Rövşən Əkbərovdan açıqlama gəldi

“Rövşən Əkbərovdan açıqlama gəldi
Oxunma sayı: 7376

Şəmkir  hərbi birləşməsinin Tovuz rayonunda yerləşən N saylı hərbi hissəsində  baş verən intiharla bağlı korpusun komandiri, general-leytenant Rövşən Əkbərovdan reaksiya gəlib.

Korpus komandiri “Qafqazinfo”ya açıqlamasında əsgər Anar Əsgərlinin intiharı ilə bağlı cinayət işinin açıldığını və Hərbi Prokurorluğun bu işlə məşğul olduğunu bildirib.

General həmçinin bir neçə gün əvvəl prezident İlham Əliyevin Şəmkir hərbi birləşməsinin hərbi şəhərciyində aparılan abadlıq-quruculuq işləri ilə tanış olarkən müdafiə naziri Səfər Əbiyevin həmin tədbirdə iştirak etməməsinə də münasibət bildirib. Komandir deyib ki, müdafiə nazirinin həmin görüşdə iştirak etməməsi onunla bağlı deyil: “Bu mənimlə bağlı məsələ deyil. Bunun səbəbini nazirin özündən soruşun”.

Qeyd edək ki, son günlər mətbuatın müzakirə etdiyi əsas mövzulardan biri dövlət başçısının Şəmkir hərbi birləşməsinin hərbi şəhərciyində olarkən həmin tədbirdə müdafiə naziri Səfər Əbiyevin iştirak etməməsidir. Ali Baş Komandanı müdafiə nazirinin deyil, korpus komandiri Rövşən Əkbərovun şəxsən qarşılamasını mətbuat Səfər Əbiyevlə Rövşən Əkbərov arasındakı münasibətlərin nəticəsi kimi şərh edir.