SOCAR onlara 1 miyon ödədi - İlk dəfə

socar-onlara-1-miyon-odedi
Oxunma sayı: 3702

Bu gün SOCAR İstiqrazları üzrə ilk faiz ödənişinin həyata keçirilməsi münasibətilə SOCAR-ın baş ofisində - SOCAR TOWER-da mətbuat konfransı keçirilib.

"Qafqazinfo" xəbər verir ki, mətbuat konfransında SOCAR-ın və onun struktur bölməsi olan «SOCAR Capital» şirkətinin rəhbərliyi iştirak edib.

«SOCAR Capital» şirkətinin Müşahidə Şurasının sədri SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov bildirib ki, SOCAR İstiqrazlarının buraxılması və təkrar bazarda tədavülü SOCAR-ın maliyyə mənbələrini şaxələndirməklə yanaşı, ölkə vətəndaşlarının vəsaitlərinin daha səmərəli istifadəsinə və Azərbaycanın qiymətli kağızlar bazarının inkişafına ciddi dəstək olub. «SOCAR İstiqrazlarının buraxılması ilə əhalinin yığımlarının iqtisadi proseslərə cəlb olunması və istifadəsiz vəsaitlərin öz sahiblərinə fayda gətirməsi üçün əlverişli imkan yaradılıb. Nəticədə, istiqrazlara yatırılan vəsaitlər bu gün öz sahiblərinə ilk gəlirlərini gətirib» - deyə S.Qasımov bildirib.

Mətbuat konfransında bildirilib ki, yanvarın 17-də həyata keçirilən faiz ödənişi çərçivəsində SOCAR İstiqrazlarının sahiblərinə ümumilikdə 1 milyon 250 min ABŞ dolları həcmində faiz ödənilib. Bu vəsait istiqraz sahiblərinin bank hesablarına artıq köçürülüb və vətəndaşlar bu pulları istədikləri kimi istifadə edə bilərlər.

Mətbuat konfransında bildirilib ki, SOCAR İstiqrazlarının buraxılmasından əldə edilən vəsaitlər şirkətin maliyyələşmə imkanlarının şaxələndirilməsi, xaricə faiz ödənişlərinin azaldılması və faizlərin xaricə deyil, ölkə daxilinə, ölkə vətəndaşlarına ödənilməsi üçün istifadə edilib.

Mətbuat nümayəndələrinin suallarına cavab verən SOCAR-ın qiymətli kağızlarının emissiyası üzrə baş məsləhətçisi və “SOCAR Capital” şirkətinin Məsləhət Şurasının üzvü Əli Ağaoğlu bildirib ki, hazırda SOCAR İstiqrazları üzrə investorlara təklif olunan şərtlər nəinki Azərbaycanda, hətta bütün regionda ən əlverişli şərtlər sayıla bilər. «SOCAR bəyan edib ki, istiqraz sahiblərindən bu kağızları istənilən vaxt nominal qiymətə, yəni 1000 dollara almağa hazırdır. Bu şərtlər investorlar üçün 100%-lik zəmanət deməkdir və indiyədək heç bir istiqraz buraxılışında belə bir zəmanət tətbiq olunmayıb».