Nardarandakı məscidin axunduna hökm oxundu

nardarandaki-mescidin-axunduna-hokm-oxundu
Oxunma sayı: 2582

Bu gün Sabunçu Rayon Məhkəməsində Nardaran hadisələrində təqsirləndirilərək həbs edilən, özünü Nardarandakı Rəhimə Xanım Ziyarətgahının "Hüseyniyyə" məscidinin axundu kimi təqdim edən Hacı Nuhbala Rəhimovun məhkəməsi başa çatıb.

Qafqazinfo”nun Virtualaz.org-a istinadən xəbərinə görə, məhkəmənin hökmü ilə Nuhbala Rəhimov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, N.Rəhimov ötən il dekabrın 7-də Nardaran qəsəbəsində "Hüseyniyyə" məscidində saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinə aparılmış və Sabunçu Rayon Məhkəməsinin qərarı ilə barəsində 12 sutkalıq inzibati həbs qərarı çıxarılmışdı.

Daha sonra N.Rəhimov haqqındakı inzibati həbs tədbiri 4 aylıq qəbs qətimkan tədbirinə dəyişdirilmiş və o, Nardaran hadisələrilə bağlı təqsirli bilinərək başlanmış cinayət işinin istintaqına cəlb edilmişdi.

Xatırladaq ki, 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində "Müsəlman Birliyi" adlanan təşkilatın rəhbəri Taleh Bağırov və təşkilatın 13 üzvü saxlanılıb. Əməliyyat zamanı polislə təşkilat tərəfdarları arasında baş verən qarşıdurma zamanı ikisi polis olmaqla 6 nəfər həlak olub.