“Nala-mıxa vurmaq lazım deyil” - “Qəbələ”nin baş meneceri

nala-mixa-vurmaq-lazim-deyil
Oxunma sayı: 1376

Qəbələ”nin baş meneceri Zaur Əzizovun “Qafqazinfo”ya müsahibəsi

- Dünənki oyunda “Qəbələ” vacib xallar itirdi. Matçla bağlı fikirləriniz...

- Komandamız pis təsir bağışlamadı. Say üstünlüyümüzü əlimizdən alsalar da, oyun baxımından üstün tərəf idik. Təəssüf ki, sona qədər qələbə hesabını saxlaya bilmədik.

- “Qəbələ”nin hər oyununda hakimlərin ön planda olması artıq adət halını alıb. Dünən də hakim səhvlərinə görə, qələbəni əldən verdiz. Ümumiyyətlə, bunun səbəbi nədir?

- Oyundan öncə onsuz da bilirdik, bizi nələr gözləyir. Rəqib həftələrdi bu oyun üçün hazırlaşırdı. Əlavə olaraq, hakimlərin də köməyi ilə “Qəbələ” iki xaldan məhrum etdi. Mövsümün sonunda məhz bu bərabərliyə görə, çempionluq əldən gedəcək və hansisa zeynal bir şəhərin, bir çempionatın taleyiylə oynayıb, öz işinə davam edəcək. Halbuki bu Zeynalın tarixçəsini araşdıranda görürük ki, ötən mövsüm də “Qarabağ”la matçda adi oyun epizodunda Rəşad Sadiqova qırmızı vərəqə verdirdi, Bakıdakı oyunda rəqibin ofsayddan vurduğu qolu hesaba aldı. Dünən isə hər ikisini bir oyuna sığdırdı, həm oyunçumuza qırmızı vərəqə verildi, həm də ofsayddan vurulan qolu hesaba aldı. “Neftçi”AZAL matçlarından sonra belə bir halın baş verəcəyi gözlənilirdi.

- Yeri gəlmişkən, həmin oyunlarda da hakim səhvləri lehinizə olmuşdu...

- Klub mövqeyini bildirdi ki, bizə belə qələbə lazım deyil. Onsuz da bilirik ki, bunların arxasından nələr gələcək və gəlməkdədir. Ötən mövsüm komandamız hakim səhvlərindən ən az 15 xal itirmişdi, kubokun finalına da yenə hakim səhvlərinə görə çıxa bilməmişdik. Oyunların siyahısı da var, videoyazısı da. Amma klub hakimliyə qarşı bu cür sərt mövqe göstərməmişdi. Çünki biz komandamızın vəziyyətini də klub daxilində danışırıq və hətta etiraf edirdik ki, qızıl medallara layiq çıxış etmirik. Bu mövsüm vəziyyət fərqlidi. Nala-mıxa vurmaq lazım deyil, biz çempionluğa layiq komandayıq. Çempionat bu gün bitsə, əminliklə deyirik ki, biz çempion olmalıyıq amma neçənci yerdəyik? Niyə ikinci yerdəyik?

- Müzakirə olunan mövzulardan biri də, “Zirə”nin sizə qarşı xüsusi motivasiyasıdır...

- Kim bizi inandıra bilər ki, çempionat idman prinsipləri ilə keçir? 8 klub olan çempionatda bu bilirsiz nə deməkdir? Biz bu meydanda təkik və sona qədər mübarizə aparacağıq. Kənar müdaxilələr olmasa, 25-26 futbolçu, məşqçilərimiz, adminstratorlar, Məhəmmədi, Səbuhisi, Səmədi, klub rəhbərliyi mövsümün sonunda layiq olduğumuz qızıl medalları qazanacağıq. Amma hər belə oyun istər-istəməz motivasiyasını aşağı salır, neçə gün əsəb, stress deməkdir.