Zakir Həsənovun yeni müavinlərinin adları açıqlandı
TARİX: 21.12.13 | 14:10

Azərbaycanın müdafiə nazirinin iki yeni müavini təyin olunub. Bu barədə APA-ya eksklüziv olaraq öz hərbi mənbələrindən məlumat daxil olub. Yeni müavinlər general-mayor Qorxmaz Qarayev və general-leytenant Kərəm Mustafayevdir.


General-mayor Qorxmaz Qarayev eyni zamanda Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat (MTT) Baş İdarəsinin rəisi, general-leytenant Kərəm Mustafayev isə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsini tutacaq.

Yeni təyinatlarla müdafiə nazirinin müavinlərinin sayı 5 olub. Müavinlər bunlardır - general-polkovnik Nəcməddin Sadıkov - müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Çingiz Məmmədov – müdafiə nazirinin müavini, general-mayor Ramiz Tahirov müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Qorxmaz Qarayev - müdafiə nazirinin müavini, MTT Baş İdarəsinin rəisi, general-leytenant Kərəm Mustafayev – müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı.

Xatırladaq ki, bir neçə gün əvvəl bəzi internet saytlarında Q. Qarayevin istefaya göndəriləcəyi barədə məlumatlar yayılmışdı.

General-mayor Q. Qarayev 1990-cı illərin əvvəllərindən Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. 1992-1993-cü illərdə Kəlbəcərdə 701 saylı briqadada tabor komandiri, hərbi hissə komandirinin müavini, əməliyyat şöbəsinin rəisi, qərargah rəisi olaraq, 1992-ci ilin oktyabr ayında Hocaz əməliyyatı və Laçın rayonunun 40 kəndinin azad olunmasında, 1993-cü ilin mart ayında Kəlbəcər rayonunun müdafiəsi döyüşlərində aktiv iştirak edib. 1994-cü ilin yanvar ayının 20-də Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə Q. Qarayevin rəhbərlik etdiyi qüvvələr Çəpli kəndi yaxınlığında ermənilərin bir tabor canlı qüvvəsini, habelə zirehli texnika kalonunu, Qamışlı körpüsü yaxınlığında isə ermənilərin bir tabora yaxın canlı qüvvəsini məhv edib. Əfqanıstanda xidmət etdiyi dövrdə SSRİ-nin iki mühüm hərbi medalı ilə təltif olunub.

General-leytenant Kərəm Mustafayev 1983-cü ildə Bakı Ümumqoşun Komandirləri Məktəbini bitirib. 1990-cı illərin əvvəllərindən Azərbaycan Silahlı Qüvvələrində xidmət edən K. Mustafayev 1991-1994-cü illərdə Ermənistanla müharibə zamanı Naxçıvan Muxtar Respublikasının müdafiəsinin təşkilində xüsusi rol oynayıb. Sonrakı dövrlərdə Naxçıvan 5-ci ordu birləşməsinin komandanı vəzifəsində çalışıb. Silahlı Qüvvələrinin formalaşmasında roluna görə Azərbaycanın müxtəlif orden və medalları ilə təltif olunub. Dekabrın 20-də isə yeni yaradılmış Əlahiddə Ümumqoşun Ordusunun komandanı vəzifəsinə təyin edilib.




Xəbər 3176 dəfə oxunub

Şərh əlavə olunmayıb

ŞƏRHİNİZ BİZİM ÜÇÜN DƏYƏRLİDİR!