MTN generalının vəkili - “Mən axmaq deyiləm ki,..”

mtn-generalinin-vekili-
Oxunma sayı: 3729

Ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan generallarının vəkili barəsində yazılanlardan danışıb.

Qafqazinfo” xəbər verir ki, MTN-nin hazırda həbsdə olan generalları Akif Çovdarov və Teymur Quliyevin vəkili Arif Rəsulov onlardan birinə mobil telefon vermək istəyərkən saxlanılması və barəsində cinayət işi açılması barədə musavat.com-a açıqlama verib.

Vəkil A.Rəsulov barəsində yazılanların doğru olmadığını deyib: “Cinayət işi kimin barəsində açılırsa, həmin şəxs çağırılır və ifadəsi alınır. Sonra məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilir və ona qarşı ittiham elan edilir. Bəs necə cinayət işi açılıb ki, mənim xəbərim yoxdur?”.

Vəkil 15 gün əvvəl Bakı İstintaq Təcridxanasında olarkən üzərində mobil telefonun tapılması xəbərini təsdiqləyib. Lakin vəkil bunun səbəbini unutqanlıqla izah edib:

“Həmin gün istintaq hərəkəti ilə bağlı müstəntiq tərəfindən dəvət olunmuşam. Telefon isə üstümdə olub. Bunun da səbəbi unutqanlıq olub. 20 ildir işlətdiyim nömrəmdir. Mən axmaq deyiləm ki, aparıb həmin nömrəm olan telefonu məhkuma verim. Həmin zaman mən heç məhkumu görməmişdim. Gözləyirdim ki, məhkumu gətirəcəklər”.

Mətbuatda A.Rəsulovun Vəkillər Kollegiyasının sədri Azər Tağıyevin yaxın adamı olması haqda da məlumatlar yer alır. Vəkil “Mahmudov-Çovdarov” qruplaşması ilə əlaqəsinin olması haqda yazılanların yalan olduğunu qeyd edib.

Xatırladaq ki, Bakı İstintaq Təcridxanasında MTN-in Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyevlə görüş zamanı vəkil Arif Rəsulovun üzərinə baxış keçirilərkən onda mobil telefon aşkarlanması ilə bağlı məlumat yayılmışdı. Həmçinin vəkil barəsində Cinayət Məcəlləsinin 317-1.2-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi, eyni əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlandığı qeyd olunurdu.

Onu da əlavə edək ki, MTN-in Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyev “Mahmudov dəstəsi”nin ən əsas fiqurlarından biridir. T.Quliyevin “MTN çetesi”nin bütün əməllərindən xəbərdar olduğu, bütün danışıqların, telefon dinləmələrin məhz onun rəhbərliyi ilə həyata keçirildiyi qeyd edilir.