“Südçülük Sovxozu”nun palçıqlı küçələri - Bura Bakıdır+Video

sudculuk-sovxozunun-palciqli-kuceleri
Oxunma sayı: 3553

"Qafqazinfo" APA TV-nin Binə qəsəbəsinin "Südçülük Sovxozu"ndan hazırladığı reportajı təqdim edir:

"Südçülük Sovxozu"na aparan yolların bərbad olması bir yana, xüsusilə də qış aylarında yağan yağışlar nəticəsində yola yığılan su sakinlərə əməlli-başlı problemlər yaşadır.

Bizimlə söhbətində qismətinə "Südçülük Sovxozu"nda süd deyil, suyun içində yaşamaq düşən sakinlərin hamısı bir ağızdan bildirdilər ki, bu yol onların ailə büdcəsinə də öz təsirini göstərir. Sürücülər maşınlarını tez-tez təmir etməli, üstəlik, suyun içərisindən keçməklə məktəbə getmək məcburiyyətində qalan uşaqlarına yeni geyim almalı olurlar. Əraziyə işləyən ictimai nəqliyyatın vəziyyətindən söz saldıqda, sakinlər söylədi ki, nəinki ictimai nəqliyyat, yolların pis vəziyyətdə olmasına görə təcili yardım maşınları da əraziyə gəlməkdən imtina edir.

Seymur Səfərov, qəsəbə sakini: "Yolu görürsünüz nə vəziyyətdədir. Maşınla gedib-gəlmək olmur. Xəstəmiz var, uşaqlar dərsə gedə bilmir. Çəkərsiniz o tərəfdə, məktəbin yolu nə gündədir. Gedib-gəlmək mümkün deyil, buna bir əncam çəkilməlidir".

Vəli, qəsəbə sakini: "Bu yolları görürsünüz. Uşaqlarımızı məktəbə gətirəndə iki ayaqqabı almalıyıq: biri dizə qədər çəkmə, biri də məktəbdə geyinməli normal ayaqqabı. Çatdıra bilmirik. Mən xahiş edirəm ki, aidiyyəti orqanlar buna bir əncam çəksinlər. Belə olmaz axı. Biz XXI əsrdə yaşamırıq, XVI əsrdə yaşayırıq. Gedin dağ kəndlərinin yollarına baxın, dağ kəndlərinin yolları bizim yollarımızdan min dəfə yaxşıdır. Bu yolun yaxşı olduğu vaxt olmayıb".

Qəsəbənin adı olub, özü olmayan yolu məktəblilər üçün də əsl problemə çevrilib. Ərazidə çəkiliş aparan kameramızı görən şagirdlər də bizə yaxınlaşıb, yolun bərbad vəziyyətdə olması səbəbindən məktəbə gedib-gəlməyin çətinliyindən gileyləndilər.

Şagird: "Məktəbə gedəndə yol palçıqdır deyə üstümüz batır, ayağımız batır. Evdə də pul olmur ki, hər dəfə ayaqqabı alaq, üstümüzü təmizləyək. Yollar pis gündədir deyə, gedib-gəlmək çətinləşir".

Şagird: "Biz hər gün məktəbə gedib-gələndə yollara görə ayağımız batır. Bu da çətindir, ayaqqabı ala bilmirik, paltar yuyula bilmir. Dərsə gedəndə ayağımız batır. Biz də xahiş edirik ki, yolları düzəltsinlər, üstümüz, ayağımız batmasın".

Qəsəbə sakinləri deyir ki, dəfələrlə mövcud problemlə bağlı bələdiyyəyə müraciət etsələr də, bu yolla onları aydınlığa çıxaracaq bir kimsə yoxdur. Problemə aydınlıq gətirmək, eləcə də onun nə zaman aradan qaldırılacağını öyrənmək üçün bələdiyyə sədri Habil Həmidovla əlaqə saxladıq. Bələdiyyə sədri problemdən xəbərdar olduğunu bildirərək, onun aradan qaldırılması üçün yaxın zamanda tədbir görüləcəyini bildirdi: "Burda vətəndaşların özləri tərəfindən həyətlər qalxıb, yol qalıb aşağı səviyyədə. Orada da çirkab suların axması üçün heç bir xətt yoxdur. Dəfələrlə biz oranı düzəltmişik. İndi sadəcə olaraq, Binə qəsəbəsinə kommunikasiya xətlərinin çəkilməsi ilə əlaqədar yolun çəkilişi bir az gecikir. Qısa vaxtda həmin yol dövlət proqramına uyğun olaraq çəkiləcək".

Habil Həmidov yola indiyədək asfalt örtüyünün çəkilməməsini əraziyə çirkab suların yığılması ilə əlaqələndirdi: "Çirkab suyun içində bu dəqiqə biz ora nə asfalt tökə bilirik, nə də oradan suyu çəkməyə bir texnikamız var. Bu işlərin başa çatması dövlət proqramına uyğun olmalıdır. Amma sabah, o biri gün bir balaca hava açılsa, biz öz daxili imkanlarımızla düzəldərik ki, heç olmasa, camaatın gediş-gəlişi asan olsun".

Son olaraq biz də ümid edirik ki, yaxın gələcəkdə bu ərazidə yaşayan sakinlərin yolu nəhayət ki, aydınlığa çıxacaq.