Rusiya-Ermənistan əməkdaşlığına - Azərbaycandan sərt reaksiya

rusiya-ermenistan-emekdasligina-
Oxunma sayı: 3436

“Rusiyanın Ermənistanla birgə qoşun qruplaşması yaratması Dağlıq Qarabağ münaqişəsinin uzanmasına xidmət edən bir addımdır”.

Bunu “Qafqazinfo”ya açıqlamasında YAP-çı millət vəkili Siyavuş Novruzov deyib.

O bildirib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir, Ermənistan isə Azərbaycan torpaqlarını işğal etmiş ölkədir: “Belə olan halda belə bir qoşun növünün yaradılması münaqişənin uzanmasına xidmət edəcək. Problemin həllinə maneə yaradacaq. Həmçinin regionda gərginlik yaradan amilə çevriləcək. Digər tərəfdən isə, Ermənistan Rusiya ilə birgə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Azərbaycan bu təşkilata üzv deyil. Çünki Azərbaycan işğalçı dövlət ilə eyni qoşun növlərinin yaradılmasında, təhlükəsizlik sistemində iştirak edə bilməz. Buna görə də Azərbaycan Vahid Gömrük Sisteminə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmayıb”.

Millət vəkili Fəzail Ağamalı “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, Ermənistan zamanla Rusiyanın hüquqi bir əyalətinə çevrilib: “Bununla yanaşı, birgə qoşun növlərinin yaradılmasının  Dağlıq Qarabağ probleminə bu və ya digər şəkildə təsir edəcəyini gözləmirəm. Azərbaycan hərbi əməliyyatlara başlayarsa, bu onun dünya miqyasında BMT tərəfindən tanınan ərazilərimizdə təmizləmə siyasəti həyata keçirəcək. İşğalçıya qarşı müharibə Azərbaycanın ərazisində gedəcək. Belə olan halda bu qoşun növləri Dağlıq Qarabağda heç  bir halda müharibəyə qoşula bilməz. Bu, birbaşa Azərbaycana təcavüz kimi qiymətləndirilə bilər. Rusiyanın buna gedəcəyini güman etmirəm. O zaman təhlükə ola bilər ki, Rusiya öz  hərbi qoşunlarını, əsgərlərinin üzərinə Ermənistan atributları qoyaraq Qarabağa göndərsin. Rusiya zamanla qaydalara zidd addımlar atıb.  Krımı işğal edib, Abxaziya və Osetiyanı ələ keçirib. Ona görə də Rusiya ilə münasibətləri normal saxlamaqla bərabər hərbi qüdrətimizi də gücləndirməliyik”.

Günel Türksoy