“O bacılar küçənin ortasında məni döyüb, söyüblər” - Foto

o-bacilar-kucenin-ortasinda-meni-doyub-soyubler
Oxunma sayı: 2391

Şirvan şəhəri S.Zeynalov küç, ev 18, mənzil 1-də yaşayan İbrahimova Ülviyyə yoldaşına məxsus olan çayxananın qarşısında qanunsuz köşkün qoyulmasından şikayətçidir.

Ü. İbrahimova “Qafqazinfo”ya müraciətində qeyd edib ki, mərhum əri 1997-ci ildə Hacıqabul rayonu M. Həmidov küçəsində çayxana alıb: “Yoldaşım vəfat etdikdən sonra çayxananı bir Hacıqabul sakini işlədir. Qazandığı puldan hər ay mənə də verir. Ancaq elə həmin rayon sakini olan Ofeliya və Sevinc Cəbrayılova bacıları bizə qanuni obyektimizi işlətməyə icazə vermirlər. Çayxananın qabağına 3 ədəd böyük vanna qoyub balıq satırlar. Hələ bu azmış kimi 3 həftə olar ki, çayxananın qarşısındakı ağacları kəsib, gülləri çıxardıb və yerinə köşk qoyublar. Dəfələrlə küçənin ortasında üstümə hücum çəkərək məni döyüb, söyüblər. Özümü, cavan dünyasını dəyişən yoldaşımın qəbrini söyürlər”.

Ülviyyə İbrahimova bildirib ki, problemlə bağlı Hacıqabul polis şöbəsinə dəfələrlə şikayət edib:

“Ancaq polislər də ona heç nə deyə bilmir. Çünki Ofeliya Cəbrayılova şəhid bacısı adından istifadə edərək hər kəsi hədələyir. Bu bacılar şəhid olan qardaşlarının adından istifadə edib polisə, icra hakimiyyətinə meydan oxuyurlar. Ailəmizin mülkü olan obyektimizə bunların əlindən gedə bilmirəm. Hər an məni öldürə bilərlər. Bir il bundan əvvəl Sevinc Cəbrayılova obyektimin stollarını sındırdığına görə onu məhkəməyə verdim. Onu 100 manat cərimə etdilər. Məndən sonra başqa şəxslərlə də 6 dəfə məhkəməyə düşüb. Əlaqədar qurumlardan xahiş edirəm ki, mənə bu bacılardan obyektimi qorumağa kömək etsinlər”.

Günel Türksoy