“At qanı içə-içə sağaldım...” - İkinci həyat

at-qani-ice-ice-sagaldim-ikinci-heyat
Oxunma sayı: 25735

Bu gün də cəmiyyət arasında ara həkiminə inanmayanlar, onların şəfa verəcəyinə barmaqarası baxanlar var. Sözsüz, “təbib” adını daşıyanlar arasında fırıldaqçılar da az deyil. Amma “ara həkimi” adı verilən insanlar çox halda ali təhsil almış bəzi diplomlu “həkim”lərdən qat-qat xeyirə yarayırlar. Düzü bu məqalədə ara həkimlərinin nüfuzunu qaldırmaq, onların statusunu, fəaliyyətini tərif etməkdən daha vacib məqsəd durur. Bir insanın yaşamaq uğrunda mübarizəsi, əzmi və onun heyvan qanının köməyi nəticəsində “dirilməsi”dir.


Ailəm ölümümə hazırlaşırdı, mən isə.....

Qəhrəmanım Nərminə Mustafayeva (hazırda 55 yaşı var) dönə-dönə dünyaya ikinci dəfə gəldiyini söy¬ləyir. O, “ikinci həyatı”nın tarixçəsini “Qafqazinfo”ya danışır.

Nərminə xanım bir neçə il qəflətən bədənindəki ağrılardan şikayətlənib. Əvvəlcə o vəziyyətinin ciddiliyini nəzərə almır, ağrıkəsicilər vasitəsiylə bu ağrılarının qarşısını alır. Getdikcə bel, kürək hissəsindəki ağrılar dözülməz olur, iştəhası azalır, sürətlə çəkisini itirirdi. “Tam bir il içərisində Azərbaycanın dövlət, özəl xəstəxanalarını gəzdim. Saysız həkim, mütəxəsis, professorların qəbulunda oldum. Qalaq-qalaq müayinə, analiz, rentgen kağızlarını hələ də evdə saxlayıram. Bu boyda ölkədə bir həkim tapılmadı ki, dərdimi desin. Ən ağır xəstəlikləri adıma yazdılar, üzümə qarşı öləcəyimi söylədilər. Hətta yaxınımız həkim-kardioloq belə həyat yoldaşıma “ümid yoxdur, əlinizi üzün” demişdi. Mən də hər güzgüyə baxanda özümdən qorxurdum, çətin də olsa vəziyyətimin ciddiliyini başa düşürdüm. Bədən hərarətim də yüksək olurdu, temperaturumu aşağı salmaq üçün dərmanlar da kömək etmirdi. Amma Allahdan ümidimi kəsmirdim. Getdikcə müqavimətimin təmamilə itdiyini hiss edirdim, hərəkətim məhdudlaşırdı. Ailəm, yaxınlarım da öləcəyimə inanırdı. Mənə bildirməsələr də, cənazəm barədə fikirləşdiklərini bilirdim.”


Onu insan qanı yox, at qanı həyata qaytardı

“Qızım, həyat yoldaşım vəziyyətimin lap pisləşdiyi vaxtlarda belə həkim axtarmaqdan yorulmurdular. Onların bu əziyyəti boşa çıxmadı. Bir gün gəlib, mənim çarəmi, xilaskarımı tapdıqlarını dedilər. Artıq yorulmuşdum, amma israrla məni həmin “ara həkimi”nin yanına apardılar. Məcburi köçkün düşmüş Əlizamin adlı şəxs çarəsiz insanlara şəfa verən biri kimi bu gün də tanınır. Hətta ali təhsilli həkimlər, mütəxəsislər də onun yanına şəfa tapmağa gəlirlər. Bu insan heç bir tibbi təhsili olmayan şəxsdir. Elə mənə də dərdimin nə olduğunu açıq-aydın demədi. Qəbulunda olanda əli ilə daxili orqanlarımı, qarın nahiyəmi yoxladı. Bir torba apardığımız tibbi müayinələrin cavablarına belə göz gəzdirmədən “bunlardan mənim başım çıxmaz” dedi. Təbib bədənimin həddindən artıq zəiflədiyini, qanazlığından əziyyət çəkdiyimi təcili həmin axşamdan (ilk görüşdüyümüz gün) etibarən sağlam at qanı tapıb içməyimi məsləhət gördü. Həyat yoldaşım və mən bu məsləhətdən təəccüb etdik. Amma o bunun ciddi olduğunu təkid etdi. Mən artıq hər şeydən əlimi üzmüşdüm, əvvəl bu qanı tapıb içməkdən imtina etdim. Amma ölümümü fikirləşəndə çətinliklə də olsa, buna əməl etməyə razılıq verdim.”


“Qaniçən oldum, amma şükür həyatdayam”

“İlk əvvəl bir həftə ərzində bir stəkan olmaqla hər gün təzə at qanı içdim. At saxlayan, atçılıqla məşğul olan insanlarla əlaqə qurub, mənə kömək etmələrini xahiş edirdik. Təzə at qanı içmək dəhşətli bir vəziyyətdir. Allah heç kəsə göstərməsin. İnsan qanına bənzəyən bu məhlulu içmək çox çətin idi. Amma başqa çarəm yox idi. Bir müddət ardıcıl olaraq təbibin məsləhəti ilə onun dediklərini etdim. Təbib mənim vəziyyətimi nəzarətində saxlayırdı, eyni zamanda mənə təbii üsulla hazırlanmış məhlullar da verirdi. Həmçinin dovşan əti, buxarda bişirilmiş balıq yeməyi, pəhriz saxlamağımı məsləhət görürdü. Onun dediklərini edirdim, çünki at qanı içdikdən bir ay sonra yaxınlarım, elə özüm də bədənimdə, vəziyyətimdə müsbət dəyişikliyi hiss etdim. Elə bil qüvvətlənməyə başlayırdım, rəngim düzəlirdi. Təbib at qanının mənə yaxşı təsir etdiyini görüb, ondan gündə iki dəfə içməyimi tövsiyyə etdi. Təssəvvür edin, axşam, səhər təzə at qanını içmək necə olur?

Hardasa, bir il müddətində təbibin dediklərinə əməl etdim, təxminən dörd ay ərzində at qanı ilə qidalandım. Nə vaxtsa insan qanı yox, atın qanı ilə həyata qayıdacağıma indi də çətinliklə inanıram. İndi normal həyatımı yaşayıram. Əvvəlki halıma dönmüşəm. Bütün orqanlarımın fəaliyyəti bərpa olub. Əlizamin adlı şəxs olmasaydı mən yəqin ki indi bu dünyada deyildim. Bu da Allahın işidir. İnsanlara məsləhətim odur ki, yaradandan ümidlərini heç vaxt kəsməsinlər.”


At qanı doğrudan da şəfavericidir

Nərminə xanım at qanı qidalanmaqla həyata qayıtsa da, onun dərdinin nə olduğu bugünə qədər də açıqlanmayıb. Bu barədə təbibi də bir söz deməyib.
Apardığım kiçik araşdırmadan məlum olur ki, qədimdən at qanı xalq təbabətində geniş istifadə olunmuş vasitə olub. Ondan bir çox allergik, dəri xəstəliklərində bədəni qüvvətləndirici dərman kimi istifadə ediblər, bu gün də istifadə olunmaqdadır. Hətta sümük iliyi xəstəliyində də istifadə edilməkdədir. Xarici ölkələrdə at qanı ilə yanaşı, dovşan qanı ilə qidalanan insanların şəfa tapması faktları məlumdur. Bu yaxında İngiltərədə 11 yaşlı Zoe Gillert adlı qız uşağının da at qanı ilə qidalandığı məlum olub. Bu uşaq aplastik anemiya xəstəliyindən əziyyət çəkir. Hazırda da onun at qanı ilə müalicəsi davam etdirilir. Qızcığazın sümük iliyi transplantasiyasına ehtiyyacı var, amma donor olmadığından ailəsi onu at qanı ilə qidalandırır. At qanı yeni qan hüceyrəsi yaratmaq qabiliyyətinə malikdir.

Onu da qeyd edim ki, cadugər dediyimiz insanlar da at qanından geniş istifadə edirlər.
Allah heç kəsə nə insan, nə də heyvan qanını iç¬məyi nəsib etməsin!

Raminə Eyvazqızı