Nazirliklə məzun arasında diplom qalmaqalı

nazirlikle-mezun-arasinda-diplom-qalmaqali
Oxunma sayı: 4126

“Dağıstan Dövlət Pedaqoji Universitetinin hüquq fakültəsindən aldığım diplom beynəlxalq qaydalara əsasən Appostolla təsdiq olunub, ancaq Təhsil Nazirliyi təsdiq etmir”.

Bu sözləri Dağıstan Dövlət Pedaqoji Universitetinin məzunu Orxan Məmmədov “Qafqazinfo”ya şikayəti zamanı deyib. O bildirib ki, nazirlikdən diplomun tanınmamasına səbəb kimi Nazirlər Kabinetinin 13.05.2003-cü il 64 saylı qərarın 3.7 və 3.6 maddələrini göstərirlər:

“Sözügedən maddələrdən 3.7-də deyilir ki, Azərbaycanda hüququn təhsil müddəti 5 il olduğu təqdirdə tələbə 4 il təhsil alıbsa, diplom təsdiq olunmur. Mən 1 il daha çox, yəni 6 il (2007-2013) oxumuşam. Bu maddə avtomatik olaraq mənə şamil edilə bilməz.

İkinci maddədə isə o nəzərdə tutulur ki, fakültənin qiyabi təhsil forması Azərbaycanda olmadığı təqdirdə tələbə xaricdə qiyabi təhsil alıbsa, diplom təsdiq olunmur. Hamı bilir ki, hazırda ölkəmizdə hüquq təhsili həm əyani, həm də qiyabi formada tədris olunur. Çox adam da elə hüquq təhsilini qiyabi alır. Bu maddələrin ikisi də mənə uyğunsuzdur. Nazirlikdə bir çox səlahiyyətli şəxsin qəbulunda olmuşam və bu sözləri onlara da demişəm. Düz dediyimi deyirlər, sonra da əlavə edirlər ki, biz təsdiq edə bilmərik”.

O. Məmmədov iddia edir ki, diplomunun təsdiq olunması üçün nazirlik əməkdaşı ondan 7 min manat pul istəiyib:

“Məni birinci dəfə Akreditasiya və Nostrifikasiya şöbəsinin əməkdaşı Səbinə Əlizadə qəbul elədi. Mənə dedi ki, burada hər şey ondan asılıdır. Söhbət əsnasında dedi ki, nazirliklə üzbəüzdə (konsul)lar var. Orada 7 mindən 15 min manata qədər bu məsələni həll edirlər.

Mən də bildirdim ki, oraya gedən, ya da bir qəpik verən deyiləm. Daha sonra nazirin müşaviri Samir Vəliyevlə görüşümüz daxili prosedurlar üçün lentə alınırdı. Həmin əsnada orada olan Səbinə Əlizadədən diplomun təsdiqi üçün pul istəyib-istəmədiyini soruşdum. Üzümə baxdı, heç nə demədi.
Daha sonra Samir Vəliyev əsəbiləşdi və mənə dedi ki, bundan sonra mən o diplomu görməyəcəm. Mən də məcbur qalıb mediaya üz tutmalı oldum”.

Qafqazinfo”nun əməkdaşı məsələylə bağlı Təhsil Nazirliyinə sorğu göndərsə də, məsələ ilə bağlı cavab verilməyib.

Günel Hacı