Parkdan keçənləri “Qızlar mahnısı” ilə salamlayır... - Video

parkdan-kecenleri-qizlar-mahnisi-ile-salamlayir
Oxunma sayı: 2543

Ötən gün təsadüfən yolum Ayna Sultanovadan düşəndə parkdan gözəl musiqi səsi gəlirdi. Tək-tük adamın gözə dəydiyi bu yerdə səliqəli geyimli bir nəfər həvəslə qarmon çalır, kimsə yaxınlaşan zaman alətin “qarmoşka”sını daha böyük açıb yığırdı. Bizi görüb gülümsədi və şərəfimizə “Qızlar mahnısı”nı ifa etməyə başladı. Bir az dinlədikdən sonra jurnalist olduğumu, bir-iki kəlmə haqqında yazmaq istədiyimi bildirdim.

“Neynirsən e yazıb, mahnıya qulaq as, feyziyab ol”-, deyib növbəti mahnısına keçid etdi. Mən də arxada əyləşib parka nəzər saldım. Ayna Sultanova parkını uşaqlığımdan çox yaxşı xatırlayıram. Hər yay Bakıya gedəcəyimizi biləndə sevimli məkanım xəyalımda paytaxtın əsas simvolu kimi canlanırdı: “Bakıya gediriksə, deməli, o parka da baş çəkəcəm. Ətrafda mənim kimi yüzlərlə uşaq qaçacaq, yelləncəkdə hər dəfə daha yüksəyə qalxdığımda xəyallarıma bir az daha yaxınlaşacam, çoxlu pambıq yeyib, maşın sürəcəyəm”.

İndi isə tənha skamyalar, harasa tələsən insanlar və həzin musiqi səsindən başqa bir şey nəzərimə çarpmır. Deyəsən, parkım qocalıb. Fikir vermişəm, parkdan daha əvvəlki tək uşaq səsləri gəlmir, yelləncəklər də boşalıb. Başqaları ilə oturmaq üçün dava etdiyimiz skamyalar da illər ötdükcə çürüyüb, hətta bəziləri yararsız vəziyyətə düşüb. Bilmirəm ya diqqətdən yayınıb, ya da parkı mərmərlə bəzəməyə imkan olmayıb… Ancaq yaxşı ki, olmayıb. Çünki bircə o xüsusiyyətinə görə yaşıllığın qoynundakı bu kasıb park öz təbiiliyini itirməyib.

Xəyallardan ayrılıb qarmon ifaçısını necə danışdıra biləcəyimi fikirləşirəm. Dayı çox səliqəli geyinmişdi, gülüşündən, baxışından bilinirdi ki, çox nəzakətli insandır. Elə mən də ondan birinci insanları soruşdum.

“Demək olar ki, adam yoxdur. Yola bir baxın, o boyda yol bomboşdur. 5 dəqiqədən bir 2-3 nəfər keçər, ya keçməz. Qışdır da. Yayda yaxşı adam olur. Gəlib yığışırlar başıma, mən qarmon çalıram, kimisi oxuyur, kimisi də əl çalır. Bir də baxdın ki, mahnı birinin sümüyünə düşür, başlayır oynamağa. Həm onlar əylənir, həm mən. Vaxtın necə keçdiyini heç özüm də bilmirəm. Qış aylarında isə bir tərəfdən soyuq, bir tərəfdən də sakitlik olduğu üçün vaxt keçmək bilmir. Ancaq bir şey gözəldir ki, parkın düz başından ayağına kimi qarmon səsi yayılır, musiqi insanları uzaqdan çəkib yanıma gətirir, elə sizin kimi”.

Çox düz deyir, bizim də məqsədimiz tamam başqaydı, belə havada küçəyə çıxdığımız üçün deyinərək yoldan keçirdik. Bir də gördük, artıq parkdayıq, musiqi bizi necə ovsunlayıbsa, skamyaların birində əyləşib ona qulaq asırıq. Dayı parka gəlib gedənləri də yaxşı tanıyır:

“Hər gün axşam 8-dən 11-ə kimi burada oluram, ancaq sizi birinci dəfə görürəm. Yəqin ki, tez-tez gəlmirsiz”.

İlin bütün fəsillərində parka sığınan qarmonçalanla tanışlığım təxminən bir saat çəkdi…İstəyirəm ki, siz də onu tanıyasız…

Günel Hacı