altı günə mümkün olurdu- o da əgər yer tapılsaydı.
Xarkov Univesitetindən cavab gələr- gəlməz, yola düşdüm.Tələbə yataqxanasında yer aldım. Dəhlizin hər iki tərəfində otaqlar sıralanmışdı.Ukraynalı bir qız xidmətçiydi. Təmizliyi, çayımızı o hazırlayırdı. Hüquqçu tələbələrdən biri uzun, qırmızı zolaqlı uniforma geymiş (o vaxtlar ali məktəb tələbələrininn hamısının uniformaları və şapkaları vardı) ətiromandı; gecə yarısı koridora çıxar və ətir şüşəsini burnuna dayayaraq, nəfəs alardı. Hər tərəfdən ətir qoxusu gələr, otaqlardan bu rus tələbəyə söyüş söyərdilər. Ancaq o heç nəyi qulağına almaz, kefi istəyən qədər davam edərdi. Bunun necə bir keyf olduğunu onun özündən öyrənə bilmədim.
Yayı Şimali Qafqazda keçirdik. Bacımgilin Dəmirsuda (Jeleznovodsk) gözəl və geniş villaları vardı.Ətrafı bütün meşəylə əhatələnmişdi.Villamıza yaxın bir gözəl və baxımlı bir park vardı. Həftədə bir neçə gün orkestr çalar, salonda tans olardı. Mən o an milli (çərkəz) qiyafəsi geyinərdim. Heç müasir libasda gəzməzdim.Bakıya dönəndə qatarlar basırıq olardı. Bizimkilər pis yer almışdılar.Yusiflə mən ancaq vaqonların yük daşınan bölməsində yer tapa bilmişdik. Eyni yerdə iki gənc qadın çemodanların üstündə yerləşmişdi. Onlar gecə Yusiflə mənim ayaq üstə yatdığımızı görüb, yanlarına çağırdılar və qucaqlarına aldılar. Çox nəşəli Polşalı qadınlardı. Mənimkinin adı- Anna Andreyevna Kuvarina-Belskaya idi. Peterburqlu bir mühəndisin arvadıydı. Səhərə yaxın biz axtarış apardıq və onlara təşəkkür edib ayrıldıq.Təbii ki, bir-birimizə ünvan verməyi də unutmadıq.Sonralar bu qadını mənə ulu Tanrının göndərdiyini başa düşdüm... Ancaq üstündən bir neçə illər keçəndən sonra...
Bakı qurultayı
Bakıda bir müddət qalıb, yenə də bizim tələbə işləriylə məşğul olmağa başladım. Bu arada “Qafqaz Türk-Müsəlmanları”nın Bakıda qurultayı açıldı. Bütün bölgələrdən gələn milli qiyafəli tələbələr Bakıda toplandılar. Qurultay “İsmailiyə” binasında keçirilirdi. Mən də bir dostumla qurultaya Tələbə Birliyinin təmsilçisi olaraq dəvətliydik. Döşümüzə yaşıl rəngli Ay nişanları taxmışdıq.
Tədbir bir neçə gün çəkdi və çox həyəcanlı keçdi.Şimali Qafqazlı qardaşlarımız qurultaya milli geyimdə gəlmişdilər. Səhnədə hər məmləkətin mahnıları səsləndi, fişənglər atıldı və nəhayət, müzakirələr başlandı.O cümlədən mən türkcəm demək olar ki,zəif olduğundan (bütün təhsilimi rusca almışdım) mənə növbə çatanda Rus dilində danışmağa başladım. Amma çox haqlı olaraq, salonda bir gurultu qopdu:”Ana dilində danış!” Bu dəfə bildiyim qədər sadə cümlələrlə ali məktəb tələbələrimizin fikrini bildirdim.Türkçülükdən bəhs etdiyimi duyan “Ədəmi Mərkəziyyət Türk Federativ Partiyası” başqanı, sonralar Azərbayacan Cümhuriyyətinin sıra ilə ikinci Baş naziri olan Nəsib bəy Yusifbəyli, kürsüdən düşəndən sonra gülərüzlə mənə yaxınlaşdı, fikirlərimə görə təbrik edəndən sonra əlavə olaraq:”Eyni ideyaya xidmət etdiyimizə görə birliyiniz bizim partiyaya daxil olsun”-deyərək, təklif etdi. Tələbə olaraq heç bir partiyaya keçməyəcəyimizi ona söylədim. Dost kimi ayrıldıq. Bu arada Müftü (sünnilərin dini başçısı) ilə Şeyxülislam (şiələrin dini başçısı) əl-ələ verərək, alqışlar altında kürsüyə qalxdılar. Hər ikisi də eyni şeyi dedi:”Hamımız qardaşıq, Türkük! İndiyə kimi yalnış yollarla getmişik, artıq buna son qoymağın vaxtı çatıb. Sünnilik, şiəlik- bunlar hamısı boş şeylərdir.Dinimiz İslam dinidir, kitabımız Qurandır, Peyğəmbərimiz Həzrəti Məhəmməddir. Bundan sonra “sünnilik”, “şiəlik” təfriqəsi salanlara Allah lənət eləsin. İkimizdən birimiz Allah rəhmətinə qovuşduğu zaman, yalnız birimiz bütöv Müsəlman qardaşlarımızın dini, ruhani rəhbəri olacaqdır”.
Bu sözləri alqışlar altında söyləyib, qucaqlaşıb öpüşdülər. Bütün millət sevinc içində bir-birini bağrına basırdı.Göz yaşı tökənlər də vardı- sevinc göz yaşları...
Xarkovda
Sentyabrda Xarkova qayıtdım. Universitetdə professor Popovun tibbi təhsil alan qızı Vera ilə görüşdüm. Onunla Dəmirsuda bir tans vaxtı tanış olub dostlaşmışdıq. Məni mütləq evlərində gözləyəcəyini dedi və ünvanını verdi. Mən utanıb getmədim.
Bir gün səhər bizim xidmətçi qız, bir qadının məni axtardığını deyəndə, qarşımda Veranın xidmətçisini gördüm. Bir “dəvət kağızı” ilə gəlmişdi.Vera məni bazar günü axşam çay süfrəsinə çağırırdı. Rədd etmədim. Həm də çox məmnun oldum, çünki Veranı ilk dəfə görəndə çox bəyənmişdim...
Bazar günü saat beşdə Veragilin evinə, çay qonaqlığına getdim. Atası xoşrəftar bir kişiydi, professordan daha çox Ukraynanın kənd adamlarına oxşayırdı.Ucaboylu, pəhlivan cüssəli bir adamdı. Anası isə əksinə, nərmənazik bir qadındı. Hamısı məni cox səmimi və gülərüzlə qarşıladılar. Mən milli qiyafədə gəlmişdim. Evlərinə girən kimi, adətə görə papağımı çıxardım.Qonaq otağında Veranın bir neçə qız və oğlan tələbə yoldaşları vardı.Vera hamısı ilə məni tanış etdi. Çay, mürəbbə, içkilər (vodka, çaxır) gəldi. Mən içki içmədiyimi deyəndə, hamısı çaşdı:”Necə ola bilər ki, ali məktəb tələbəsi içki içməsin?..”
Vera şirin, sarışın bir qızdı, saçları platin rəngli, buruq-buruq, uzun kiprikləri iri göy gözlərini sıralanmış ox kimi qoruyurdu. Elə bir şən gülümsəməsi vardı ki, adamın ürəyini işıqlandırırdı. Söhbət zamanı hamı cəbhədəki nişanlısı Volodyanı soruşurdu, o da həyəcanla danışırdı. Doğrusu, bu Volodyanı qısqandım... Qısqanclığımı hər halda Vera da anlayırdı. Ona görə də, böyrümdə oturaraq, mənə iltifat göstərirdi. Ertəsi gün mənə parkda gəzməyə söz verdi.
Ertəsi gün Vera ilə parkın qapısında vədələşdiyimiz vaxt görüşdük. Çox həyəcanla və həm də səmimi şəkildə məni qarşıladı. Doğrusu, buna çox sevindim və mən də həyəcanlandım. Parkın hər iki tərəfi ağaclarla örtülü dar yollarıyla dolaşıb danışırdıq. Bir anda Vera qoluma girdi və utancaq halda:”Neyçin siz daha əvvəl qarşıma çıxmadınız?”-deyə, sıxıla-sıxıla soruşdu. Ətrafı ağac və sarmaşıqlarla örtülü bir skamayaya oturduq. Şirin-şirin danışırdıq. Bu vaxt Vera gözlənilmədən boynuma sarıldı və dodaqlarını dodaqlarıma yapışdırdı. Öpər-öpməz yerindən sıçrayıb:”Ah, mən neylədim!..”-deyə qaçdı. Mən arxasınca gedib güclə ona çatdım və dayanması üçün yalvardım. Lakin Vera dayanmadan qaçırdı.Yalnız parkın qapısına çatanda dayanıb, qoluma girdi və başıaşağı, susaraq böyrümdə addımladı. Bu öz-ozünə:”Mən belə etməməliydim... Yaxşı adam deyiləm... Söz vermişəm... Başqasını sevməyə haqqım yoxdur...” Var gücümlə ona təskinlik verirdim, onu yaxşı anlayırdım.
Təsadüfən mənim fikrimi anlayırmış kimi:”O özü burada olsaydı, başqa məsələ... Özünə deyərdim... Məni başa düşərdi... Amma indi mümükün deyil, anlayırsanmı?.. Olmaz ki, anlamayasan!”
Onu haqlı bilirdim.
Oktyabr inqilabına doğru
Havalar xeyli soyumuşdu.Vaqiə Dorpatdakına bənzəməsə də, amma yenə də hiss ediləcək qədər soyuq idi. Hər tərəfdə “işçi və əsgər şuraları” təşkil edilirdi. Silah gəzdirməyə qarşı, bu şuralar tərəfindən nifrət alovlanırdı. Bir tərəfdən də məmləkətin müxtəlif yerlərində əsgərlər arasında qanlı çarpışmalar da olurdu. Görünürdü ki, Kerenskiy artıq vəziyyətə nəzarət edə bilmir...
Bir ara xəbər yayıldı: Şimali Qafqazda yerli əhali ilə orada çarlıq dövründə yerləşdirilmiş ruslar arasında qanlı savaşlar olur, əlinə silah götürən qafqazlılar öldürülürdü. Bir yandan da yollar bağlı idi.
Gerçəkdən də artıq Bakıdan pul gəlmirdi. Məcbur oldum, imtahanlar başa çatana qədər bir iş tapım. Beləliklə, qısa bir vaxtda tanışlar vasitəsilə Xarkov vergi dairəsində bir iş tapdım. Otaq kirəsini və yarı ac-yarı tox keçinməyimi də təmin etmək mümkün idi. Təbii ki, bu vəziyyətdən Veranın xəbəri yoxdu: olsa idi, bircə gün də məni yeməksiz buraxmazdı. Lakin qürurum buna yol vermirdi.
Bir gün türk dostlarım şad xəbər gətirdilər: Məhərrəm ayı münasibətilə hər axşam Xarkovda velosiped mağazasının sahibi, bizim həmyerlimiz ehsan verir. Bundan məmnuniyyətlə faydalandıq; həm Quran oxunur, dua edilir, həm də axşam yeməyi ilə çay verilirdi. Bu şəxs də savab yiyəsi olurdu...
Kerenskiy hökuməti, çar pullarının əvəzində dəyəri gündən-günə düşən, böyük poçt markasını xatırladan, iki rəngdə- əskinaz halında sarı və yaşıl rəngdə iyirmi və qırx rubulluq pullar çıxarırdı. Maaş olaraq da bu əskinaslar verilirdi.Cırılmışlarını artıq özümüz yapışdırırdıq.
Vəziyyət gündən-günə ağırlaşırdı. Şəhərin meydanlarında işçilər, əsgərlər toplanır, içki anbarlarına hücumlar olur, zabitlərə qarşı nifrət dolu nitqlər söyləyib, qışqırırdılar. Bir ara işçilər işi o dərəcə azaltdılar ki, şərab mağazalarına da hücum etməli oldular. Bir gün günorta namazı vaxtı milli geyimdə Neteçenko məhəlləsindən keçirdim. Meydanda bir qələbəlik vardı. Biri fəhlə qiyafəsində və məlum yəhudi şivəsilə nitq söyləyirdi- zabitlətin, polislərin məhv edilməsi barədə danışırdı. Bu ara izdihamın içindəki bir şəxsi göstərərək:”Bunu görürsünüzmü, bu adam burjua uşağı, polis komissarıdır”-deyəndə, camaat:”Məhv olsun polislər!”-deyə hayqıraraq, o adamı ayaqlamağa başlayıb, şilküt elədilər. Bu vaxt eyni kürsüyə başqa bir fəhlə çıxdı:”Bu yəhudi bicini görürüsünüzmü?.. Onun atası zəngin zərgərdir.O,sizi qızışdırdı, yazıq, günahsız adamı öldürdünüz...”
Bu dəfə azğın kütlə coşdu. Keçmiş çarlıq dövrünün “poqramlar”ı yaddaşlarda canlandı. Kütlə donquldamağa başladı:”Alçaq yəhudilər! Məmləkətin baş bəlası bunlardır!.. Vurun, əzin bu murdar böcəyi...”
Və eyni kütlə yəhudinin üstünə düşdü. Bir anda kütlənin ayaqları altılnda yəhudi məhv oldu...
Durmadan meydana şərab çəlləkləri, yeşik dolusu şüşələr gəlir; kişili-qadınlı xalq coşub oynayır, atılıb düşür, nitq söyləyir, lakin dinləyən yoxdu... Hamı bağırıb, ağzına gələni danışırdı.
Bu vaxt kütlənin içindən bir neçə nəfər qışqırdı:”Bax, o gedən zabitdir; yaxalayın tutun... Gəbərdin onu!..”
Zabit təhlükəni duyub, iri addımlarla meydanın üstündəki örtülü yerə tərəf irəlilədi. Mənim ona yazığım gəldi, arxasınca qaçdım və pasaj nərdivanlarının başında zabitə çata bildim. Dərhal onu qadın əşyaları satılan kiçik və qapısından tül pərdələr asılmış bir dükana saldım və özüm:”Tutun, zabiti! Qaçır!”-deyə, bağıraraq, dəhlizdə irəliyə doğru qaçmağa başladım...
Arxadan gələn sərxoş kütlə, qışqırdığımı görüb, dalımca qaçdı, dəhlizin o biri başından yenə də meydana çıxdı və mənim arxamca gələrək, dar bir küçəyə girdi... Təbii,”zabit hər hansı bir evəsə girdi”-deyə, düşündülər. Sərxoşlar beləcə dağılışıb, əvvəlki qələbəliyə qarışdı...
Vətənə dönüş
Artıq evə- Bakıya dönmək imkanlarımı aramaq vaxtı çatmışdı.Beləliklə, Qafqazlı tələbələr, Əsgər və İşçi təmsilçiləri Sovetinə baş vuraraq , bir vaqonla təmin edildilər.Vera ilə son dəfə görüşüb, vidalaşdıq. Artıq, mühitlər və həyat düşüncələri ayrılırdı. Məmləkətlərimiz ayrı, milətlərimiz ayrı, qurulacağını düşündüyümüz dövlətlər də ayrıyıdı.O, Ukraynalı, mən isə Azərbaycanlıydım!
Yenə də səmimi dost olaraq ayrıldıq. Gözü yaşlı, stansiyaya gəldi və məni şəfqətlə öpdü. Bu adi öpüş deyildi, əbədi ayrılan iki dostun vidalaşmasıydı...
Yolçuluğum bir neçə gün uzandı.Çünki dəmir yolları normal işləmirdi.Ölkədə nizam-intizam deyilən bir şey qalmamışdı, yeri gəldi- gəlmədi əsgərlər qatarları dayandırıb, lüzumsuz müdaxilələr edilirdi. Artıq heç bir yerdə zabitlərə və uniformalılara rast gəlmək mümkün deyildi. Çünki əsgərlərin paqonlarını sökmüşdülər, ancaq sinələrində qırmızı nişanları qalırdı-İnqilab rəmzi kimi... Hər birinin əlində tüfəng, qrup halında bir yerdən başqa yerə yola salmaq üçün hamısını vaqonlara doldurub, onların arasında gizlənmiş zabitləri axtarırdılar.Deyilənə görə şimal əyalətlərdə artıq Kerenskiy hakimiyyəti çökmüş, əvəzində kommunistlər; yəni Lenin, Trotskiy və dostları idarəçiliyi ələ keçirmişdilər. Onlar da zabitləri təqib edirdilər.
Şimali Qafqaza gəldikdə isə vəziyyət büsbütün qarışıqdı. Burada çarın yerləşdirdiyi kazaklar, yerli xalqların baş qaldırmasının qarşısın almaq və onların silahlanmaması üçün bütün vasitələrə əl atırdılar.Əgər, silahlı bir yerli sakinə rsat gəlirdilərsə, dərhal vaqondan bayıra atıb onu öldürürdülər.
”Beslan” stansiyasında buna bənzər bir vəhşiliklə qarşılaşdıq:Vaqondan bir dağlını çıxardılar, mən səsə başımı çölə çıxarıb baxanda, onu yerə sərilmiş halda gördüm.Papağı özündən xeyli aralıya düşmüş, başından qan fışqırır və yazıq bir əliylə yaralı başını tutmağa can atırdı. Bir azdan onun əlləri sustaldı. Ətrafına yığışmış ruslar isə böyük uğur əldə etmiş kimi xəncərlərini qınlarına qoyaraq, vaqona tərəf getdilər.
Nəhayət, qatar yola düşdü, lakin üstündən neçə-neçə illərin ötməsinə baxmayaraq, rusların törətdiyi o vəhşilik hələ də gözlərimin önündədir. O gündən etibarən ruslara nifrət edirəm.Və həyatım boyu onlara qarşı mübarizə apardım.Təbii ki, ruslar arasında da yaxşı insanlara rast gəlmək mümükündü, amma bir millət kimi... qəd-dar-dır-lar! Onlar hər bir millətin başına bəladırlar. Əllərinə fürsət düşən kimi, o milləti məhv etməyə, slavyanlaşdırmağa və ya ruslaşdırmağa çalışırlar.
Müstəqilliyə hazırlıq
Bu hisslərlə Bakıya gəldim. Dərhal tələbə təşkilatını topladım. İlk növbədə silah əldə etmək gərəkdi. Bunun üçünsə, pul lazım idi: haradan tapılacaqdı bu pul... Bir çox zənginlərimizə ağız açdıq, onların vasitəsiylə silah təminatına başlanıldı. Lakin silahların əldə edilməsi çox çətindi.Çünki Qafqaz cəbhəsindən darmadağın olub, geri qayıdan rus və erməni birlikləri, zəngin Bakı və Bakıətrafında yerləşirdi. Silahların çoxunu da erməni milli təşkilatları öz dığaları vasitəsilə asanlıqala əldə edir, bizim əlimizə isə sınıq-salxaq və ya qarışıq silahlar keçirdi. Yorulmadan çalışırdım.
Bakıda, Çəmbərəkənd məscidinin həyətinə bizim rus ordusundan gələn zabitlərimiz və nizami əsgərlərimiz yerləşdirilirdi. Bu zabitlər, daha çox süvarilər- rusların “Dikaya Diviziya” (“Vəhşi süvari diviziyası”) adlandırdıqları və Avstriya cəbhəsinə göndərilmiş Qafqazlı və Azərbaycanlı Müsəlman türk birliklərindəndi.
Bu ərəfədə əsgərlərimizin sayı yüz iyirmi nəfər oldu. Hamımız da süvari döyüş təlimi keçirdik. Mən onbaşı təyin olunmuşdum. Bizim yalnız on üç tüfəngimiz vardı, hərəsi də bir cür: ”Lebel”,”Berdan”,”Aynalı” adlanan, Türkiyədən gəlmə onatan tüfəng( o mənimkiydi), rus “Beşaçılan”ı və.s.
Bu vəziyyətdə patron təminatı da çox çətin və ağır durumdaydı. Erməni və rus birliklərindən gizlədilmiş şəraitdə öz milli ordumuzu qurmağa çalışırdıq.Lakin fəaliyyətimizi öyrənən ermənilər rusları bizə qarşı qısqırtmağa başlamışdılar. Guya ki, bizə silah versələr, türklər ətrafdakı rusları qıracaqdılar-deyə.
Lənkərana köçmək
Rahat fəaliyyət göstərmək üçün əsgəri dəstəni, daha doğrusu,”Erkən”i başqa yerə dəyişmək gərəkdi. Zabitlərlə bir iclas keçirdik və bu qərara gəldik ki, bizim hərbi dəstə Lənkərana köçsün. Bakıda isə Hərbi Məktəb yaradılsın və başında da albay (polkovnik) Tabasaranlı (Dağıstanlı) dursun. Elə də elədik. Tələbələr üçün birləşmiş Hərbi Məktəb fəaliyyətə başladı. Bizsə, Nağıyevlərin “Evelina” adlı çar gəmisi ilə gecələrin birində Lənkərana yola düşdük. Başçımız minbaşı İsgəndər İsgəndərbəyli, baş leytenat Əli Əsədullayev və polşalı baş leytenant Koşmaryevskiy , habelə, yüz iyirmi nəfərdən ibarət “ordumuz” səhərə yaxın Lənkərana çatdıq. Liman olmadığı üçün qayıqlarla sahilə çıxdıq. Sahildə dörd sıra , süvari qayda ilə sıraya düzüldük. İsgəndərbəyli başa keçdi. Bizsə, on üç tüfənglə kənarda dayandıq.O biri yoldaşlarımızın yalnız tapançası vardı. Bəzilərinin isə heç silahı da yox idi. İsgəndərbəyli qılıncını sıyırıb:”İrəli, marş!” əmri verən kimi, hamımız bir ağızdan :”Mən bir Türkəm; dinim, nəslim uludur!” oxuyaraq və bu marşın sədaları altında addımlamağa başladıq.Toplanan seyrçilər bizi:”Yaşa,var ol!”-deyə, alqışladılar.
Az sonra, əvvəlcədən ələ keçirilmiş rus məktəbinə çatdıq.Yerləşdiyimiz məktəb Lənkəran çayının bəri tərəfindəydi; rus süvari birlikləri isə çayın o biri tərəfindəydi.
Gecə basqını
Şəhərdəki türklərdən aldığımız məlumata görə, rus qoşunları bir-birinə yaxın olan iki məntəqədə yerləşmişdi. Ayrıca, meşə səmtindəki rus kəndi də (onlar Türkləri qovub, özləri yerləşmişdilər) təhlükəli hesab olunurdu. Bu məlumatları əldə edəndən sonra, qərargah otağında toplantı keçirdik. Bu məxfi yığıncaqda, onbaşı olmağıma baxmayaraq, mən də iştirak edirdim; eynən də dostum ( o da tələbə idi) milyoner Hacı Zaynalabdin Tağıyevin oğlu Məhəmməd kimi... Bu oğlan çox millətçi və yaxşı ürəyi olan bir əsgərdi.O da mənim kimi könüllüydü. Bu toplantı qısa oldu. Mənə tapşırıq verildi: Borcum, bir əsgərlə birlikdə Lənkəran çayını keçərək, rus məntəqələrinin növbətçi durumunu öyrənməkdi.
Bu əməliyyata mənimlə bərabər getməyə, könüllü olaraq Dağıstanlı olan Talib Bukeyev razılıq verdi.Çox vaxt gecənin qaranlığında onunla Lənkəran çayını keçərkən, silahlarımızın lüləsini göyə qaldıraraq, sürünə-sürünə müşahidə aparırdıq.Talıb döyüşə hazır vəziyyətdə pusquda dayanırdı.
Müşahidələrimiz qısa müddətdə nəticə verdi.”Baş qərargahımız” yenidən toplandı və qərar verdi: Eyni vaxtda gecə hərbi məntəqənin hər ikisinə basqın edəcəkdik. Altmış nəfərə altı tüfənglə hərbi hissənin birinə, altmış nəfərə yeddi tüfənglə digərinə hücum etmək həvalə olundu. Basqın, zabitlərin əmri ilə icra olunacaqdı...
Qaranlıq bir qış gecəsiydi; narın yağış çisələyirdi. İki qrup halında çayı səssiz-səmirsiz keçib, hərbi hissəyə yaxınlaşdıq. Növbətçilərin xəbəri olmadan biz ətrafı mühasirəyə almışdıq. Rus dilində qışqırdıq:”Mühasirədəsiniz! Kim ölmək istəmirsə, təslim olsun!” Rus əsgərləri, zaibitləri alt-tuman köynəkdə əllərini qaldırmışdılar:”Təslim oluruq,”-deyə qışqırdılar.
Hər iki məntəqədən üç yüzə qədər fransız”Lebel”i (üçatılan), on iki aynalı tüfəng və bir neçə yüz sandıq patron əldə etdik. Ayrıca, üç yüzə qədər minik atı, arabalar (ikitəkərli), səyyar mətbəx və bir çox başqa ləvazimatlar götürdük.
İlk ordumuz
Çox sevinirdik.Ulu Tanrı bizə Azərbaycanın ilk ordusunu qurmağa imkan vermişdi. Dərhal süvari dəstələri yarandı. Kəndlərdən bir təbilçi süvari və zurnaçı tapdıq:ordumuzun orkestri də oldu... Axşamlar, Məhəmmədlə kazarmanın bir küncünə çəkilib və yapıncıya bürünüb yatır ,azuqə torbasını da başımızın altına qoyurduq. Mən həmişə səhəri səbirsizliklə gözləyirdim, çünki kürən atımı çox sevirdim.Səhər tezdən çölə cıxır, atımı yəhərləyir, yüyənindən tutub “hop” deyə qışqırırdım. Dərhal yerindən götürülən atım sıçrayışıyla məni də belinə alırdı. Beləliklə, çaya qədər dəlisov qaçış başlardı.Geriyə dönəndə isə daha sakit olurdu.Gözəl atım!..
Bir gün qədim türk kəndinə yenə də rusların yerləşmə xəbəri gəldi. Dərhal tanklara minərək, zurna-təbillə yola düşdük.Yolumuz meşədən keçdiyi üçün kiçik qruplara ayrılaraq başçılar seçdik. Seyrək, çala-çuxur yollardan keçərkən, Məhəmmədin çox gözəl, lakin yastı-yapalaq atının ayağı ilişdi, büdrədi və Məhəmməd aşağı sürüşdü.Çox şükür ki, bir şey olmadı. Kəndə yaxınlaşarkən silah səsləri eşidildi. Biz dərhal atlardan enib, ətrafa dağılışdıq. Lakin kəndə daxil olduğumuz vaxt ruslardan əsər-əlamət qalmamışdı.Yenə də cəsarət etməyib, Mil düzünə çəkilmişdilər.Onlar çar hökumətinin münbit ərazilərdə yerləşdirdikləri rus kəndliləri idi. Azərbaycanın baş bəlası!!!
Sadəlövhlük
Ələ keçirdiyimiz hərbi hissələrdən silahları alarkən rus zabitləri zabitlərimizin başına bəla açdılar. Komandir, polkovnik Ostensakin (Baltik almanlarından idi) və erməni yüzbaşı Qarigen Apresov, İsgəndər bəylə digər zabitlərimizdən təhvil-təslim aktı (imzası) aldılar. Yalvarıb, əlavə olaraq silahların təslim edilməsinə dair Bakıda hökumət kimi bir rol oynayan, qondarma “Sentrokaspi” adlı “Fəhlə və Əsgər Soveti”nə məktubla məlumat verməsini xahiş etdilər. Bizimklər də , bilmirəm nə ağılla, bir məktub hazırladılar və onu da mənim aparmağıma qərar verdilər. Qarigen, Bakıda yuva salmış “Erməni Tələbə Birliyi” başqanı, Zovak Apresovun böyük qardaşı idi. Zovakla 1917-ci illərdə çox çəkişməmiz olmuşdu. Sırf tələbə təşkilatı baxımından... O, ermənilərin, mənsə türk tələbələrinin rəhbəri idim.
Bu iki qardaş sonradan mənim həyatımda yenə də müəyyən rol oynadılar.
Bakıya gəldiyim zaman liman və yollarda rus və erməni əsgərlərinə rast gəlirdim.Onların sırıqlısı cırıq olduğundan mənimkinə tərs-tərs baxırdılar.O günü evimizdə keçirtdim. Ertəsi gün Hərbi Məktəbə gedib, Bayıl qəsəbəsində yerləşən məhşur “Sentrokaspi”yə getmək üçün bir at istədim. Mənə gözəl bir ingilis atı verdilər.O vaxtilə rus ordusunun generalı olmuş şahzadə Qacarın imiş. At çox gözəl təlim görmüşdü, komandaya dəqiq riayət edirdi( təbii rusca).”Marş!” deyən kimi dərhal hərəkət edərdi.”Qalop” söyləyəndə dörd nala qaçırdı.
Çevik olduğum üçün , ata rahat minə bilirdim. Bayıl məhəlləsinə doğru sürdüm. ”Sentrokaspi” sahilə yaxın, birmərtəbəli, daş və kərpicdən inşa edilmiş bir binada yerləşmişdi. Altı zirzəmi olan binanın birinci mərtəbəsinə bir neçə pilləli daş pilləkən çıxırdı. Atımın yüyənini pilləkənin tutacağına ilişdirdim və yuxarı çıxdım.”Sentrokaspi”nin rəhbəri bir zabitəli rus idi. Masasının üstünə naqan tapanca qoymuşdu. Mən içəri girib, salam verdim və məktubu ona uzatdım.Təhsilinin çox da yaxşı olmadığı anlaşılan bu “rəhbər” məktubu höcələyə-höcələyə oxudu və yerində fırlanıb söyməyə başladı:”Demək, siz bizim əsgərlərin silahını aldınız!” Sözünü bitirmədən tapancaya əl atdı.
Dönüb, çölə necə çıxdığımı və atın üstünə atılar-atılmaz “qalop” komandasını neçə saniyəyə verdiyimi bilmirəm. Lakin bir şey aydındı: Təlim görmüş atın sayəsində qurtulmuşdum. Ürəyimdə, ağıllı zabitlərimizə acığım tutudu:”Məni əməlli- başlı ölümə göndəriblərmiş ki... Ay bunlardakı ağıl!..”-deyə, geri dönəndə öz-özümə deyinirdim...
Küçədən- küçəyə yol boyu atımı dördnala çaparkən, təsadüfən qarşıma çıxan hamilə bir qadına atım çırpıldı. Dərhal faytona mindirərək evimizə göndərdim. Böyük qardaşım Əlinin arvadı qadın həkimi olduğundan onu müayinə edərək, dərhal doğum evinə götürmüşdülər. Bunu, Hərbi Məktəbdə atı təhvil verib qayıdandan sonra bildim. Başıma gələnləri bizimkilərə ətraflı danışdım. Hamısı da bu əcaib işə görə çox narahat oldular, mənə “keçmiş olsun” dedilər.
Lənkərandan çıxdığım vaxt mənə ayrıca üç gün evdə qalmaq üçün icazə vermişdilər. Bu arada tələbə təşkilatında və Hərbi Məktəbdəki zabit dostlarımla görüşdüm. Silah məsələsi, bilavasitə, çox vacib idi. Yoxsa, gənclərin hamısı milli hissi sağlam, hər biri könüllüydü...
18 Mart 1918 – ci il faciəsi
Dediyim günlər 1918-ci ilin mart ayı idi. O vaxtlar Rusiya imperiyası ərazisində Rum təqvimi idi. Yəni Avropada istifadə olunan Miladi təqviminə nisbətən 13 gün geriydik.
Bax bu günlərdə acılarımız başladı. Martın 15-i ərəfələriydi, Lənkərandan ağır bir xəbər gəldi: Məhəmməd Tağıyev intihar etmişdi.Tabutu Bakıda gözləməliydim.Qətiyyən inanmırdım, sevimli, təmiz , vətənpərvər dostumun ölümünə. Məhəmmədin tabutunu gətirən dostlarımız hadisəni danışdılar; bir axşam dostlar oturub, bəxt-tale haqqında söhbət edirlərmiş və bir Rus ədibinin anlatdığı bir hadisəni təqlid edirmişlər. İlkin təcrübəyə Məhəmməd başlayır. Tapancanın topundan bütün güllələr çıxarılmış və yalnız biri saxlanılmışdır. Sonra bəxtə-bəxt təcrübəsinə başlamazdan əvvəl, əli ilə tapancanın topunu sürətlə fırlatmış və tapancanın lüləsini gicgahına diriyərək tətiyi çəkmişdir. Beləcə, yazıq Məhəmməd də oyuna aludə olaraq tətiyi çəkmiş və əcəl onu məhz həmin gülləyə tuş gətirmişdir.Təbii ki, yazıq uşağı bu oyuna qatan dostlar günahkardı. Nooldusa, məmləkətimizə oldu; dəyərli, milliyyətçi bir gəncimizi itirdik. Hansı milyoner bir uşaq isti yuvasını atıb, Lənkəran obalarında, əsgərlərlə bir yerdə yumuşaq yastıq yerinə başının altına yük torbası qoyardı...
Məhəmmədin tabutu evlərinin geniş, böyük və bəzədilmiş salonuna qoyulmuşdu. Hər tərəf matəm içindəydi. Nəhayət, dəstəmiz tabutu qəbirstanlığa apardı. Bir yaylım atəşi... və Məhəmmədi məzarda dəfn etdik.
Fəlakət bununla bitmədi, sanki bu başlanğıcdı. Martın 18-də (31-də) günorta vaxtı səkkiz-doqquz nəfərdən ibarət mütəşəkkil dəstəmiz geriyə-Lənkərana dönürdü.Yaxınlığında bir çox erməni evləri olan sahilə gəldik. Qayığa oturduq. Yola düşməyə bir saat qalmış bacım oğlu Cahangir gəldi və anamın ürəyi getdiyini dedi. Mən evə qaçdım. Gəlib gördüm ki, anamın heç nədən xəbəri yoxdur. Sən demə, bütün bunları böyük qardaşım Əli hazırlayıbdır. Sabunçu tərəfdən qatarla gələrkən, iki erməninin danışığının şahidi olub.Ermənicə bildiyinə görə, onların dediklərini başa düşüb:”Türk əsgərlər yola düşməzdən əvvəl qayıq çeviriləcək və əsgərlər çıxarılıb öldürüləcəkmiş”. Qardaşımsa mənim qayığı tərk etməyəcəyimi bildiyi üçün (öz təbriylə desək,”tərs” olduğuma görə) bu şəkildə plan qurmuşdu.
Bunu öyrənər-öyrənməz, arabaya minib cəld sahilə gəldim.Gizlicə dostlarımı xəbərdar etmək istərkən, qarşıdakı evin ikinci mərtəbəsindən sahil, aynalı tüfəng atəşi altına alındı. Qayıqdan çölə sıçrayan yoldaşlarım dərhal sahildəki çuval və sair əşyaların arxasına keçib, mövqe tutdular və atəşə cavab verdilər. Qısa vaxtda xəbər şəhərə yayıldı, hamı silaha sarıldı. Sahilə erməni və türklər gəlməyə başladılar.Yaxşı nişançı olan yoldaşlarımızdan biri bu arada, aynalı tüfəngi susdura bildi. Amma bu dəfə də başqa evlərdən silah səsləri eşidilməyə başladı. Mən sahil körpüsünün çölündə olduğum üçün Hərbi Məktəbdəki yoldaşlarımızı çağırmağa qaçdım. Lakin biz hərəkətə keçincəyə qədər erməni və türk nümayəndələri məsələni yatırtmışdılar, ara sakitləşmişdi.
Axşam qaranlığı düşməmiş, şəhərin ermənilər yaşayan məhəllələrində bəzən tək-tək, bəzən də davamlı güllə səsləri eşidilməyə başladı. Milli təşkilatlarımız “İsmailiyə” binasındakı dairələrinə toplandılar. Hər ağızdan bir səs gəlirdi.Yalnız hamının bildiyi bir şey vardı: o da, ermənilərin Bakını ələ keçirmək niyyətiydi. Bunun üçün də Rusiyaya köçməyə hazırlaşan rus hərbi hissələrini aldadaraq, bizimlə aparacaqları mübarizədə onları da öz tərəflərinə çəkmək məqsədi güdürdülər.
Təcili olaraq bizim dəstə “İsmailiyə” binasının qarşısında bir səngər qazdı.Üzbəüz binadan (orada ermənilər yaşayırdılar) bizi izlədiklərini başa düşdük.Qalın pərdələr tez-tez açılıb bağlanırdı. Dərhal silahlar oraya tuşlandı və elektrik yoldaşımız evin telefon xəttini kəsdi. Artıq pərdələr tərpənmirdi. Hava qaraldıqca silah səsləri daha çox eşidilməyə başladı. Deyəsən, ermənilər hücuma keçməyi qərara almışdılar.Qarşımızdakı pasajın damından bizə qarşı makinalı tüfənglərdən atəş açırdılar.Səngərə girdik, patronumuz az olduğu üçün onlara lazımi müqaviməti göstərə bilmirdik. Qabaqdakı evin işığı üstümüzə düşüb işıqlandırırdı. Dostlarımız onu söndürməy cəhd göstərdilər. Onları bu fikirdən daşındıra bildim. Havayı güllə yandırırdılar. Bir –iki daşla şüşəsini sındıra bildik və qaranlıq çökdü.
Arabir “İsmailiyə” binasına baş çəkib, vəziyyəti öyrənməyə çalışırdıq. Atışmadan əvvəl “Müsavatçılar” əllərindəki bol cəbbəxanadan və silahlardan danışdıqları halda, indi susurdular. Hər tərəfdən bəd xəbərlər gəlirdi, xalqımız hazırlıqsız, əsgərlik görməmiş və silahsızdı. Birinci gecə bizim səngərin ətrafında çox fəaliyyət yox idi. Amma ikinci gecə, Parapet deyilən park tərəfdən erməni qrupları hücuma keçdilər, yaylım atəşi açaraq, onları susdurduq. Amma aynalı tüfəngin yerini heç cür müəyyənləşdirə bilmirdik.O mütamadi olaraq, Qala qapısından “İsamiliyə”yə və bizim səngərə keçmək istəyənləri gülləyə tuturdu.
Gecələr bizim səngərə çay və yemək gəlirdi. Hava çox soyuq idi. Həmyerlilərimizdən biri, məni səngərdə paltosuz görəndə, ürəyi yandı və əynindəki hərbi formaya uyğun olmayan açıq rəngli təzə paltosunu çiynimə atıb getdi. Həqiqətən də əsl vaxtıydı; çünki, üşüməyə başlamışdım. İkinci gecə bizim birliyə mənsub yoldaşlardan yalnız bir neçəsi qalmışdı:”Qoçular” kim bilir öz məhəllələrinəmi çəkilmişdilər... Bax nizam-intizamsızlıq burada özünü göstərirdi.
Üçüncü gecə səngərdə ancaq iki nəfər qalmışdıq- bizim Çəmbərəkənddən bir cavan oğlan və mən... Bütün günü aşağıdan gələn hücumları dəf etmişdik. Halbuki, ermənilər səngərdə yalnız iki nəfər olduğumuzu öyrənmiş olsaydılar, bir neçə adam qurban verib, bizi də öldürüb, ”İsmailiyə” binasını ələ keçirərdilər. Görünür, ermənilərin rus ordusunda təlim görməyinə baxmayaraq, bizimkilər qədər naşıydılar.
Üçüncü gecə bizə nə yemək, nə çay, nə də əvəzləyici növbətçi gəldi. İki Çəmbərəkəndli bütün gecəni yalqız qaldıq. Nəhayət, mən qərara gədim ki, İsmailiyəyə gedib milli təşkilat rəhbərləri ilə vəziyyətimiz barədə danışım. Amma heç biri orada yox idi. Müsavatçılar da qaçmışdılar; yalnız yerdə bir neçə kağızları qalmışdı.Yəni bizi arada qoyub, xəbər vermədən çıxıb getmişdilər...
Sabaha qədər səngərdə qalmağa qərar verdik. Səhərin alaqaranlığında geri çəkilməyi qərara aldıq. Amma bunu necə etməli? Parlament küçəsiylə çəkilsək, məhəlləmizə ən qısa yoldu. Ancaq bu halda aşağıdan və aynalı tüfəngdən yağdırılan güllələrə tuş gələ bilərdik. Ən yaxşısı, yəni daha az təhlükəlisi, İsmailiyə binasının yanından-dalandan (dar, balaca küçə) keçərək qala pilləkənlərindən içəri atılmaq və sonra da İçərişəhərdən yuxarıya, divarın dibiylə bələdiyyə binasına yetişib, oradan bizim Zavedeniya küçəsinə qaçmaq. Addım-addım, əvvəl keçmiş “Kaspiy” qəzetinin birmərtəbəli binasına doğru qaçıb, səngər tutduq. Bizi görüb, atəş açdılar. Ancaq biz İsmailiyənin qabağına keçmişdik. Bu atışmada ruslar da iştirak edirdilər.(sonradan öyrəndik ki, ermənilər onlara:”Türklər qala içindəki qadınlarımızı, uşaqlarımızı doğrayırlar,”-deyə təbliğat aparmışlar.)
Biz İsmailiyə binasına girərkən (son dəfə orada kimlərin olduğunu öyrənmək istəyirdik) dənizdəki hərbi gəmidən o anda atəş açıldı. Biri binanın üzərində havada partladı. Bütün bina titrədi. Biz çölə qaçdıq. Dalandan Qala qapısına doğru qaçacaqdıq. Məhəllə qoçusu, uzun qara bığlı, gülərüzlü, məhəllə qoçularından biri bizə “Dur!” işarəsi verdi. Anladıq ki, keçid emənilərin atəşi altındadır. Dayandıq.Yoldaşım qaçdı, dərhal ermənilər güllə yağdırdılar; hamısı da İsmailiyə divarları dibinə dəyirdi. Bu dəfə mənə işarə verdilər. İrəli atıldım, güllə səsini hiss etmədim, güllə arxadan gəldi, qəflətən çiynim ağrıdı. Sol çiynimi tutaraq, qala pilləkənin pillələrini qaça-qaça çıxdım, hamı:”Keçmiş olsun,”-deyə qışqırırdı. Amma görəndə ki, mən çiynimi tutmuşam, maraqlandılar. Bir də gördük ki, şalvarım qan içindədir, sol əlimdən də qan axır. Dərhal əczaxanaya, oradan da həkimə apardılar.Yaramı sarıdılar.Güllə ovucumun içindən keçmişdi. Sən demə, qaçarkən arxada qalan boş sol əlimi xeyli açmışam.
Evə gələndə bizimkilər çox sevindilər. Qardaşım yarama baxdı və anam qorxmasın deyə: “Xırda şeydir!”-deyib təskinlik verdi. Halbuki, üç barmağımın qalıb-qalmayacağı hələ məlum deyildi. Səhər tezdən hər tərəfdə barışığın əldə edilməsi üçün hər iki tərəfdən təmsilçilər dolaşırdı. Nəhayət, atəş kəsilmişdi. Nəticə kədərliydi: ermənilərin mülki və əsgəri birlikləri bizdən on minə qədər uşaq, qadın və kişi qətlə yetirmişdilər. Bu vəhşiliyi mən ermənilərdən gözləməzdim.Uşaq və qadınları məsciddə; hamamda qaynar suya salmaqla, süngülərə keçirməklə qətliam törətmişdilər. Bəzilərini də başıaşağı asmışdılar. Belə ki, göyərmiş meyidləri tanımaq çox çətin idi...
Ardı var
Əvvəli burada