“Partlayış oldu, qaynar su salona sıçradı”

partlayis-oldu-qaynar-su-salona-sicradi
Oxunma sayı: 1352

"Avtobusun radiatorunda partlayış oldu, qaynar su salona sıçradı".

"Qafqazinfo" xəbər verir ki, bunu "Report"un Şimal bürosunun müxbirinə Bakı-Nabran sərnişin avtobusunun sürücüsü Zakir Abdullayev deyib.

Sürücü bildirib ki, radiatorda partlayış avtobus hərəkətdə olan zaman baş verib: "Radiatorda baş verən partlayış zamanı avtobusun salonuna qaynar su sıçradı. Məlum oldu ki, radiatorun şlanqı partlayıb. Bu zaman salonda olan sərnişinlərdən biri qadın və biri kişi olmaqla iki nəfər yanıq xəsarətləri aldı. Digər sərnişinlərdən üç qadın isə yüngül yanıq xəsarətləri alıb. Mən yaralıları dərhal taksi ilə Xudat şəhər Mərkəzi Xəstəxanasına yola saldım. Yaralıların xəstəxanaya gedib-getmədiklərini bilmirəm".

Sürücü əlavə edib ki, avtobusda yaranan nasazlığı aradan qaldırmaq üçün rayon mərkəzindən usta çağırılıb.

Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı hadisə ilə bağlı açıqlamasında bildirib ki, Bakı-Nabran istiqamətində hərəkət edən mikroavtobus Bakı Beynəlxalq Avtovağzalından çıxarkən saz vəziyyətdə olub: "Lakin yolda avtobusun radiatorunun şlanqı partlayıb. Sərnişinlər avtobusdan təxliyyə olunublar və başqa bir avtobusla yollarına davam ediblər. Ciddi bir hal baş verməyib, avtobus təmir üçün nəzarətə götürülüb. Qeyd edək ki, yolda baş verən hər hansı bir hadisəyə görə məsuliyyəti nəqliyyat vasitəsinin məxsus olduğu şirkət daşıyır".

Qeyd edək ki, Zakir Abdullayevin idarə etdiyi "Hundai" markalı, 27-TA- 036 dövlət qeydiyyat nömrə nişanlı, Bakı-Nabran marşurut xətti ilə sərnişin daşıyan avtobusun radiatorunda partlayış baş verib və qaynar su salona sıçrayıb. Nəticədə 5 sərnişin xəsarət alıb.