“Qafqazinfo” ya daxil olan məlumatda qeyd olunur ki, Saatlının Məzrəli kəndində sakinlər tərəfindən məktəbin mühasirəyə alınması və direktorun qovulması ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil:”Saatlı rayon təhsil şöbəsindən Təhsil Nazirliyinə verilən məlumata görə, Mehman Şükürov ötən ilin oktyabrından dekabrın 18-dək Məzrəli kənd tam orta məktəbinin direktoru vəzifəsini icra edib. Onun fəaliyyəti qənaətbəxş olmadığından, ciddi nöqsanlarla müşayiət olunduğundan tezliklə vəzifəsindən azad edilib. Məktəbdə yaranmış problemlərin qısa müddətdə aradan qaldırılması üçün 2014-cü il dekabrın 18-dən məktəbin direktoru vəzifəsi müvəqqəti olaraq Saatlı rayon təhsil şöbəsinin müdir müavini Şöhrət Bədəlova həvalə olunub. Hazırda məktəbdə ab-hava normaldır, kənd sakinləri görülən tədbirləri dəstəkləyir.
Eyni zamanda Saatlı rayon təhsil şöbəsindən bildiriblər ki, sakinlər tərəfindən məktəbin mühasirəyə alınması ilə bağlı xəbərləri müşayiət edən fotoşəkillərin Məzrəli kənd tam orta məktəbinə aidiyyatı yoxdur. Fotoda göstərilən məktəb ümumiyyətlə, Saatlı rayonuna aid deyil”.
Günel Türksoy