Milyonlar xərclənir, yenə borcları var...
TARİX: 21.01.14 | 21:08

- «Jumeirah Dubay» hotelində qalma xərci 327 dollara başa gəlib; - “Salmontini Dubai - Restaurant” restoranında şam yeməyi 1127 dollar; - “Bürc Xəlifə”dəki ticarət mərkəzinin lüks saunasında bir günlük istirahət 487 dollar; - “Louis VUITTON”, “İF boutique”, “Harvey NİCHOLS”, “FALCON Gallery”, “HOME CENTRE” və digər mağazalardan alış-verişinə 20000 dollar; - Biznes-klass sinfindən olan avtomobilin icarəsinə isə 780 dollar xərc çəkilib.


Büdcəyə 350 min manata başa gələn ezamiyyə xərci “Azərenerji” ASC-nin əməkdaşına aiddir. Bu haqda məlumatı “Azərenerji” yox,“Anonymous” haker qrupu açıqlayıb. Məlumata qurum rəhbərliyi mətbuat xidməti səviyyəsində münasibət bildirib: “Etibar Pirverdiyev məsələni araşdıracaq”.

“Bu gün ölkədə dövlət vəsaitlərinə ictimai nəzarət varmı” - ciddi suallardan biridir. Sualın cavabı birmənalı olaraq mənfidir. Nəzərə alsaq ki, ictimai vəsaitlər haqda məlumatı ictimaiyyətə ən azı Hesablama Palatası təqdim etməlidir, amma belə olmur. Qurumun hesabatı adətən il başa çatdıqdan sonra, növbəti ilin əvvələrində Milli Məclis üzvlərinə təqdim olunur. Ordan da iqtisadçı ekspertlər bu rəyi əldə edə bilsələr ictimaiyyətin məlumatlara çıxışı olacaq. Əldə edə bilməsələr bir çox vacib layihələr, investisiyalar, xərcləmələr və sairə haqda olan məlumatlar qapalı qalacaq. 

“Azərenerji” ASC iri vergi ödəyicisidir. Qurum artıq uzun müddətdir büdcə proqnozunu yerinə yetirə bilmir və ən böyük borc sahiblərindən biridir. Üstəlik, abonentlərdən ödəmələri 98 faizə çatdırsalar da, büdcədən asılılıqları davam edir.

İqtisadçı ekspert Qadir İbrahimlinin sözlərinə görə,  2005-ci ildən indiyəcən dövlət büdcəsindən “Azərenerji” ASC-yə 1 milyard 132 milyon manat və yaxud 1,5 milyard dollar dövlət investisiyası yatırılıb: 
“Buraya 1 milyard 431,6 milyon dollar xarici kreditləri də əlavə etsək (Mənbə: Maliyyə Nazirliyinin rəsmi arayışı, 1 oktyabr 2010-cu il, son 2 il ərzində elektrik enerjisi sektoruna ayrılan xarici kreditlərin məbləği açıqlanmırA.F), demək olar ki, son 6 ildə bu sektora 3 milyard dollara yaxın vəsait yatırılıb. Bir elə fantastik xərcləmələr fonunda heç bir pozitiv nəticə yoxdur. Çünki ölkənin daxili enerji tələbatı hələ də ödənməyib. Elektrik verilişindən məhrum qalan massivlər var. Həmin investisiyalar səmərəli istifadə olunmur. Əvəzində bu sektorda korrupsiya günbəgün inkişaf edir”.

Ekspert bildirdi ki, ötən ilin aprelində Milli Məclisdə Hesablama Palatasının illik hesabatının müzakirəsi zamanı deputat Çingiz Qənizadə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevə qarşı bir sıra ağır ittihamlar səsləndirib. Deputat Priverdiyevi ona yaxın olan AZENCO şirkəti ilə müqavilələr bağladığını, dövlət vəsaitlərini taladığını deyib: “Məsələn, su elektrik stansiyalarının birinin tikintisi zamanı nəzərdə tutulan müqavilədə tikintinin 20 aya başa çatdırılacağının göstərilməsinə baxmayaraq, 15 ay əlavə vaxt uzadılıb və büdcədən əlavə vəsaitlər ayrılıb. Ümumiyyətlə, ”Azərenerji" bütün əməliyyatlarını AZENCO şirkəti ilə birlikdə aparır və nəticədə böyük korrupsiya faktları olur". Deputat Hesablama Palatasına təklif edib ki, “Azərenerji” ilə bağlı apardığı araşdırmaları Baş Prokurorluğa göndərsin. Hesablama Palatasının rəhbəri Heydər Əsədovun bu məsəyələ reaksiyası çox qısa olub: “Azərenerji” ASC-nin fəaliyyətində kriminal məqama rast gəlinmədiyi üçün bu iş Baş Prokurorluğa göndərilməyib". 

Qurumun saytında konsolidə edilmiş (təhrif olunmuş hesabatın dəqiqləşdirilməsi) hesabatları da yer alıb. Bu hesabat “Azərenerji”nin  2012-ci il hesabatından götürülüb (31 dekabr 2012-ci il) 
Qurumun saytında layihələr, elektrik stansiyaları, təmir və bərpa olunan, eləcə də beynəlxalq auditor şirkətinin verdiyi rəy də yer alıb. Ancaq bir məsələ var ki, layihələrin məbləği, xərclənən vəsaitlər, gəlirlər ayrı-ayrılıqda deyil ümumi şəkildə göstərilib. Bununla da nəyin necə xərcləndiyini deyil, ümumi rəqəmlər toplusunu görmək olar. Hesablama Palatasının 2011-ci ilə olan rəyinə baxaq:

“Azərenerji” ASC-nin debütor borclarının silinməsinə görə dövlət büdcəsinə olan 92,3 milyon manat məbləğində olan kreditor borcu silinib. 2011-ci il ərzində “Azərenerji” ASC-nin ümumi borc məbləğinin 152590,2 min manat və ya 14,2 faiz azalaraq 91973,9 min manata enməsinə baxmayaraq bu borcun həcmi hələ də yüksək olmaqla dövlət büdcəsinə olan ümumi borcun 29,6 faizini, dövlət mülkiyyəti üzrə dövlət büdcəsinə olan ümumi borcun isə 74, 5 faizni təşkil etmişdir. Son 5 il ərzində elektrik enerjisi haqqının yığım səviyyəsi orta hesabla 57,7 faizdən 97,4 faizə çatdırılmışdır ki, bu da dövlət büdcəsi qarşısında yaranan öhdəliklərin vaxtında icra olunmasını təmin etməlidir. 
Bu barədə məlumata qurumun saytında rast gəlmədik.

Büdcəyə borc hardan yarana bilər?

“3 milyard dollar xarici, yerli investisiya yatırılan dövlət müəssisəsinin gəlirləri məntiqlə artmağa doğru getməlidir. Buna baxmayaraq, müəssisənin vergi, sosial müdafiəyə olan borcları artmaqdadır. Bunların hamısı Hesablama Palatasının rəyində əksini tapıb. Vergi borcu nədən yaranır? Müəssisəyə investisiya yatırılırsa, enerji istehsalı rentabellidirsə - əhaliyə satılan enerjinin maya dəyəri 2,5 qəpikdir. Bu baxımdan borcun haradan yarandığı qaranlıq qalır. Hökumət korrupsiya faktını araşdırmalı idi. Məsələ daha da dərinləşir. İri borc yaranır və Nazirlər Kabineti həmin borcları silir. Sanki “Azərenerji”də olan korrupsiya fakrtlarını legitimləşdirir. Baxmayaraq ki, bunun özü də qanuna ziddir. Çünki müəssisənin borcları müflis olduğu, vergi ödəmə qabiliyyəti olmadığı halda silinir” - söylədi Q.İbrahimli.

“Bakıelektrikşəbəkə” haqda Hesablama Palatasının 2011-ci il hesabatında nə yazılıb? 

Kommunal və infrastruktur layihələrinə ayrılan vəsaitin 46,6 milyon manatı, “Azərenerji” ASC-nin nizamnamə kapitalına qoyulan 75 milyon manat istisna olmaqla ölkənin yüksək gərginlikli 252 yarımstansiyadan, 8 000 km-dən artıq olan elektrik xətlərindən və aşağı gərginlikli 35 mindən çox yarımstansiyadan, uzunluğu 120 min kilometrdən artıq olan elektrik xətlərindən və çoxlu miqdarda avadanlıqlardan ibarət olan elektrik şəbəkə təsərrüfatlarının yeniləşdirilməsində istifadə olunub. Təqdim olunan məlumatlara görə “Azərenerji” ASC tərəfindən 46,6 milyon manat vəsaitin 21 milyon manatı Bakı şəhər Xırdalan yarımstansiyasının tikintisinə, 5,6 milyon manatı Gəncə Poladəritmə və Aluminim Zavodlarının enerji təchizatı layihəsinə, 20 milyon manatı paylayıcı elektrik şəbəkəsinin yenidən qurulmasında istifadə olunub. “Bakıelektrikşəbəkə” ASC-nin nizamnamə kapitalının artırılmasına yönəldilən 136 milyon manat vəsait hesabına 2 ədəd yarımstansiya tikilib və 5 ədədi yenidən qurulub, 168 ədəd yeni transformatr məntəqəsi tikilib və 182 ədədi təmir olunub. 2399,2 km kabel və 229 km hava xətti çəkilib, 130,3 min sayğac quraşdırılıb. Bakı şəhərinin enerji təchizatının və dayanıqlığının artırılması istiqamətində digər işlər yerinə yetirilib.

Bəs bunlar “Bakıelektrikşəbəkə”nin saytında öz əksini tapıb?

“Bakıelektrikşəbəkə”nin saytında nə tender layihələri, nə  ayrılan maliyyə vəsaitərinin həcmi, nə də tenderi udan şirkətlərlə bağlı məlumatlar var. Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin sözlərinə görə, bu informasiyalara saytda rast gəlmək olar: “Tenderlər, vəsait, ilin yekununa aid hesabat qoyulub. Hansı yarımstansiyaya nə qədər vəsait ayrılıb, hamısı var. Ola bilər, siz şöbələrə daxil ola bilməmisiniz”.
Baxmayaraq ki, “Bakıelektrikşəbəkə”nin saytında inkişaf və investisdiya bölməsində maliyyə, və tenderlər haqda heç bir məlumat yoxdur www.bes.az. 

Yenə Hesablama Palatasının rəyinə baxaq:

2012-ci ildə dövlət əsaslı vəsait qoyuluşu hesabına Sumqayıt Kimya Sənaye Parkı MMC-yə nizamnamə kapitalının formalaşdırılması və Balaxanı Sənaye Parkanın yaradılması işlərinin həyata keçirilməsi ilə bağlı 15 milyon manat, Azərbaycan Respublikasında kosmik sənayenin yaradılmasına və inkişafı üzrə dövlət proqramının həyata keçirilməsi xərcləri ilə bağlı 13 milyon manat, Azot Gübrə İstehsal Zavodunun tikintisinə 14, 8 milyon, Bakı şəhərində Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun tikintisinə 63 milyon manat, Arpaçay Su Elektrik Stansiyasının tikintisinə 24,4 milyon manat, gücü 36 mvatt olan Ordubad Su Elektrik Stansiyasının (SES) tikintisinə 25 milyon manat, iqtisadi rayonlar üzrə toplam gücü 16,3 Mvatt kiçik SES-in tikintisinə 11,6 milyon manat, Lerik və Yardımlı rayonlarının etibarlı, sabit elektrik enerji təchizatı üzrə Lerikdə 16,8 mvatt  gücündə ES 2 dövrəli 35 kvattlıq EVX-nin və 2 ədəd 35 kvattlıq yarımstansiyanın tikintisinə 17,1 milyon manat vəsait yönəldilib.

Regionların 2009-2013-cü illərdə sosial iqtisadi inkişafı üzrə proqramla yanaşı ölkə rəhbərliyinin də təsdiq etdiyi iqtisadiyyatın ayrı-ayrı sahələrini əhatə edən digər dövlət proqramının icrası ilə əlaqədar 2012-ci ildə də dövlət əsaslı vəsait qoyuluşuna vəsait yönəldilib. Belə ki, 2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial iqtisadi inkişafına dair dövlət proqramını həyata keçirilməsi üçün dövlət proqramına 350,6 milyon manat, o cümlədən “Bakıelektrikşəbəkə” ASC üzrə 50 milyon manat, “Azeristiliktəchizat” üzrə 15 milyon manat vəsait ayrılıb. 

Qayıdaq “Azerenerji” ASC-ə. 

Qurumun saytında layihələr haqda məlumat verilib. Bu layihələrdə məsləhətçi və podratçı şirkətlərin adları açıqlanıb. Baxmayaraq ki, layihəyə ayrılan və xərclənən vəsait göstərilməyib. Layihələrdə iştirak edən bir neçə şirkət haqda yazmaq istərdik. 

“Azerenerji”nin saytında Elektrik enerjisinin ötürücü sisteminin bərpası layihəsindən danışaq. 
Layihənin məsləhətçisi “KEMA”  və  “Dar Al-Handasah”  şirkətləri, podratçı: “Alstom Grid”, “BHEL”, “ABB” şirkətləridir. Podratçı şirkətlərdən biri olan və dünyada bu sahədə gördüyü işlərlə tanınan Alstom Grid-in Azərbaycanda təmsilçiliyi 2 dəfə eyni şəxsin adına qeydiyyatdan keçib.  

Kommersiya qurumunun adı - "ALSTOM GRİD SAS" ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALI
Hüquqi ünvanı - AZ1006, BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, İSMAYILBƏY QUTQAŞINLI, ev 20
Maliyyə ili - 01.01 - 31.12
Qanuni təmsilçi - ELŞƏN ZEYNALOV AFƏT OĞLU
Dövlət qeydiyyatına alındığı tarix - 01.02.2008

İkinci dəfə isə 07.10.2011-ci ildə bu dəfə fərqli hüquqi ünvanda Yasamal rayonu, Cəfər Cabbarlı, ev 44-də qeydiyyatdan keçib.

Maraqlıdır ki, qeydiyyatı olan şirkətin saytında əməkdaş ölkə kimi Azərbaycanın adı yer almayıb -http://www.alstom.com/factsheets/. Şirkətin 2007-ci ildən təqdim etdiyi maliyyə hesabatlarında da Azərbaycanda apardığı hər hansı işlə bağlı məlumat yoxdu. Ancaq şirkət Rusiya, Qazaxıstan və Türkiyədə bir sıra layihələr icra edib. 

“Azərenerji” ASC-nin saytında Hesablama Palatasının onunla bağlı verdiyi rəylərə rast gəlmək qeyri-mümkündür. Ancaq beynəlxalq audit şirkəti olan Deloitte & Tuch Thomatsu şirkətinin verdiyi rəy yayımlanır. Daha doğrusu, rəy bütövlükdə deyil nəticə açıqlanır. Rəydə əksini tapan nöqsan və digər məsələlər gizli tutulur. Deloitte-un əməkdaşı “Azərenerji” ASC-ni auidit etdiklərini təsdiqlədi, ancaq rəyin tam variantını verə bilməyəcəklərini açıqladı. Buna da səbəb konfedensiallığa müqavilə əsasında əməl etməli olduqlarıdır:
“Onlar sizə verə bilərlər, ancaq biz yox”.

Media eksperti Ələsgər Məmmədlinin sözlərinə görə, İnformasiya Əldə Etmək Haqqında qanunun 29-cu maddəsinə görə açıq informasiyalar qurumun saytında yerləşdirilməlidir:

“Sizin saydıqlarınız da məhz həmin kateqoriyada olan məlumatlardır. Ayrıca informasiya sahibi kimi onlar bazarda hökmran mövqe tutan monopolist qurumlardır. Ona görə də informasiya sahibidirlər. Baxmayaraq ki, kommersiya yönümlüdürlər. Bu aspektdən və qanun baxımından idarəetmədə şəffaflıq və hesabatlılıq prinsipini eyni zamanda pozurlar. Bu o deməkdir ki, qanundan doğan vəzifələrini yerinə yetirmirlər. Tender haqqında informasiya tapmadınızsa deməli, tenderlər qanunauyğun keçirilməyib. Eyni zamanda hesabatların bütününə çatmaq imkanımız yoxdursa hesabatlarda məhz həmin qurumun yarıtmaz məqamları gizlədilib. Bu, həmin qurumların qeyri-şəffaf olub, cəmiyyətin informasiya almaq hüququna qoyulan məhdudiyyət deməkdir” - deyir Ə.Məmmədli.

Bizimyolinfo.com



Xəbər 4022 dəfə oxunub

Şərh əlavə olunmayıb

ŞƏRHİNİZ BİZİM ÜÇÜN DƏYƏRLİDİR!