... Nardaran. 2003-cü ildən bəri bu kəndin adı gündəmdən düşmür. Nardaranlıları gah radikallıqda suçlayırlar, gah dindarlıqda. İrana bağlayanlar da var, aksiyaların səngidiyini görüb, “repressiya maşını kənd camaatının gözünü qorxutdu” deyən də. Görünənsə odur ki, paytaxtdan cəmi 25 kilometr məsafədə yerləşən bu kənd özünəməxsusluğu ilə digərlərindən ciddi fərqlənir.
Kəndə ayaq basanda sanki başqa aləmə, ölkəyə düşürsən. Adının müxtəlif mənaları olsa da, Nardaranı daha çox “Mərdlər məkanı” kimi xarakterizə edirlər.
Kənd ötən həftənin sonu müsəlmanların müqəddəs mövludu gününü qeyd etdi. Nardarandakı bütün meydanlarda çadırlar quruldu, bayram əhval-ruhiyyəsi yaşandı...
İmam Hüseynin xidmətçisi
Nardarana ayaq basan hər kəsin diqqətini öncə divarlardakı yazılar cəlb edir. Küçələr Məhəmməd peyğəmbərin(s), imamların, Fatimeyi-Zəhrənın (s) kəlamları ilə bəzədilib. Əksəriyyəti də ərəb əlifbası ilə yazılıb. Hər bir azərbaycanlının görməyə alışdığı, az qala ölkənin ən ucqar kəndində belə rastlaşdığı şüarlara, şəkillərə Nardaranda qətiyyən təsadüf edilmir. Yalnız üçrəngli bayraq və şəhidlərin şəkli bu kəndin Azərbaycanın bir guşəsi olduğunu təsdiqləyir.
Meydanlarda qurulmuş çadırlarda qocalı-cavanlı hər kəs həvəslə işləyirdi. Bayramla bağlı məlumat verən kənd sakini İlqar Abbasov dedi ki, üç gün şam namazından sonra meydanlarda məclis quracaqlar: “Bu məclislərdə adətən kişilər iştirak edir. Hər şeyi öz hesabımıza edirik, imamlarımıza ehsan veririk”.
İlqar Abbasov heç yerdə işləmir: “Mən İmam Huseynin (ə) xidmətçisiyəm. Palatka qururuq, mövlud keçiririk. Bundan mübarək iş?”
Kənd sakini deyir ki, Nardarana jurnalistlər tez-tez gəlir, həyatlarından, şəraitlərindən yazır, amma heç nə problemlərin həllinə kömək etmir: “Nardaran başdan ayağa olaydı. 2003-cü il hadisələrindən sonra İmam Huseyn meydanında nə qədər mitinq, etiraz eləmişik, hüquqlarımızı tələb etmişik. Nə qədər yazıblar. Kim baxır? Baxan yoxdur. Ölkədə qanun işləyir ki, insanların hüquqları müdafiə olunsun?”
Əlini yeni çəkilmiş qaz borularına uzadır: “Görürsüz bu boruları? Hamısını yeni çəkiblər. Günlərlə əziyyət çəkib işləyiblər. Adı qaz borularıdı. İçi boşdu. Çəkməklə iş bitmir axı. Bir də görürsən televiziyalar deyir ki, Bakının yarısı qazlaşdırılıb və s. Yalandı, gəlsinlər Nardarana, görsünlər. Verilən informasiyalar ancaq kütləni ələ salmaq üçündür. İşıqlarımızı da nə vaxt istəyirlər söndürürlər, keflərinə düşəndə də yandırırlar. Haqsızlıq baş alıb gedir. Kimə deyəsən, kimə şikayət edəsən? Baxan yoxdur onsuz da. Gərək çalışasan ki yıxılmayasan, yıxılsan, vəssəlam”.
Kənd sakinlərindən bir neçəsinin həbs olunduğunu deyən İlqar Abbasovun fikrincə, onların azad olunmamasına səbəb pulsuzluqdur: “Həbs olunanlar var, pul versələr buraxarlar. Hamısı şayiələrlə-şantajla həbs olunublar. Nə təxribat, nə İslam? Bunların hamısı yalandı. Guya deyirlər İranla əlaqəli işləyiblər. Biz sovetin dövründə də mərasimlər keçirirdik, indi də keçiririk. Bunun İranla nə əlaqəsi? Hakimiyyət Nardaranı qəsdən İranla bağlamaq istəyir. Həbs olunanların hamısı mömün qardaşlarımızdır, heç bir təxribatla əlaqələri yoxdu”.
“Allah prezidentimizə dəyməsin”
Bu sözləri isə yaşayışından gileylənən, amma adını söyləmək istəməyən nənə dedi: “Kəndimizə söz yoxdur. Düzdü, işığımızı gecələr söndürürlər. Onun da eybi yoxdur. Gecələr kimdi işıq yandıran? O qədər yoruluram, yatıram, işıq gərəyim olmur. Vaxtında 30 il işlədim, indi təqaüd alıram. Həm də xidmətçi işləyirəm, mağazaları silib-süpürürəm. Hərə 3-4 qəpik verir, yaşayıram. Bəs eləmir. Evim az qalır başıma uçsun. Tavanı, döşəməni yenidən təmir etmək lazımdı, imkanım yoxdu. Xadiməliklə qazandığım qəpik-quruş övladlarımın, nəvələrimin dolanışığına güclə yetir. Çətindi bu dövrdə yaşamaq. Vaxtilə Heydər Əliyevin də qəbulunda olmuşam. Şikayətimi demişəm ona. Allah prezidentimizin də canını sağ eləsin, ona da şikayətimi etmişəm, neynəsin, baxan yoxdur də”.
67 məhbus
Nardaranda həbs olunanların sayı çoxdur. Bunu isə Kənd Ağsaqqallar Şurasının sədri Natiq Kərimov dedi: “Hazırda həbs olunanların hüquqlarının müdafiəsi ilə məşğuluq. Onların arasında kəndimizdən olmayan mömin qardaşlarımız da var. Ümumilikdə 67 nəfər dustağımız var. Onlardan 22 nəfəri vətənə xəyanətlə suçlanırlar. Həbs olunanlardan biri də qardaşım Niyazi Kərimovdur. Cinayət Məcəlləsinin 272-cü maddəsi ilə günahlandırılır. Vətənə xəyanət edib guya. Gülməlidir, görəsən hardan tapıblar bu sözü? Guya silah saxlayırmış evində. Bunlar hamısı yalandı, boş-boş şeylərdi. Əksəriyyətinin işi artıq Ali Məhkəmədədir. Avropa Məhkəməsinə də müraciət etmək fikrindəyik. Görək necə olur”.
Natiq Kərimov da deyir ki, uzunmüddətli aksiyaların keçirilməsinə baxmayaraq, kəndin problemləri hələ də çözülməyib: “Bir ara qəsəbəyə maddi köməkliklər oldu, insanlar bir az sakitləşdilər. Əslində isə heç nə düzəlməyib. Elə hər şey əvvəlki kimidi. Bizdə burda o gün tədbir oldu. Gecə saat 2-yə qədər mərasim keçirdik. Üç gün dalbadal İmam Hüseyn meydanında, sonrakı günlər yuxarıda. Demək istəyirəm ki, yenə aksiyalarımız olur. Biz həmişə hüquqlarımızın müdafiəsi ilə məşğul oluruq”.
Niyə Nardaranı İranla bağlayırlar?
Natiq Kərimovun fikrincə, bu şayiənin heç bir əsası yoxdur: “Bütün ölkəni gəzin, belə kənd heç yerdə yoxdur. Maştağayla bizi bir xətt ayırır. Amma fərqimiz böyükdür. Biz mömin insanlarıq. İran da İslam ölkəsidir. Amma onunla heç bir əlaqəmiz yoxdur”. Ağsaqqallar Şurasının sədri yenə həbs olunanlardan danışdı, siyahıdakılar haqda bir-bir məlumat verdi: “Kəndin cavanlarının çoxunu tutdular. Vəkilləri də deyir ki, istintaq istintaq kimi getmir, ortada heç bir sübut yoxdu. Həbsdə yatan Taleh Rəsulovun iki azyaşlı övladı var, özü də indiyədək evdən bayıra çxmayıb. Niyə tutublar, bilən yoxdur. Həmidağa Ələkbərovla qardaşını da həbs ediblər. Hər ikisinin də 5 uşağı var. Guya evindən avtomat çıxarıblar. Həmin avtomatın hardan peyda olduğu bilinmir. Yaşlı anası onsuz da xəstədi, gözləri görmür, bir tərəfdən də iki övladının həbsi yazığı məhv edib. Balaca övladları da o gün pirdə oturub qarğış ediblər. Həbs olunanlardan ikisi - Məmmədtağı və Əbülfəz Zəkiyevlər xalam oğullarıdır. Onlarda babalarının vaxtından qalan bir tapança tapdılar. Götürüb apardılar. Yazıq Məmmədtağı iki dəfə ürəyindən əməliyyat olunub. Qolundan tutub sürüyə-sürüyə apardılar. Tutulanların əksəriyyətini İranla əlaqələndirirlər. Guya İrana işləyilər. Gülməli işlərdi. Nüsrət Cəlilov Suriyada oxuyub, savadlı alimdi. Cücə yetişdirirdi. Onu da basdılar içəri. Şəhərdə yaşayan mömin qardaşlarımızdan da tutulanlar var. Biri bazarda arabayla yük daşıyır, başqa biri dərzidi və s. Onların İranla nə işi var?”
Natiq Kərimov Nardaranda İslam qanunlarının hər şeydən öndə olduğunu da vurğuladı: “Hökuməti tərifləyən heç bir şüarı, plakatı qoymarıq assınlar. Nə bilim “səndən yoxdu”, “filankəs belə deyib” kimi şeylər olmaz. Bir neçə dəfə irad tutmuşdular ki, kənddə bayraq yoxdu, cırıblar. Gəldilər yoxladılar. Gördülər ki, var. Dəliyik bayrağımızı cıraq? Azərbaycan bayrağı dini bayrağımızla yanaşı asılıb. Cavanlar yığışıb şəhid Mübariz İbrahimovun portretini hazırlayıblar, meydana vurublar. Belə olmalıdır. Hakimiyyətdə olanların hansının Azadlıq Hərəkatı ilə, müstəqilliklə əlaqəsi var? Niyə onların şəklini vurmalıyıq? Deputatımız da vaxtilə “Azərittifaq”ın sədri olub. O vaxtın biznesmənləri yaxşı bilir bu qurum necə işləyib. İndiyədək heç deputatımızın xeyrini görməmişəm, bu adamın kənd üçün nəsə etməsinə rast gəlməmişəm”.
Qızlar 13-14 yaşında nişanlanır
Kənd ağsaqqalı qızların erkən yaşda ailə qurması ilə bağlı fikirləri də təkzib etdi: “Qız yetkinlik yaşına çatmayıbsa, onu heç kim zorla ərə verə bilməz. Qəsdən Nardaran haqqında belə şayiələr yayırlar, kəndi gözdən salırlar. Deyirlər, guya 10 yaşında qızları ərə veririk. Elə qız var 19 yaşındadı, inkişaf etməyib. “Qızlar bulağı”ndan su içməyib. Onun ərə getməsinin mənası yoxdur. Amma qız da var ki, 13 yaşından yetişib. Onu ərə vermək olar. Bunun özü dərin prosesdi. Yəqin ki, burda əyintilər var. Cəmiyyətdi də. Daha durub bunu İslama yapışdırmaq düzgün deyil. Məsələn, bizdə qızı 13-14 yaşından nişanlayırar, 16-17 yaşından sonra ərə verirlər. Çox az halda 15 yaşında ərə gedən olur. Ümumiyyətlə, indi kəbini də rəsmi nikahla eyni vaxtda kəsirlər”.
Kənddəki dini əşyalar satılan mağazanın xanım satıcısı da əvvəllər qızların erkən ailə qurduqlarını təsdiqlədi: “Əvvəllər azyaşlı qızları ərə verirdilər. İndi belə deyil”.
Hicab qadağası yoxdur
Təhsil Nazirliyinin orta məktəb şagirdlərinə tətbiq etdiyi hicab qadağası da bu kənd üçün keçərli deyil. Natiq Kərimov deyir ki, toplantıların birində bu qadağa barədə kənd əhalisinə məlumat verib və sərt təpki ilə qarşılaşıb: “Məclisdə dedim ki, Təhsil Nazirliyi hicaba qarşı çıxır, hamı qəzəbləndi. Bizim məktəbdə belə bir problem yoxdur. Məktəbin direktoru da öz nardaranlımızdı. Qızlarımızın hamısı məktəbə hicablı gedir. Kim istəmirsə də, özü hicab geyinmir, söz deyən yoxdur”.
Kənd sakini, evdar qadın Gülnarə Abdullayeva da qadınların heç nəyə məcbur edilmədiyini deyir: “30 yaşımda ailə qurmuşam. İki qızım, bir oğlum var. Özüm Qum şəhərində oxumuşam. Natamam ali təhsilliyəm. Ailə həyatı qurduğuma görə təhsilimi yarımçıq qoydum. Ailə qurmazdan 3 il əvvəl çarşab bağladım. Elə həyat yoldaşımla da bu yolda tanış olmuşuq. Hər ikimizin dini əqidəsi eynidir. Qızlarım da hicablıdır, İran məktəbində oxuyurlar. Kənd məktəbində də 1-ci sinifdən başlayaraq qızlar hicab bağlayır. Çoxu könüllü hicaba keçir. Heç nə məcburi deyil”.
Qızlarının hicaba meylinin uşaqlıqdan olduğunu deyən Gülnarə Abdullayeva düşünür ki, bu, ailədən gələn məsələdir: “Uşaq psixologiyası elədir ki, nə görür, onu götürür. Bizim uşaqlar da gözün açandan hicabı, dinə marağı görüblər. Ona görə də özləri könüllü hicab bağlayırlar. Böyük qızım 2-3 yaşından hicaba maraq göstərirdi. Güzgünün qabağında örtünürdü. Sonradan mənasını başa saldıq, dedik ki, vacibdi, Allah buyurub, hər ikisi qəbul etdilər. Böyük qızımın 14, kiçiyin 9 yaşı var. İran məktəbində oxuduqları üçün bəzi şeyləri başa salmaq mənə çətin deyil. Allaha çox şükür edirəm ki, uşaqlarım o məktəbdə təhsil alırlar. Məktəbə göndərəndə əmin oluram ki, onlar elm və əxlaq öyrənməyə gedirlər. Birinci sinifdən “Quran” oxuyurlar”.
9 yaşlı Rəhimə də anasının sözünü təsdiqlədi, hicab bağlamağı sevdiyini dedi: “İran məktəbində, 1-ci sinifdə oxuyuram. Məktəbə hicabla gedirəm. Xoşuma gəlir. Bütün rəfiqələrim də hicab bağlayır. Böyüyəndə göz həkimi olmaq istəyirəm”.
“Nardaranlılar haqlarını həmişə tələb edirlər”
Axund, eyni zamanda “İslam həqiqətləri” qəzetinin redaktoru Əli Nur da həmkəndlilərinin həbsindən narazıdır: “İnsanlar əgər hər hansı bir qanun pozursa, cəzalandırılmalıdır. Amma indiki dövrdə belə deyl. Mömin qardaşlarımızın həbsində heç bir qanun pozuntusundan söhbət gedə bilməz. Burada hakimiyyətin, bəzi maraqlı dairələrin açıq-aşkar böhtanları var. Dindarı narkotik istifadəçisi kimi həbsə atmaq insafsızlıqdı. Həbs olunan cavanların hamısını tanıyıram. Onların heç birinin verilən ittihamlarla əlaqəsi yoxdu. Özü də təkcə Nardarandan yox, başqa yerlərdən də tutulanlar var. İctimai fəallıq göstərən insanlardı hamısı. Dindar kənd olduğuna görə Nardarandan həbs olunanların sayı daha çoxdur. İttihamların hamısı böhtandır, şərdir”.
Əli Nurun sözlərinə görə, nardaranlıları başqalarından fərqləndirən əsas xüsusiyyət odur ki, heç vaxt istəmədikləri işi görmürlər: “Dünyanın heç bir yerində məcburən nəsə etdirmək düzgün hal sayılmır. Mən hansısa bir liderin və ya hansısa bir şəxsin şəklini, plakatını istəmirəmsə, olmayacaq. Fərqimiz odur ki, biz lider, rəhbər kimi peyğəmbəri görürük. Ona görə də onun sözləri yazılıb divarlarda. İmamlarımızın sözləri yazılıb. Biz onları müqəddəs, dahi bilirik. Onların sözlərini özümüzə şüar etmişik. Çalışırıq ki, kəndin daxilində insanların istəyi, meyli nəyədirsə, elə də olsun. Mən deyərdim ki, bu gün Nardaranda əsl demokratiyadır. Bura nümunə götürüləsi bir yerdir. Burda heç nəyi zorla tətbiq etmək olmur. Bu, mümkün deyil. İnsanlar buna imkan verməzlər. Ona görə də nə görürsünüzsə, hamısı təbiidir. İnsanların istəyi əsasındadır”.
Axund Nardaranın İranla əlaqəsi məsələsinə də toxundu: “Nardaranın İranla heç bir əlaqəsi yoxdur. Bunu səmimi deyirəm. Deyirlər, guya pul yardımı olunur. Boş şeylərdir hamısı. Burada nə var? İranı ittiham etmək üşün Nardaran faktorundan istifadə edirlər. Nardaranı ittiham etmək üçün də İranın adı ilə ləkə yaxırlar. Başqa heç nə yoxdur”.
Əli Nur mövlud mərasiminin təşkilindən də danışdı: “Bu gün axşam tədbir var. Mövlud mərasimi təşkil edirik. İmam Hüseynin anadan olması ilə bağlıdır. Bunlar hamısı insanların öz istəyi ilə olur. Kimin nəyə imkanı çatırsa, təşkilatçılara təqdim edir, onlar da süfrəni bəzəyirlər. Birmənalı olaraq Nardaranda heç kimi nəyəsə məcbur etmək mümkün deyil. Hər şey ürəkdən gəlir. Bizim elə mərasimlərimiz olub ki, çay süfrəsi ilə kifayətlənmişik, imkanımız ona çatıb. Elə də olub ki, gözəl süfrələr açmışıq. Baxır həmin gün olan imkanımıza”.
Kəndin ziyalısı Nardaranda aksiyaların səngiməsinə rəng verənlərə cavab olaraq bildirdi ki, onları heç nə ilə susdurmaq olmaz. Amma bununla belə, nardaranlılar haqqında deyilən “radikallar” ifadəsinə də etiraz etdi: “Bu söz cəmiyyətdə düzgün qəbul olunmayan kəlmədir. “Radikal” deyəndə hamı qorxur. Əgər söhbət fəaliyyətdən, aktivlikdən gedirsə, kəndimiz həmişəki kimidir. Bütün tədbirlər, dini ayinlər öz qaydasında davam edir. Hətta digər yerlərdən də qonaqlar gəlib tədbirlərdə iştirak edirlər. Lazım gələndə aksiyalar da keçiririk. Sadəcə bunların yönləri fərqli ola bilər. Məsələn, bir dəfə piket formasında olur, digərində məsləhətləşirik ki, piketə ehtiyac yoxdur, gəlin, bəyanat verək. Ağsaqqallar Şurasının sonuncu belə bəyanatı “Avroviziya” dövründə oldu, gey-parada etiraz edildi. Həmin vaxt piket keçirməyə lüzum görmədik. Həmin bəyanat da bütün mediada yayıldı”.
İnternet kafelərdə qadınlara rast gəlinmir
Nardaranda diqqətçəkən məqamlardan biri də gözəllik salonlarının azlığıdır. Adını açıqlamaq istəməyən qadın dedi ki, kənddə cəmi bir gözəllik salonu var: “Kəndin mərkəzində yerləşir. Çox yaxşı da ustalar var. Bütün qadınlarımız ora gedir”.
İnternet kafelərin də sayı çox deyil. Üstəlik bu klublara yalnız kişilər gedir.
Dövlət Proqramının icrası ləngidilir
“2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na 300 milyon, 308 min manat vəsait ayrılıb. Proqram haqqında olan sənəddə deyilir ki, “Bakı şəhərinin 97 faizi qazlaşdırılıb, əhalinin elektrik enerjisinə olan tələbatını təmin etmək məqsədilə elektrik stansiyaları tikilib”.
Sabunçu Rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəsi Hacı Tofiqin sözlərinə görə isə Dövlət Proqramı çərçivəsində 2009-cu il üçün elektrik yarımstansiyasının tikilməsi, yeni iş yerlərinin açılması, 130 saylı orta məktəbin təmiri, 2010-cu ildə 8 saylı xəstəxana binasının təmiri nəzərdə tutulsa da, heç bir iş görülməyib: “Yol təsərrüfatı-nəqliyyat sahəsində isə 90000 kv/m asvalt çəkilməsi nəzərdə tutulmuşdu, 12000 kv/m çəkildi. Planlaşdırılan işlər 2013-cü ildə bitməlidir, səbirsizliklə gözləyirik”.
Gülər Mehdizadə
Aynur Elgünəş, xüsusi olaraq “Qafqazinfo” üçün
Fotolar Gülər Mehdizadənindir