Polis rəisindən kurqanda qızıl axtaranlarla bağlı - Açıqlama

polis-reisinden-kurqanda-qizil-axtaranlarla-bagli-
Oxunma sayı: 2781

Şəki Şəhər Polis Şöbəsinin rəisi, polkovnik Əbülfət Rzayev Şəkidə tarixi abidə olan kurqandan qızıl oğurlanması ilə bağlı məsələyə aydınlıq gətirib.

Polkovnik Ə.Rzayev “Qafqazinfo”ya açıqlamasında qazıntı aparan şəxslərin kimliyinin müəyyənləşməsi üçün araşdırma aparıldığını bildirib:

“Kəndə gedən yolun kənarında boş torpaq sahəsidir. Dünən bizə məlumat verildi. İlkin məlumatda bildirildi ki, həmin ərazidə qədim qəbiristanlıq yerləşib.

Əməkdaşlarımız hadisə yerinə cəlb olunub, tədqiqat aparılır. Ərazidə Şəki İcra Hakimiyyətinin Tarixi Abidələr İdarəsi , AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları də əraziyə cəlb olunub və araşdırma aparılır. İlkin məlumata görə, qazıntı aparılan yerdə tarixi abidə olmayıb.

Sadəcə köhnə qəbiristanlıq olub. Yeri qazan naməlum şəxslər isə həmin yerdən qiymətli əşyalar tapmayıblar. Güman ki, həmin şəxslər orada hansısa obyekt tikmək üçün qazıntı aparıblar. Çünki yer təxminən 50 sm qazılıb. Həmçinin ərazi boş sahədir, ətrafda da heç bir tarixi abidə yoxdur”.

Qeyd edək ki, yayılan məlumata görə, Şəkinin Cəfərabad kəndində yerləşən kurqanda qızıl axtaran naməlum şəxslər tərəfindən qanunsuz qazıntı işləri aparılıb.

Murad Əhməd