“Vəsaitlərin azaldılması bizi narahat edir” - Komitə sədri

vesaitlerin-azaldilmasi-bizi-narahat-edir-
Oxunma sayı: 1666

Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında 2016- ci ilin payız sessiyası dövründə görülən işlər üzrə hesabat və 2017- ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planı müzakirəyə çıxarılıb.

Qafqazinfo” xəbər verir ki, iclasda çıxış edən komitə sədri Əhliman Əmiraslanov bildirib ki, ötən sessiya ərzində komitədə 8 məsələ müzakirə edilib, onlardan 7-si plenar iclasda təsdiq olunub: “Hesab edirəm ki, ötən dövr ərzində komitəmiz səmərəli işləyib. İndi isə növbəti sessiya üçün qanun layihələri var. Hazırda “Psixoloji yardım haaqında” qanun layihəsi hazırdır və Milli Məclisə gəlib. Hesab edirəm ki, yaz sessiyasında müzakirəyə çıxarılacaq. Çünki cəmiyyət bu qanunun qəbul olunmasını bizdən gözləyir, biz hətta gecikmişik. Büdcə müzakirələrində bir sıra sahələr üzrə vəsaitlərin azaldılmasının bizi narahat etdiyini də vurğulamışdıq. Xüsusilə kimyəvi preaparatların gətirilməsi üçün. Manat devalvasiyaya uğrayıb, buna görə də xaricdən gətirilən preaparatların qiyməti bahalaşıb. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi də yaz sessiyasında plana salınıb. Orqanların transplantasiyası məsələsi də gündəmdədir. Yəqin ki, yaxın gələcəkdə Azərbaycanda ürək transplantasiyası da gerçəkləşəcək”.

Çıxış edən komitə üzvü Qənirə Paşayeva bildirib ki, “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbul edilməsi üçün analar ona çoxlu müraciətlər edir: “Çünki bu qanunda artıq mübahisə doğuran məsələlər layihədən çıxarılıb. Yalnız bir dəfə dövlət uşaq sahibi ola bilməyən analara süni mayalanma ilə bağlı dəstək verəcək. Ona görə də bu qanunun qəbul olunmasını ailələr səbrsizliklə gözləyir”.

Günel Türksoy