Süpürgəçi də imtahanla götürüləcək...

supurgeci-de-imtahanla-goturulecek
Oxunma sayı: 2561

"Bəzi hallarda hansısa bir dövlət orqanının rəhbəri dəyişəndə hətta süpürgəçini dəyişməyə kimi gedirlər". "Qafqazinfo" xəbər verir ki, bunu femida.az-a açıqlamasında "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib.

O bildirib ki, hər kəsin işə qəbul zamanı müsahibədən, müsabiqədən keçməsi yaxşı bir üsuldur. Çünki burada onun peşəkarlığını, ixtisas üzrə biliklərinin hansı səviyyədə olduğunu, davranışını müəyyənləşdirmək olur:

"Dövlət qulluğunda çalışan hər kəs — sürücüdən tutmuş nazirə kimi dövləti təmsil edir. Yardımçı vəzifələrə qəbul ilə bağlı test imtahanının keçirilməsi yaxşıdır. Burada sadə suallar olacaq. Bu qaydalar yeni işə qəbul olunanlara aid olacaq. Əvvəl işə qəbul edilənlərə aid ola bilməz". 

Ə.Nuriyevin sözlərinə görə, bəzi hallarda hansısa bir dövlət orqanının rəhbəri dəyişəndə hətta süpürgəçini dəyişməyə kimi gedirlər:

"Təəssüf ki, bəzi hallarda belə də olub. Amma imtahan olarsa, o zaman onun təminat sistemi yaranır, qanunvericilik ona qarant olur. Onun işdən çıxarılmasına yol verilmir. Görürsən ki, hansısa bir aparatın rəhbəri və yaxud da şöbə müdiri dəyişirsə, sürücünü də özü müəyyənləşdirir. Bu, düzgün deyil. Ona görə də ümumi davranış qaydalarına və konkret vəzifə funksiyalarına uyğun olaraq imtahandan keçmək normaldır. Bu, idarəetmə sisteminin təkmilləşdirilməsi ilə bağlı olan məsələdir, ayrı-ayrı şəxslərin iradəsindən asılılığın qarşısının alınmasına yönəlib".

Qeyd edək ki, katibə, kargüzar, sürücü və liftçilər dövlət qulluğuna testlə qəbul olunacaq. "Dövlət qulluğu haqqında" qanunun 28.3-cü maddəsinə əsasən, test imtahanından müəyyən edilmiş keçid balını toplayan şəxsə Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikat veriləcək. Nazirlər Kabinetinin təsdiqlədiyi yeni qaydaya əsasən, şəxs dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.