Ən əvvəl qeyd edim ki, vərəm xəstəliyi dünyanın ən qorxulu və yoluxucu xəstəliklərindəndir. Dünya Səhiyyə Təşkilatının rəsmi məlumatına görə, hazırda dünyada 20 milyondan çox xroniki vərəmli var. Bu xəstəlik hər il dünyada milyonlarla( təx.3,5 milyon)insanın canını alır. Bu milyondan bizim ökəyə də düşür, amma təəssüf ki vərəmli xəstələrin statistikasında edilən qeyri-dəqiqlik( 8-11min), elə ölüm hallarında da özünü bürüzə verir.
Eşitdiklərim, gördüklərim...
Əsas məsələyə keçək. Hər il olduğu kimi bu il də məktəblərdə vərəm xəstəliyini aşkarlamaq üçün mantu sınaqlarına başlanılıb. Ötən aydan başlayan bu proses hələ də davam etdirilir. Xatırlayırsınızsa, bir müddət əvvəl məktəblərdə ardıcıl iki uşağın peyvənd və mantu testindən sonra qəflətən ölməsi məsələsi gündəmdə idi. Sağolsun, Səhiyyə Nazirliyimiz bu məsələni uşağın özünün ciddi xəstəyinin olması ilə izah etdi, bu məsələ tibb işçilərinin də səhlənkarlığı səbəbindən edilməsi halı kimi bəyan olunmadan ört-basdır olundu. Və məsələ nazirliyə daha ehtiyyatlı olmağı öyrətdi. Hazırda məktəblərdə mantu sınağı valideynlərin birbaşa iştirakı ilə həyata keçirilir. Bu da guya. Ona görə ki, başı pul qazanmağa qarışmış valideynlərin hamısının vaxt tapıb bu prosesdə iştirakı qeyri-mümkündür. Bu halda bütün məsuliyyət tibb işçilərinin üzərinə düşür. Başqa sözlə, poliklinikadan gəlmiş həkim qrupu hər şagirdə fərdi yanaşaraq onun haqqında məlumat toplamalı, onun nevroloji, allergik, eləcə də səhhətində nasazlıq olub-olmamasını yaxşı-yaxşı yoxlamalıdır. Demirəm, bunu etmirlər.
İnsaflı, məsuliyyət hissini dərk edən həkim bunu edəcək. Amma qeyriləri isə indi dediyim yolu tutacaq. Bir neçə məktəb( bu məktəblərin adını hələlik çəkmiyəcəm) barədə maraqlı məlumatlar var. Valideynlərin sözlərinə görə, hər sinif 3-4 manatdan toplayıb məktəb müdirinə verir, o da mantu sınağını “tanımır”, poliklinikayla məsələni bağlayır, baş həkimə də pul düşür, vəssalam. İndi deyəcəklər ki, uydurmadır. Özüm də məktəbin birində bunabənzər vəziyyətin şahidi oldum. Amma bu uşaqlarda parazitlərin aşkarlanması ilə bağlı idi. Yəni, filan(kiminsə çörəyinə bais olmaq istəməzdim) saylı məktəbin tibb bacısı uşaqlarının nəcisini analiz etdirməyən valideynlərdən 1 manatdan yaxşıca pul yığdı və uşaqların “qayğısına qaldı”.
Elə ötən gün də bu məktəbdə edilən mantu testi kabinetində maraqlı bir vəziyyət alındı. Poliklinika həkimi valideyni yanında olmayan şağirdi ikinci dəfə mantu sınağı qoydu. Sən demə, uşağa yaxın zamanda artıq iynə vurulubmuş. İndi bu uşağın vəziyyətinə bütün həkim heyəti dua edir. Yəqin ki, bu “xırda” səhvin sonu yaxşı bitər. Ardınca həkimə başa sala bilmədim ki, bu mantu testi məcburi deyil.
Bizim “İmmunoproflaktika haqqında” Qanunumuzda valideynin istər peyvənd, istərsə vərəm sınağından imtina haqqı var. Əslində belə stajlı həkimləri qınamağa dəyməz. Onlar nazirliyə hesabat verəm əmr quludurlar. Bu həkiminsə, vurduğu sınaq iynəsinin tərkibindən xəbəri belə yoxdur. Əvvəllər də bir neçə dəfə bu məsələyə toxunmuşam, yenə də israrla qeyd edirəm. Bir tibb işçisi vurduğu iynənin tərkibini bilmirsə, onun səhiyyədə yeri yoxdur. Durun, birlikdə eksprom gedək tibb müəsisələrinə. Həkimlərdən peyvənd və mantu sınağının təkibini soruşaq, onda qarşımızdakılar çox qızaracaq, ya da bizi haqsız çıxarıb söhbətdən yayınacaqlar. Buna da təəssüf.
Əslində mantu sınağı niyə edilməlidir?
Məqsəd vərəmlini aşkarlamaqdır. Bu testin yaradıcısı fransız tibb mütəxəsisi Şarl Mantu olub. O, 1908-ci ildə tuberkulini ona görə yaratdı ki, XX əsrin əvvəllərinə qədər elə zamanında vərəm yoluxucu xəstəlik kimi başını alıb gedirdi. Bu kişi vərəmlə mübarizə, erkən vərəm barədə diaqnostikanın əsasını yaratdı. O zaman üçün də böyük əhəmiyyət kəsb edirdi. Amma bu kişi indiki zaman üçün epidemioloji vəziyyətə çatmayan ölkələrdə bəlkə də bu mantu məsələsini bu qədər məcburi hesab etməzdi. Hər halda bizim statistikaya nəzər yetirsək belə demək olar. Başqa sözlə, illərdir eyni tendensiya ilə məcburi mantu sınağı tətbiq olunur. Alimlər arasındakı mübahisələr də davam etməkdədir.
Mantu testi zamanı dərialtına tuberkulin və ya tuperkuloprotein adlı məhlul yeridilir. Bu test edildikdən iki gün sonra həmin şəxsin iynə vurulan hissəsində papula-dairəvi qızartı və şiş əmələ gəlibsə, uşaq şübhəli hesab oluna bilər. Bu papulanın sahəsi xüsusi xətkeşlə ölçülür. Şübhəlini sonradan rentgen və diğər müayinələri gözləyir. Virajlı uşaqlar VI qrup dispanserdə qeydiyyata salınır, vaxtaşırı müalicə olunurlar. Bir müddət sonra ona yenə mantu sınağı edilir, papulanın sahəsində böyümə yeni problemlərdən xəbər verir, nəzarət gücləndirilir. Amma burada bir məsələ var. Hər qızartı hələ siqnal hesab oluna bilməz. Mantu sınağı dəri həssaslığı, xəstəliyi olan uşaqlara vurula bilməz. Allergik, xüsusən astmatik və ya epilepsiyalı kəslərə qətiyyən tətbiq oluna bilməz. Həkim uşağı yüngül, qiyabi yoxlamaqla deyilənləri unutsa, araşdırma aparmasa, vay o uşağın halına. Allah qorusun!
Mantu sınağının tərkibini bilsəz...
Mantu reaksiyasının reallaşması üçün istifadə olunan məhlulun tərkibində konservant kimi fenol, stabilizator kimi isə Tvin -80, eləcə də natrium-xlorid, bufer fosfat duzu var. Fenol əslində zəhərli maddədir. Tvin-80( diğər adı-monoleat polioksietilensorbitdir) isə güclü estogen aktivliyə malik maddədir, o heyvanlar üzərində aparılan tədqiqatlar nəticəsində onların reproduktiv(cinsiyyət) orqanlarında ciddi dəyişikliklərə gətirmişdir. Mantu testində istifadə edilən tuberkulin preparatı isə vərəm mikrobakteriyalarının( çöplərinin) fitratıdır.
Tuberkulin güclü antigendir, həmçinin hüceyrələrin genetik zədələnməsinə kömək edir, xromosomların qeyri-normal bölünməsinə gətirib çıxarır. Fenol əslində tikintidə betonu tez bərkitmək üçün istifadə edilən maddədir. Sovet vaxtında fenoldan istifadə olunmaqla tikilən evlərdə allergik insanlara mənfi təsiri nəzərə alındı, bu əlavə aradan qaldırıldı və qadağa olundu.
Bir sözlə, vaxtiylə vaksinlərin tərkibi ilə bağlı apardığım araşdırmada olduğu kimi mantu sınağı üçün istifadə olunan tuberkulin də heç ürəkaçan maddə deyil. Bunları deməklə, təbliğat məqsədim yoxdur. Əsas məqsədim odur ki, istənilən peyvənd və ya mantu testi preparatları haqqında bizim vətəndaş kimi bilməyə haqqımız var. Bu haqqımız dövlətin müvafiq qanunda da öz əksini tapıb. Amma nə səbəbdənsə, hər bir tibb müəsisəsində bu barədə məlumatlar gizlədilir, bir az gözüaçıq valideynin sualı cavabsız qalır, çünki heç həkimlər də bunu bilmir, maraqlanmır.
Səhiyyə Nazirliyi hələ də vaksin preparatlarının tərkibini gizli saxlayır
Bu arada qeyd edim ki, tuberkulin haqqında maraqlı qeydlərin müəllifindən biri də valideyn Əhməd Rəhmanovdur. Xatırlayırsınızsa, onun övladı 1,5 yaşında edilən peyvənddən sonra ağır metallarla zəhərlənməyə məruz qalımışdı. Bu uşaq tam həkim nəzarətindən keçmədən (nevroloji, allergik olması) peyvəndlənmişdir. Hazırda 4 yaşlı uşaq autizm xəstəliyinin daşıyıcısıdır. Valideynlər canfəşanlıqla uşaqlarının sağlamlığını qazanması üçün çalışırlar. Əhməd Rəhmanov aylardır Səhiyyə Nazirliyi ilə Azərbaycana gətirilən vaksinasiya preparatlarının tərkibini öyrənmək uğrunda mübarizə aparır. Onun iddiaçı tərəf kimi iştirak etdiyi məhkəmə prossesi dəfələrlə qarşı tərəfin səhlənkarlığı üzündən təxirə salınıb. Sonunda məlum olub ki, guya nazırliyimizin əməkdaşları məhkəmənin mövzusundan xəbərsizdirlər. Ya da iddiaçı şəxsi yenidən nazirliyin tərkibindəki yeğanə ağır metalları aşkarlayan laboratoriyaya göndəriblər. İndi də Ə.Rəhmənov üzünü Səhiyyə Nazirliyinə tutub soruşur: “Hər qida məhsulunun üzərində onun tərkibi yazılması vacib olduğu üçün, axı niyə də vaksinlərin tərkibini bilməməlilik?”
Mən isə yenidən vərəm məsələsinə qayıdıb soruşuram. Vərəmli xəstələrimizi neçə tanıyaq? Mantu sınağı ilə vərəmlə mübarizə aparmaq az işdir. Bəs vərəmli məhbusun, əsgərin və ya restoran aşpazının (küçə ticarətində bişirdiyi və satdığı məhsulun üzərinə öskürən şəxlər də) qazan götürüb hamı üçün yemək bişirməsini neçə başa düşək? Bu ölkədə belə-belə məsələlər də var, neyləyək.
P.S. Aylardır, Ağciyər Xəstəliklərinin Tədqiqatı İnstutunun rəhbəri, baş ftiziatrımız Elcan Məmmədyarovla görüşə can atıram. Amma onun azərbaycanca danışa bilməyən katibəsi Səhiyyə Nazirliyindən xəbərsiz bunun mümkün olmadığını deyir. Bir gün Elcan müəllimin hüzuruna çıxsam, mütləq xəbəriniz olacaq.
Raminə Eyvazqızı